Avropa oyunları dünyaya nümunə olacaq formada keçiriləcək
“Amnesty İnternational” və “Human Rights Watch” kimi qərəzli təşkilatların çağırışları əhəmiyyətsiz olacaq
Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları dövlətimizə və Avropa Olimpiya hərəkatına qarşı qərəzli kampaniyaya start veriblər. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanı hədəf seçən "Amnesty İnternational” və "Human Rights Watch” təşkilatlarıdır. Müntəzəm olaraq öz ədalətsiz və qeyri-obyektiv hesabatları ilə ölkəmizin imicinə zərbə vurmağa çalışan bu iki təşkilat indi də I Avropa Oyunlarının Bakıda keçirilməsini həzm edə bilmir.
Hər halda "Amnesty İnternational” və "Human Rights Watch” təşkilatlarının I Avropa Oyunlarını "boykot” çağırışı belə deməyə əsas verir. Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edərək Qərb ölkələrini I Avropa Oyunlarından iştirakdan imtinaya çağıran anti-Azərbaycan təşkilatları bununla kifayətlənməyib xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv materialların dərc edilməsi istiqamətində də dəridən-qabıqdan çıxır. Son günlər xarici mətbuatda bu tipli yazıların sayının artması eyni dairələrin yenidən Azərbaycana qarşı fəallaşdığını göstərir. Təəssüflər olsun ki, bu tipli anti-Azərbaycan qüvvələrinin ölkə daxilində də dəstəkverici qüvvələri mövcuddur və onlar da ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən təşkilat və şəxslərin mənafelərinə can-başla xidmət edirlər. Xüsusilə bu prosesdə sarı mətbuat ənənələrini yaşadan "Azadlıq” radiosu, "Azadlıq” qəzeti, Meydan TV kimi yerli və xarici KİV-lər, sifarişlə işləyən bloqqerlər daha "aktiv” görünürlər. Ən ağrıdıcı məqam ondan ibarətdir ki, bəzi yerli qrupların, QHT-lərin və medianın fəaliyyəti Ermənistan və erməni lobbisinin təsiri altında olan analoji qurumların dəst-xətti ilə eynilik təşkil edir. Təsadüfi deyil ki, "Amnesty İnternational” və "Human Rights Watch” kimi təşkilatların da məhz xarici ermənipərəst dairələrin sifarişləri əsasında Azərbaycana qarşı "qara piar” kampaniyası həyata keçirdiyi aydın şəkildə sezilir.
Ancaq qətiyyətlə deyə bilərik ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də nəticəsiz qalacaq və sabun köpüyü effektini verəcək. Qətiyyətlə deyə bilərik ki, idmanı siyasətə qarışdırmaq istəyənlər bu dəfə də öz istəklərinə nail ola bilməyəcəklər. Necə ki, həmin anti-Azərbaycan dairələr "Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də ölkəmizə qarşı sanki səlib yürüşünə çıxdılar. Həmin ərəfədə də "Amnesty İnternational” və "Human Rights Watch” kimi təşkilatlar çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışdılar. Həmçinin o zaman da sözügedən təşkilatlar Avropa ölkələrinə müraciət edərək "Eurovision-2012” mahnı müsabiqəsini boykot etməyə çağırdı. O zaman Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar sırasında "qanunsuz söküntülər”, heyvanlara qarşı "qəddar münasibət”, saxta "siyasi məhbus” siyahıları və digər bu kimi məsələlər yer alırdı. Ancaq vəziyyətin heç də anti-Azərbaycan qüvvələrin təsvir etdiyi kimi olmadığı qısa zamanda Avropanın özünə bəlli oldu və "Amnesty İnternational” və "Human Rights Watch” kimi təşkilatların boykot çağırışı ciddiyə alınmadı. Nəticədə Azərbaycan "Eurovision-2012” mahnı müsabiqəsini ən yüksək səviyyədə təşkil etdi. Elə avropalılar özləri də bunu etiraf etmək məcburiyyətində qaldılar.
Heç şübhəsiz ki, bu dəfə də Avropa ailəsi "Amnesty İnternational” və "Human Rights Watch” kimi təşkilatların qərəzinə məhəl qoymayacaq. Eyni zamanda Azərbaycan Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək.
Milli Məclisin üzvü Aydın Mirzəzadə açıqlamasında adıçəkilən təşkilatların Azərbaycana qarşı münasibətinin heç vaxt yaxşı olmadığını deyib: "Bu münasibət daim obyektivlikdən uzaq, hansısa qərəzlərə söykənən münasibət olub. Bunu hər zaman görmüşük. Vaxtilə "Eurovision-2012” mahnı müsabiqəsində həmin təşkilatların tutduğu mövqeyə hər kəs şahid oldu. Görünür, Avropa Oyunlarının Bakıda keçirilməsi təşkilat rəhbərliyi və onların dolayısı yolla erməni lobbisinə çıxan bağlantıları üçün əsl məqamdır. Maraqlıdır ki, belə təşkilatlar heç vaxt sadə insanın problemini düşünərək addım atmır, yaxud buna uyğun fikirlər səsləndirmir. Onlar müəyyən qüvvələrə xidmət edən təşkilat olaraq tapşırıqlar nəticəsində belə bir "məhsul” ortaya qoyurlar. Əvəzində isə özlərinə lazım olan maliyyəni əldə etməyə çalışırlar”. Millət vəkili qeyd edib ki, burada Azərbaycanı istəməyən qüvvələrin rolu açıq şəkildə özünü göstərir: "Azərbaycanın güclənməsini, artan gücünü qəbul edə bilməyən qüvvələr var. Avropa oyunları kimi möhtəşəm tədbirin Bakıda keçirilməsi də ölkəmizə verilən qiymətdir. "Amnesty İnternational” ölkəmizin imicini korlamağa, nüfuzuna xələl gətirməyə çalışaraq dezinformasiyalara əsaslanan açıqlamalar verir. Lakin hər şeyə rəğmən Azərbaycan həmişə olduğu kimi bu möhtəşəm tədbirə də layiqincə ev sahibliyi edəcək”.
Millət vəkili Asim Mollazadə "Human Rights Watch” kimi təşkilatların qərəzli açıqlamalarına əhəmiyyət verməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu tipli təşkilatların Azərbaycana qarşı münasibəti təəccüblü deyil: "Onların müəyyən dairələrə bağlı olduğu və qərəzli fikirləri ifadə etdiyi bəlli məsələdir. Hesab edirəm, buna əhəmiyyət vermək lazım deyil. Vaxtilə "Eurovision” müsabiqəsi zamanı Azərbaycanı ləkələmək üçün hər şey etdilər. Amma nəticə fərqli oldu. İndi də bu cür addımlar atacaqlar. Amma əsas odur ki, Azərbaycan bu tədbiri də möhtəşəm şəkildə keçirəcək. Çünki bizim təcrübəmiz var. Bu təşkilatların Azərbaycanda təbliğini həyata keçirən media orqanlarının olması da təəccüblü deyil. Hansı ki, biz zaman-zaman media prinsiplərini pozan "Azadlıq” radiosu, "Azadlıq” qəzeti, Meydan TV kimi yerli KİV-lərin tutduğu yolun şahidi olmuşuq. Çünki bu media orqanları və onların fikirlərini təbliğ etdiyi təşkilatlar eyni mənbələrə bağlıdır. Onların fəaliyyəti də eyni mənbələrdən maliyyələşir.
Lakin tarixi təcrübə göstərir ki, bütün qərəzli kampaniyalara, saxta ittihamlara rəğmən, Azərbaycan I Avropa Oyunlarını dünyaya nümunə olacaq formada keçirəcək”.
Millət vəkili Eldar İbrahimov da bildirib ki, "Amnesty İnternational” təşkilatının Birinci Avropa Olimpiya Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması ölkəmizə qarşı qərəzdən və ədalətsiz yanaşmadan başqa bir şey deyil: "Azərbaycan müstəqillik əldə etdikdən bu yana bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən, adıçəkilən qurum bir dəfə olsun belə ölkəmizlə bağlı ədalətli, ikili standartlardan uzaq bəyanat, hesabat yaymayıb və ya çağırış səsləndirməyib. Bu təşkilatlar sanki əvvəlcədən sözləşibmiş, eyni dirijor çubuğu ilə idarə olunurlarmış kimi hər zaman ölkəmizə qarşı eyni və olduqca haqsız, əsassız, ədalətsiz mövqe nümayiş etdiriblər. Elə məqam, an gözləyirlər ki, Azərbaycanla bağlı nifrətlərini, məkrli niyyətlərini ortaya qoysunlar. Onlar əgər sözün həqiqi mənasında insan hüquqlarının müdafiəsi ilə məşğuldurlarsa, o zaman niyə Ermənistanın 23 ildən bəri davam edən təcavüzkarlıq, işğalçılıq siyasəti barədə bir kəlmə olsun danışmırlar, demirlər? Və yaxud, 23 ildən bu yana hüquqları kobudcasına tapdalanan 200 mindən artıq qaçqınımızın, 700 mindən artıq məcburi köçkünümüzün haqlarını müdafiə etmir, Ermənistana qarşı təzyiq, təsir metodlarının işə salınması, ona sanksiyalar tətbiq olunması çağırışında bulunmurlar? Budurmu, onların hər gün bar-bar bağırdıqları insan haqlarının müdafiəsi? Budurmu, onların ədalətin keşiyində dayanması? Açıq-aşkar görünən odur ki, onların belə niyyətləri yoxdur, niyyətləri tamam başqadır. Onlar erməni havadarlarının, erməni lobbi qruplarının təsiri və himayəsi altında "fəaliyyət” göstərirlər”.
E.İbrahimovun sözlərinə görə, həmin təşkilatların addımlarına, çağırışlarına cavab, reaksiya verdikdə özlərini "dəyərli” hesab edirlər, özlərini qaldırıb dağ başına qoyurlar: "Ona görə belələrinə o qədər də əhəmiyyət vermək lazım deyil. Ancaq onu deyə bilərəm ki, Azərbaycan indiyə kimi bir çox nüfuzlu beynəlxalq təbdirlərə yüksək və etiraf olunan səviyyədə ev sahibliyi edib. Nə qədər çalışsalar da, bu tədbirlərin keçirilməsinə, gedişinə mane ola bilməyiblər və inşallah, bundan sonra da mane ola bilməyəcəklər. Azərbaycan Birinci Avropa Olimpiya Oyunlarına da uğurla və yüksək səviyyədə ev sahibliyi edəcək. Qoy hamı, eləcə də həmin anti-Azərbaycan, ermənipərəst təşkilatlar və dairələr də buna tam əmin olsunlar”.
İsmayıl