Avropa bütün şərtlərə əməl edən hökumət görmək istəyir
AŞ PA-nın Türkiyəni siyasi nəzarət altına alması qərarı birdən-birə ortaya çıxmayıb
Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq prosesinə daxil edilməsi ilə bağlı qərarı qardaş ölkədə olduğu kimi, Azərbaycan ictimaiyyəti tərəfindən də narazılıqla qarşılanıb. Qərara etiraz edən hər kəs AŞ PA-nın mövqeyini müsəlman ölkəsi olan Türkiyəyə qarşı qərəzli münasibətin göstəricisi kimi qiymətləndirib. Həmçinin, qərarı islam ölkələrinə qarşı ikili standartlar siyasətinin daha bir nümunəsi hesab ediblər.
Türkiyəyə qarşı atılan addım beynəlxalq medianın da əsas müzakirə mövzusuna çevrilib. Müşahidələrə əsasən, beynəlxalq ictimai rəy əsasən bu qərarın ədalətsiz olmasından yanadır. Xatırladaq ki, sözügedən qərarın qəbulu zamanı AŞ PA-nın iclasında legitimlik təmin edilməyib. Assambleyanın 324 üzvündən cəmi 113 nəfər bu iclasda iştirak edib və qərar sadə səs çoxluğu ilə qəbul edilib. Göründüyü kimi, AŞ PA üzvlərinin çox az bir hissəsinin mövqeyi ilə Türkiyə kimi demokratik inkişaf yolu keçən bir dövlətə qarşı qərəzli addım atılıb.
Əslində son illərdə Türkiyə ilə bağlı baş verən bir sıra hadisələrin təhlili göstərir ki, qərarın qəbul edilməsi heç də birdən-birə ortaya çıxmayıb. Sonuncu hücum Qərb dövlətləri tərəfindən qardaş ölkəyə qarşı müntəzəm olaraq aparılan təzyiq kampaniyasının davamıdır. AŞ PA təmsilçiləri bu qərarın qəbul edilməsini Türkiyədə fövqəladə vəziyyət şəraitində referendum keçirilməsi ilə izah edirlər. Əlbəttə, bu açıqlama heç bir məntiqə sığmır. Əgər belə olsaydı, o halda Avropa İttifaqı Fransada keçirilən 23 aprel seçkilərinə də münasibət bildirməli idi. Ötən il Fransanın paytaxtında törədilən terror aktına görə bu ölkənin paytaxtında fövqəladə vəziyyət elan edilib və hazırda davam edir.
Belə olan halda haqlı olaraq sual yaranır. Eyni vəziyyətə görə Türkiyə haqqında qəbul edilən qərar Fransaya niyə tətbiq edilmir? Bu faktın özü qərarın qərəzli olduğunu və ikili standartlara əsaslandığını aşkar nümayiş etdirir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, AŞ PA-nın büdcəsinə ən çox ödəniş edən ölkələrdən biri Türkiyədir: "Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, verdikləri qərara görə peşman olacaqlar”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, Türkiyənin siyasi nəzarət altına alınması qərarına adi məsələ kimi baxmaq olmaz. Deputat deyib ki, AŞ PA qərarını verib, ancaq bundan sonra nə baş verəcəyini düşünməyib: "Açıq-aşkar Tükiyəyə qarşı ikili standart mexanizmindən istifadə edirlər. Belə bir addım müxtəlif dairələrin mənafeyinə xidmət edir və birbaşa Türkiyənin milli maraqlarına qarşı yönəlib. Dünyanın gözü qarşısında Ermənistanın işğalçı siyasətinə göz yumurlar. İrəvana heç bir sanksiya tətbiq etmirlər. Ancaq Azərbaycan və Türkiyəyə qarşı açıq ikili standartlardan çəkinmirlər. Hər halda bu iş belə qalmayacaq, çox güman ki, Türkiyə AŞ PA-nın məlum qərarına qarşı sərt cavab addımları atacaq”.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov da deyib ki, AŞ PA-nın Türkiyə ilə bağlı qərarı qeyri-obyektiv, ədalətsiz və qərəzlidir. Bunların arxasında müəyyən səbəblərin dayandığını dilə gətirən politoloq bildirib ki, Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmir:
"Türkiyənin Aİ-nin bütün şərtlərini icra etməsinə baxmayaraq, bu təşkilat müəyyən bəhanələrlə məsələnin həllini uzatmağa çalışır. Digər tərəfdən Avropa Şurası demokratiya və insan haqları şüarları altında birbaşa Türkiyənin daxili işlərinə müdaxilə edir. Belə ki, onlar ötən il qardaş ölkədə baş verən çevriliş cəhdindən sonra çoxlu sayda insanın işdən çıxarılmasını əsas gətirməyə çalışırlar. Bunun cavabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın birləşməsindən sonra 500 min nəfər dövlət quluqçusunun işdən çıxarılması faktını ortaya qoyaraq çox düzgün şəkildə bildirdi ki, nəyə görə bu məsələ heç bir təşkilatın müzakirə obyektinə çevrilmədi”.
F.Sadıqovun sözlərinə görə, Türkiyəyə qarşı edilən qərəzli addımın arxasında referendum seçkiləri dayanır:
"Türkiyənin dövlət başçısının səlahiyyətinin daha da genişləndirilməsi AŞ PA-nı narahat etməyə başlayıb. Onlar seçkilərin fövqəladə vəziyyətdə keçirilməsini düzgün hesab etmirlər. Lakin bu seçkilər Fransada da keçirilir. Artıq 1 ildən çoxdur ki, aparıcı Avropa dövləti
olan Fransada da Olland tərəfindən fövqəladə vəziyyət elan edilib. Bəs niyə orada prezident seçkiləri keçirilir? Bu baxımdan AŞ PA-nın qərarını siyasiləşmiş hesab edirəm və düşünürəm ki, onlar Türkiyəni güclü görmək istəmədikləri üçün bu cür qərəzli addımlar atırlar. Türkiyənin güclənməsi Avropanı qıcıqlandırır. Onlar özlərinə tabe olan ölkə, şablonlara uyğun olan və bütün şərtlərə əməl edən hökumət görmək istəyirlər. Lakin bu mümkün deyil. Çünki Türkiyə bütün addımlarını xalqın iradəsi ilə atır. Xalqın iradəsi də referendumda öz sözünü dedi və təkliflərə dəstək verdi”. Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlıq etdiyini dilə gətirən politoloq əlavə edib ki, ölkəmiz Avropanın aparıcı dövlətləri ilə yüksək münasibətlərə malik olsa da, son illər Avropada islamafob meyilləri güclənib.
İsmayıl