“Ata balasını sata bilməz”

Lalə Mehralı: “Hüquqi müstəvidə araşdırılacaq mövzudur, əminəm ki, lazımi orqanlar ölçü götürəcək, təkrar baş verməyəcək”
Əhməd Qəşəmoğlu: “İnsanlar 3-4 aylıq körpəni abort etdirirsə, nə fərqi var, 40 günlük körpəni də sata bilir”


Azərbaycanda görülməmiş hadisə baş verib. Ata öz doğma övladını satışa çıxarıb. Onsuz da son illər ölkəmizdə eşitmədiyimiz, görmədiyimiz hadisələrə çox şahid oluruq. Hansısa bir təəccüblü hadisə barədə xəbər oxuduğumuz zaman hər halda bundan daha dəhşətlisi olmaz deyirik, lakin çox keçmədən daha bir analoqsuz olayın şahidi oluruq.

Gözlərimizə inanmayıb, təkrar oxuduğumuz növbəti xəbər isə 24 yaşlı atanın 40 günlük uşağını satışa çıxarması ilə bağlıdır. Orxan adlı şəxs "Qarabazar.az” saytında elan yerləşdirib: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə”.

"Borcun içində boğuluram. Uşağa baxa bilmirəm. İmkanım yoxdur. 40 günlükdür. Qiymətdə razılaşa bilərik. Hazırda uşağın qeydiyyatı 20 Yanvarda yerləşən Respublika Klinik Xəstəxanasındadı. Adına keçirə bilərəm”. İlk baxışdan bu elanın hər hansı bir mülk və ya əşya haqqında olduğu güman edilir. Ancaq əfsuslar olsun ki, bu sözlər də həmin atanın dilindən deyilib. Uşağa baxa bilmədiyi üçün körpəni 10 min dollara satmaq niyyətində olan ata artıq iş tapdığı üçün "lent.az”-a açıqlamasında fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. Əslən Tovuz rayonundan olan bu şəxs uşağını imkansızlıq səbəbindən satışa çıxardığını bəyan edərək özünə haqq qazandırır:
"Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi”.

Soyadını açıqlamaq istəməyən gənc əlavə edib ki, məsələ ictimailəşəndən sonra yaxın dostu ona kömək edəcəyinə söz verib: 

"Bir dostum var, tez gəldi, mənə şillə vurdu. Dedi, sənin başın xarab olub? Səni tuta bilərlər. Ev sahibini çağırıb kirayə pulumu verdi. Mən də tutduğum əməldən peşman oldum, indi internet-kluba gedirəm, elanı çıxardacağam”.

Övladını satışa çıxaran ataya həmin dostu avtoyuma məntəqəsində fəhləlik işi təklif edib və sabahdan maşın yuyub pul qazanacaq: "Mənim gündəlik qazancım olsa, evə çörək apara bilsəm, heç vaxt belə bir iş tutmazdım”.

"Sağlam Cəmiyyət” İB-nin sədri, sosioloq-jurnalist Lalə Mehralı hesab edir ki, maddi problemə görə ailəsinə baxa bilmədiyini iddia edənlərin planlamasına əməl etməsi şərtdir. Axı məntiqlə maddi sıxıntı yaşayan ailə 1-2 uşaqla kifayətlənməlidir, amma kasıb olduğunu deyən əksər ailələrə baxsaq, ən az 3-4 uşaq var. Əgər baxa bilmirsənsə, niyə dünyaya gətirirsən? Bu kobud səslənə bilər, amma o körpələrin ehtiyac içində böyüməsi daha kədərlidir. Qaldı ki övladını satışa çıxaran kəsə, bu dediklərim eynilə onun üçün də keçərlidir. Baxımsızlıqdan övladını əşya kimi satan ata ikinci övladını dünyaya gətirmək üçün niyə bu qədər tələsib? 

Əgər baxa bilmirsənsə, ver dövlətin himayəsinə. Vermir, deməli, satışda məqsəd körpəyə baxa bilməməkləri yox, onu satıb maddi vəziyyətini yoluna qoymaqdan ibarətdir.
Əgər siz bir pişiyin, bir itin balasını, ən sadəsi bir toyuğun yanından balaca cücəsini götürmək istəsəniz, onun sizə verdiyi reaksiyanı təxmin edin, təsəvvür edin. Əlinizi cırmaqlayacaq, tüklərini qabardacaq, amma balasını verməyəcək. Yaradılışın ən mükəmməl canlısı adlandırılan insan isə öz balasını əşya kimi satır. Kimlərsə bunu çıxılmaz vəziyyətdə olması ilə əlaqələndirəcək, kimlərsə uşağın həyatının qurtulması kimi göstərəcək. Mən burda bir şey görürəm - hissini, duyğusunu itirmiş bir adam və onun ailəsində doğulmuş günahsız körpə. Əl boyda körpə üzərindən biznes edən, maddi imkanını düzəltmək istəyən biri ata ola bilməz. Ata balasını sata bilməz”.

Azərbaycanın hüquqi dövlət olduğunu xatırladan sosioloq dövlətin nəzdində körpələr evləri, internatlar olduğunu da qeyd edib: "Övladına baxa bilməyən ata onu dövlətin himayəsinə verə, istədiyi zaman gedib görə bilər. 10 min dollar müqabilində satmaq istədiyi balasının kimin əlinə düşəcəyini, hansı şərtlərdə böyüdüləcəyini bilməyəcək üstəlik. Bütün hallarda hüquqi müstəvidə araşdırılacaq mövzudur, əminəm ki, lazımi orqanlar ölçü götürəcək, təkrar baş verməyəcək. Bu cür hadisələri ictimai qınaq obyekti etmək, ifşa etmək lazımdır ki, cəhd edən olmasın”.

"Ölkədə xoşagəlməyən nə baş verirsə, hamısının səbəbi mənəvi sahədə olan çatışmazlıqlardır”.
O vurğulayıb ki, maddi imkansızlıq övladın satılması üçün əsas deyil: "Tarix boyu insanlar həmin şəxsdən belə kasıb olub. Amma heç kim övladını satmağı ağlına gətirməyib. Bu adam tutduğu əmələ görə "tarixə düşüdü”. Övladına baxa bilməyən adam uzaq başı, onu bələyib, büküb məscidin, övladı olmayan insanların qapısına qoyurdular. Belə halın baş verməsi mənəvi sahədəki aşınmalarla bağlıdır. Tez-tez abort məsələsi gündəmə gəlir. Çoxu nahaqdan hay-küy salır ki, ölkədə qızlar azalır, oğlanlar evlənməyə qız tapmayacaq. Bu, əslində gülünc yanaşmadır. Statistikada qorxulu məqam yoxdur. Çünki oğlanların uzağı 10 faiz qızlardan çox olması lazımdır. 

Abort halları geniş yayıldıqca, insanlarda öz övladlarının qətli ilə bağlı qərar qəbul etmək formalaşır. İnsanlar 3-4 aylıq körpəni abort etdirirsə, nə fərqi var, 40 günlük körpəni də sata bilir. Üstəlik pul da qazanır. Mənəvi cəhətdən övlada qarşı etinasızlıq o səviyyəyə gəlirsə, nəticəsi belə olur. Bu hadisələr ayrı-ayrı epizodlardır. Düşünürəm ki, mətbuat daha fərqli məqamlara diqqət etməli, ümumi yanaşmalıdır. Cəmiyyətdə mənəviyyatın üstünlüyünə çalışmaq lazımdır. Heç ağlımıza gəlməyən eybəcər hallarla tez-tez rastlaşa bilərik. Bütün bunlara gətirib çıxaran səbəbləri aradan qaldırmalıyıq”.

"Uşaq evinə qoymağı düşünürdüm”


Övladını satmaq üçün internet saytda elan yerləşdirən Orxan adlı şəxs "Sherg.az”a danışıb. O deyib ki, uşağını satmağı düşünməyib: "Mən sadəcə oğlumu uşaq evinə qoymağı düşünürdüm. Eşitmişdim ki, orada olsa həftəsonu görə bilərəm. Dedim, heç olmasa uşaq həftənin 5 günü ac qalmasın, qayğısına qalan olsun.
İnternet kluba getdim ki, uşağı necə uşaq evinə vermək lazımdır, öyrənim. Orada bir nəfər məni aldatdı, kömək edəcəyini deyib, telefonumdan uşağın şəkillərini götürdü. Amma mənim xəbərim yox idi ki, o şəkilləri internetə yerləşdirəcək. Həmin şəxsi axtarıram ki, hesablaşım”.

Şəymən