Aliment Fondunun yaradılması zəruri görünmür
Atanın günahını kim yuyur?
Tənha analara, onsuz da dövlət müavinət ödəyir
Aliment Fondunun yaradılması zəruri görünmür
Aliment Fondunun yaradılması zəruri görünmür
Ombudsman Aparatına ötən il daxil olan şikayətlərin çoxu alimentlərin ödənilməməsi ilə bağlıdır. Bu barədə Ombudsman Aparatının illik hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, bəzən borclu tərəfin işləməməsi və ya onun digər gəlirlərinin müəyyən edilməməsi səbəbindən alimentin ödənilməsində çətinlik yaranıb və ödəniş təmin edilməyib. Ombudsman Aparatı alimentə təminat vasitəsi kimi ehtiyacı olan qadınların vəziyyətini nəzərə alaraq Aliment Fondunun yaradılmasını zəruri hesab edir.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində Ədliyyə Nazirliyi 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olduğunu, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edildiyinə dair açıqlama vermişdi. Bu məlumata əsasən demək olur ki, alimentdən yayınma halları artmaqdadır və "qaçaq atalar” sindromu yaranmaqdadır.
Problemə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızının münasibətini öyrəndik. Xanım millət vəkili qeyd etdi ki, tənha analara, onsuz da dövlət müavinət ödəyir, bu mənada Aliment Fondunun yaradılması zəruri görünmür:
- Əgər ata övladına baxmaqdan imtina edirsə, o insan mənəviyyatsızdır. Uşağa baxmaq onun borcudur. Həm mənəvi borcudur, həm də hüquqi vəzifəsidir. Əgər ata aliment ödəməkdən qaçırsa, tapılmırsa, bunun çarəsi var. Belə olduqda qadın tənha ana kimi qeydiyyata alınır və ona hökumət müavinət ödəyir. Yəni, hökumət qadını - ananı taleyin ümidinə buraxmır. Qadın tənha ana kimi müavinət alır. Amma bu, o demək deyil ki, aliment ödəməkdən imtina edən kişinin axtarışı aparılmır. Əgər o şəxs ölkə daxilindədirsə, hüquq-mühafizə orqanları onu mütləq tapacaqlar və məsuliyyətə cəlb edəcəklər. Amma ölkə xaricindədirsə, başqa dövlətin ərazisində yaşayırsa, bu zaman məsələ çətinləşir. Tutalım, Rusiyadadırsa, ora böyük ölkədir, kimisə axtarışa vermək və tapmaq əlbəttə, bir qədər çətindir. Bilirsiz ki, orada çox insan qeydiyyatsız yaşayır, miqrant həyatı sürür. Buna görə də ölkə xaricində olan şəxsləri məsuliyyətə cəlb etməkdə problemlər yaranır. Mən əsasən iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi, vətəndaş nikahları ilə bağlıdır. Son vaxtlar, bəzən, vətəndaş nikahı təbliğ olunur, mən bunun əleyhinəyəm. Çünki vətəndaş nikahını təbliğ etmək Azərbaycanın ailə institutunun dağılmasına gətirib çıxarır. Avropanın lazımsız dəyərlərini biz özümüzə sırımamalıyıq. Vətəndaş nikahının mənfi tərəfi həm də bundadır ki, qanuni nikah bağlanmır, amma uşaq dünyaya gəlir, sonra da qadın hüquqlarını qorumaq üçün məhkəmələrə baş vurmağa başlayır, amma rəsmi nikah olmadığından problemi hüquqi müstəvidə həll etmək də çətinlik yaradır. Düzdür, heç kim boşanmadan, ailəsinin dağılmasından sığortalanmayıb. Bəzən illərlə birgə yaşayan, rəsmi nikahda olan şəxslər də boşanır. Amma burada qadının hüquqlarını müdafiə etməsi daha asan olur, çünki ortada hüquqi sənəd var. Ona görə də mən gənc qızlarımızı, həmçinin oğlanlarımızı da vətəndaş nikahından qorunmağa çağırıram. İkinci məsələ, faktiki gəlirlərin gizlədilməsidir. Baxırsan kişinin çox gözəl imkanları var, amma qeydiyyata alınmadığı üçün alimentin miqdarı da az müəyyənləşir. Real gəlirlərin gizlədilməsi hesabına aliment miqdarı faktiki gəlirdən az hesablanır. Bəzən hətta kişilər alimentdən qaçmaq üçün özlərini işsiz kimi qələmə verir, işsiz kimi qeydiyyata düşürlər. Bunu da əlaqədar qurumlar üzə çıxarmalı, həmin şəxsi məsuliyyətə cəlb etməlidirlər. Başqa bir problem boşanma baş verdikdən sonra qadının təminatı məsələsidir. Çox zaman belə halın şahidi oluruq ki, boşanmış qadınlara əvvəlcə yaşadığı mənzildə, evdə bir künc ayrılır. Axı, bu qadın həmin mənzildə necə yaşaya bilər?! Bu zəmində bəzən məişət zorakılıqları baş verir, kişi ikinci dəfə ailə qurur, həmin qadını da o mənzilə gətirir, əvvəlki xanım da həmin mənzildə yaşayırsa, əlbəttə, münaqişələrin olacağı gözləniləndir. Biz tənha qadınların, boşanmış qadınların sonrakı taleyi, onların özlərini təmin edə bilmələri üçün hələ bir mexanizm tapa bilməmişik. Qadınlarımızda da günah var ki, gəlin gedəcəkləri ailəyə bələd olmurlar. Öz hüquqlarını bilmirlər. Qadın bilmir ki, hara, hansı ünvana gedir, o evdə onun nə payı var. Ailələr də maddi imkanlarını gizlədir. Boşanma olduqda, deyirlər, ev bizim deyil, kiminsə başqa şəxsin mülkü olduğunu bildirirlər. Beləliklə, qadın mülkiyyətdən məhrum vəziyyətə düşür. Biz hüquqi dövlət qururuq, bu dövlətdə hamı öz hüququnu bilməli və problemlərin hüquqi yolla həllini təmin etmək üçün də müvafiq qanunvericilik bazası olmalıdır. Bəzən Aliment Fondunun yaradılması ideyası irəli sürülür, amma mən buna lüzum görmürəm.
Çünki hökumət onsuz da tənha analara ödənməyən alimentin əvəzinə müavinət ödəyir. Bu, mənim şəxsi fikrimdir.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə Aliment Fondunun yaradılmasını lazım bilir. "Şərq”ə açıqlamasında M.Zeynalova qeyd etdi ki, Ombudsman Aparatının təklifini dəstəklədiyini bildirdi.
- Qanunvericilik təkcə rəsmi nikahı olmuş qadınlara deyil, hətta vətəndaş nikahı ilə birgə yaşayış dövrü keçirilməsi halında da uşağa aliment kəsilməsini təmin edir. Burada yalnız atalığın müəyyən edilməsi gərəkdir. Əgər atalıq müəyyən edilirsə, kişi ilə rəsmi nikahı olmayan qadına da körpəyə görə aliment ödənməsinə qərar verilir. Yəni qanun qadının tərəfindədir. Problem işin icrası ilə bağlıdır. Bu da ondan yaranır ki, kişilər alimentdən qaçmaqdan ötrü çox zaman özlərini işsiz kimi təqdim edir, yaxud da iş yerlərini gizlədirlər. İşsiz ata Məşğulluq Mərkəzindən həqiqətən işsiz olduğunu təsdiq edən arayış təqdim etməlidir və idarədə qeydiyyata düşməlidir. Belədə ödəmə müddəti uzadıla bilər. Amma bu da müəyyən vaxtadək mümkündür. Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, 2 dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Ata hələ işə düzəlmədiyini əsas gətirib aliment ödəməkdən imtina da edə bilər. Bu zaman məcburi işəcəlbetmə reallaşa bilər. Amma bu da istismar xarakteri daşıdığından buna gedilmir. Məsələ burasındadır ki, insan yaşayırsa, deməli, hardansa gəliri var. Kimsə ona əl tutur, kömək edir, ailədə yaşayırsa, ailənin digər üzvlərinin gəliri var və s. Prosesi məhkəmə qərarlarının icrasına məsul olanlar daim diqqətdə saxlamalıdır. Atanın gəlir mənbəyi müəyyən edilməli və o, aliment ödəməyə məcbur edilməlidir. Bu isə çox zaman baş vermir və zərərçəkən də ana və körpə olur. Aliment ödənməsi problemində ən yaxşı üsul Aliment Fondunun yaradılması olardı. Bir ara bu məsələ gündəmə gəldi, amma nədənsə, sonra arxa plana keçdi. Aliment Fondunun yaradılması o baxımdan müsbət olardı ki, alimentdən yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə, borclar yığılıb qalır. Bu zaman hökumət strukturları fəaliyyətə keçir. "Qaçaq ata”nı axtarıb tapırlar və ondan dövlətə olan borcların ödənməsi tələb edilir. Amma mən deyərdim ki, alimentin ödənməsi hər şeydən əvvəl mənəvi bir məsələdir. Ata ilk növbədə övladını düşünüb, onun heç olmasa, minimum yaşayışını təmin etməyə borcludur. Bir ata kimi borcludur. Bir halda ki, atadan hökumət güclə aliment alır, onun özünü ata adlandırmağa mənəvi haqqı çatmır. Ancaq vəziyyət belə kritikdirsə və "atalar” get-gedə uşaqlarına çörəkpulu verməkdən yayınırlarsa, Aliment Fondunun yaradılması aktuallaşır və dövlət strukturlarının məsələyə ciddi müdaxilə etməsi zərurəti artır. Ümid edirik ki, Aliment Fondunun yaradılması tezliklə reallaşar.
Məlahət Rzayeva