Elçin Mirzəbəyli: “Bu olayın jurnalistika və mətbuatla əlaqəsi yoxdur”
Xəbər verdiyimiz kimi, "Asiya” İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov saxlanılıb. Hadisənin səbəbi, jurnalistin Masallı rayon sakini Sakit Məcidovu şantaj edərək külli miqdarda ABŞ dolları tələb etməsi ilə izah olunur.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan təhdid yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən dırnaqarası baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat istəyiblər.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər. Hazırda cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisəni dəyərləndirən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, cinayət faktıdır. Onun sözlərinə görə, bu olayın jurnalistika və mətbuatla əlaqəsi yoxdur: "Təəssüflər olsun ki, kimlərsə mətbuatın azadlığından öz maraqları üçün sui-istifadə edirlər. Belə insanların sayı kifayət qədərdir. Onların bəziləri ələ keçirlər, bəziləri isə vətəndaşların sayəsində fəaliyyətlərini davam etdirirlər. Məncə, problemlərin önlənməsi yönündə mətbuat maarifləndirici iş aparmalıdır. Doğrudur, həmin istiqamətdə addımlar atılır. Ayrı-ayrı bölgələrdə görüşlər keçirilir. Azərbaycanda peşəkar medianın kimlərdən ibarət olduğu barədə izahat verilir. Görünür ki, bu tədbirlər yetərli deyil. Bütövlükdə götürsək, qanun pozuntusuna yalnız jurnalistikada deyil, ayrı-ayrı peşə sahələrində də rast gəlinir. Digər müxtəlif peşə sahibləri arasında da öz vəzifəsindən sui-istifadə edənlər mövcuddur”.
Baş yazarın qənaətincə, əvvəllər belə hallara yazılı mətbuatda rast gəlirdiksə, indi internet mediada daha çox şahidi oluruq: "Oxşar eybəcərliklər təkcə informasiya agentliyi və qəzetlər tərəfindən törədilmir. Hətta sosial şəbəkələrdə də baş alıb gedir. Ayrı-ayrı insanların şəxsi həyatına müdaxilələr edilir. Kifayət qədər ciddi problemdir. Lokal deyil, qlobal məsələdir. İnformasiya texnologiyaları inkişaf etdikcə, az qala bütün bəşəriyyət bu təhülkə altında qalır. Görünür, məlum istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, cəzaların sərtləşdirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var”.
Ayyət Əhməd