“Artıq yeni mexanizmlər tətbiq edilməlidir”

Aydın Mirzəzadə: “Vitse-prezidentlik institutunun yaradılması bir çox məsələləri Prezident səviyyəsində diqqətdə saxlamağa imkan verəcək”



Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihəyə rəy verilməsi üçün sənəd artıq Konstitusiya Məhkəməsinə təqdim edilib. Və göstərilib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin.

Təklif olunan dəyişikliklərin mahiyyətini açmaq məqsədilə millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrəndik. Referendumu müsbət qiymətləndirən deputat "Şərq”ə müsahibəsində bildirib ki, biz də bəzi inkişaf etmiş ölkələrin yolunu keçməliyik. Və eyni zamanda Azərbaycan dövlətçiliyinin inkişafına xeyir verəcək addımları qəbul etməliyik. Ona görə də təklif olunan dəyişikliklər 2 qrup məsələləri həll edəcək. Birincisi, demokratiyanın dərinləşməsi, insan hüquq və azadlıqlarının dövlət tərəfindən daha təminatlı olmasıdır. İkinci qrup isə dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsidir. Birinci qrup məsələlərə konkret olaraq insan hüquq və azadlıqlarının təminatı ilə bağlı dövlət təminatının daha da gücləndirilməsidir. Bu baxımdan bəzi maddələrdə bir sıra dəqiqliklər aparıldı. İkinci qrup dəyişikliklər isə dövlət idarəçiliyi ilə bağlı olan məsələlərdir. Bunların içərisində diqqəti cəlb edən Prezident seçkiləri üçün yaş məhdudiyyətinin götürülməsi, vitse-prezident institutlarının tətbiq edilməsi, parlamentin buraxılması məsələləridir.
- Prezident və deputatlar üçün müəyyən olunan yeni yaş senzi haqda nə düşünürsüz? Bu dəyişikliyin səmərəsi olacaqmı?
- Təklif olunan yeniliklər sırasında parlament üzvü və dövlət başçısı seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi məsələsi də yer alıb. Bu o demək deyil ki, 18 yaşı tamam olan hər bir kəs mütləq parlamentin üzvü seçiləcək. Amma bu hüquq ona veriləcək. Çünki cəmiyyətimizdə kifayət qədər təhsilli, enerjili, yeni ideyalarla çıxış edən gənclərimiz var. Onların potensialından faydalanmaq lazımdır. Həmçinin kimin parlamentdə təmsil olunacağı məsələsini seçkilər müəyyənləşdirir. Bir sıra hallarda gənclərin seçkidə bir neçə dəfə iştirak etməsi lazımdır ki, artıq seçki texnologiyaları və seçki prosesi təcrübəsi əldə etsinlər. Bu baxımdan yaş məhdudiyyətinin götürülməsini düzgün hesab edirəm.
- Şəxsi mülkiyyətə dövlət nəzarəti məsələsinin mahiyyəti nədən ibarətdir?
- Şəxsi mülkiyyətə nəzarətlə bağlı məsələlər Avropa təcrübəsindən götürülüb. Avropa ölkələrində, inkişaf etmiş ölkələrdə özünü doğrultduğuna görə, bu dəyişiklik Azərbaycanda da tətbiq oluna bilər. Edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşının hüquqlarını yüksək səviyyədə qoruyur. İkincisi isə cəmiyyətimizdə demokratik ab-havanı daha da gücləndirir. Bu da dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən irəli gələn məsələlərdir. Azərbaycanda Azərbaycan dövləti iqtisadiyyatda birbaşa iştirak etmir. Amma iqtisadiyyatın tənzimlənməsində tənzimləyici rol oynayır. İlk mərhələdə dövlət mülkiyyətinin özəlləşdirilməsi məsələsidir. Azərbaycanda artıq sahibkarlar sinfi meydana gəlib. Azərbaycanda artıq kiçik, orta və böyük mülkiyyətə malik olan qruplar meydana gəldi. Bunlar da Azərbaycan iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsində, cəmiyyətin sosial vəziyyətinin yaxşılaşmasında böyük rol oynayır. Cənab Prezident dəfələrlə özünün çıxışlarında bildirdi ki, bəzən kimlərsə, hansısa müəssisələri və böyük torpaq sahələrini əldə edir. Amma sonra onu istifadə etmir. Halbuki onların səmərəli istifadə edilməsi ölkədə iş yerlərinin yaradılmasına və büdcə daxilolmalarının artmasına səbəb olardı. Artıq dövlət konstitusion hüquq əldə edir ki, belə olan halda həmin mülkiyyət məhkəmə yolu ilə satışa çıxarılsın. Hər bir iri sahibkar bilməlidir ki, dövlətdən əldə etdiyi mülkiyyəti istifadə etmirsə, dövlət həmin mülkiyyətin sonrakı taleyi ilə bağlı qərar qəbul edə bilər. Amma bu, yalnız dövlətdən əldə edilən mülkiyyətə aiddir. Şəxsi firma sahibinin özünün əldə edib istifadə etmədiyi mülkiyyətin hüququ isə yenə firma sahibinin özündə qalır.
- Birinci vitse-prezident və vitse-prezidentlər statuslarının yaradılması məsələsi hansı zərurətdən doğdu?
- Öncə qeyd edim ki, 1991-ci ildə müstəqilliyimizi bərpa edəndə 7 milyona yaxın əhalimiz vardı. Artıq əhalimiz sürətlə artaraq 10 milyona yaxınlaşıb. Biz əhalisi çox olan dövlətlər qrupuna daxil olduq. Böyük bir əhalisi olan ölkənin idarə edilməsində artıq yeni mexanizmlər tətbiq edilməlidir. Vitse-prezidentlik institutunun yaradılması bir çox məsələləri Prezident səviyyəsində diqqətdə saxlamağa imkan verəcək. Çünki vitse-prezidentlər ümumi məsələlər üzrə fəaliyyət göstərəcək. Konkret istiqamətlər olacaq. İqtisadi islahatlar, xarici siyasət, ictimai-siyasi məsələlər, hərbi quruculuq məsələləri üzrə strateji layihələr üzrə çalışacaqlar. Onların səlahiyyətlərini artıq dövlət başçısının özü müəyyənləşdirəcək. Bütün məsələlər Prezidentdən sonra ikinci şəxs səviyyəsində ciddi nəzarət altında saxlanılacaq. Bu da məsələləri tez və günün tələblərinə uyğun şəkildə həll etməyə imkan verəcək.
- Eyni zamanda ölkə Prezidentinə parlamenti buraxmaq səlahiyyəti veriləcək. Bunu necə dəyərləndirirsiz?
- Hesab edirəm ki, bu çox düzgün addımdır. Biz Prezident respublikasıyıq. Prezident respublikalarının bir qayda olaraq parlamenti buraxmaq səlahiyyəti olur. Bu o demək deyil ki, Prezident istədiyi an parlamenti buraxa bilər. Bu halın hansı vəziyyətlərdə baş tutacağı artıq Konstitusiyada dəqiq göstəriləcək. Diqqətçəkən məsələlərdən biri də deputatın səlahiyyətdən məhrum edilməsidir. Birincisi, Azərbaycanda 25 il ərzində cəmisi bir neçə dəfə deputatın səlahiyyətindən məhrum edilməsi proseduru olub. Amma bu hal xarici ölkələrdə çox baş verir. Bu məsələdə yenilik deputatın öz vəzifələrini yerinə yetirmədikdə, həmçinin deputat etikasını pozması hallarında baş verir. Bu o deməkdir ki, deputat ona göstərilən etimadı doğrultmağı bacarmalıdır. Düzdü, Azərbaycan parlamentində belə hal yoxdur. Amma bununla belə mexanizm yaradılır ki, deputat davamlı olaraq statusuna uyğun olmayan hərəkətlər etdikdə, onun davranışı cəmiyyətdə böyük narazılıq doğurur. Artıq onun səlahiyyətindən məhrum edilməsi proseduru baş verir. Bunun prosedur qaydaları isə sonradan qanunlarımızda öz əksini daha dəqiq tapacaq. Ümumi götürdükdə dəyişikliklər günün tələbləridir. Bugünkü günün çağırışıdır. İlk reaksiyalar göstərir ki, cənab Prezidentin təklifləri cəmiyyətdə çox böyük maraq doğurur və dəstəklənir.
- İnsanlarda çaşqınlıq yaradan ifadələrlə bağlı da dəyişikliklər önə çəkilib. Bu, dəyişikliyə nə dərəcədə ehtiyac duyulurdu?
- Milliyyət sözü etnik sözü ilə əvəzlənməsi təklif olunur. Bu, texniki dəyişiklikdir. Bu, hər hansı bir xüsusi mahiyyət daşımır. Bu söz beynəlxalq hüquq terminologiyasına yaxınlaşır.
- Təkliflərdə ordumuzla bağlı da dəyişikliklər yer alıb. Bu yeniliklər nə vəd edir?
- Azərbaycan ordusu həmişə Azərbaycan dövlətçiliyinin keşiyində duran vacib bir dövlət təsisatıdır. Azərbaycan xalqı daim öz ordusu ilə fəxr edir. Konstitusiyada edilən dəyişiklik ilk növbədə ordunun hüquqi statusunun daha dəqiq göstərilməsi və siyasi hakimiyyətin ordu siyasəti arasında dəqiq sərhədin göstərilməsi ilə əlaqədardır.