Akif Nağı millət vəkili Elxan Süleymanova təşəkkür etdi
AŞ PA Sədarət Komitəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qərar qəbul edib.
Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. Deputat xatırladıb ki, o, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən D.Əsgərov və Ş.Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini AŞ PA-nın yanvar sessiyasında hazırlayaraq, qurumun katibliyinə təqdim edib. İclasda həmin sənədin "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənəd Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir. Sədarət Komitəsinin bu qərarı girovların məhkəmə hüququnun təmin edilməsinə dair AŞ PA-da qərar qəbul olunması üçün mühüm addım hesab olunur. Layihənin AŞ PA-ya təqdim olunmasına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deputat Elxan Süleymanova öz təşəkkürünü bildirib: "E.Süleymanov həqiqətən çox böyük fədakarlıq edib. O, daim belə məsələlərdə müsbət təşəbbüs irəli sürür. Belə işləri görmək heç də asan deyil. O qərarın hazırlanması və AŞ PA-ya təqdim edilməsi təqdirəlayiq haldır. Əgər layihə Sədarət Komitəsində qəbul olunubsa, onda plenar iclasdan keçmək şansı da çoxdur. Ancaq təbii ki, buna mane olanlar tapılacaq. Ermənilərin və onların mövqeyini müdafiə edən deputatlar lehimizə qərar verilməsinə mümkün qədər mane olmağa çalışacaqlar. Hər halda müsbət düşünmək ehtimalı böyükdür. Zənnimcə, bu qərar girovların azad edilməsi istiqamətində mühüm addım olacaq. Əlbəttə, qərardan sonra girovların birbaşa azad ediləcəyinə inam azdır”.
Layihədə "girovların ədalətli məhkəmə hüququnun təmin olunması” məsələsinə də toxunan A.Nağı deyib ki, girovlarımız heç bir cinayət törətməyiblər: "Onların qanunsuz saxlanılmasının özü mühakimə edilməsi zəruri olan məsələdir. Yəqin ki, ədalətli məhkəmə deyiləndə, bu nəzərdə tutulur”.
İsmayıl