Avropaya baxanda Azərbaycanda otellərin qiyməti bahadır

Azər Həsrət: “Otellərimizdə 50 manata bir gecəni təklif edirlərsə, yeməklərlə bağlı çox yüksək qiymətlər deyilir”
Vüqar Bayramov: “Ölkəmizdə otellər yalnız səhər yeməyini təklif edirlər. Günorta, axşam yeməyi təklif etdikdə isə, adam başına hesablama olduğu üçün bu qiymət kifayət qədər yüksək olur”



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdəki otellərin qiymətinin dünya üzrə müqayisədə heç də yüksək olmadığını deyib. Onun sözlərinə görə, bazar günləri və bayram günləri ərəfəsində otellərdəki qiymətlərdə müəyyən qədər artımlar olur. Amma bu o demək deyil ki, bizdəki qiymətlər digər ölkələrlə müqayisədə bahadır.

"Bu gün Azərbaycan otelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olub. Bəzi otellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində isə 1000 manatdan yüksəkdir. Yəni hər bir kəs öz cibinə uyğun seçim edə bilər. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparıldığını göstərir”.

Ölkəmizdə rəqabət mühitinin az olması və bahalı otellərin tikintisinə üstünlük verilməsi digər ölkələrlə müqayisədə qiymətlərin nisbətən baha olmasına şərait yaradır. Hər il ölkəyə xeyli sayda turist gəlir. Turisti maraqlandıran isə bir gecəyə böyük həcmdə pul vermək deyil. Əsas məqsəd əyləncə və gəzintiyə daha çox pul xərcləməkdir.

Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən, zaman-zaman xarici ölkələrdə səfərdə olan ekspertlər də Azərbaycanda qiymətlərin digər ölkələrlə müqayisədə yüksək olduğu qənaətindədirlər.

...düşünürlər ki, turist gəlibsə, onu mütləq "soymalıyıq”

Tez-tez xarici ölkələrə üz tutan əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrətin fikrincə, ölkəmizdə ekonomik büdcəli otellər olsa da, xidmət səviyyəsi olduqca aşağıdır. Bu da Azərbaycana gələn turistlərin narazılığına, onların növbəti illərdə ölkəmizə ayaq basmamasına şərait yaradır: "Xarici ölkələrdə tez-tez olan biri kimi otellərin qiymətini müqayisə etmə imkanlarım var. Düzdür, Azərbaycanda otellərdə gecələməyimə ehtiyac olmayıb, heç bir müraciət etməmişəm. Amma bu bazarla maraqlanıram. Bəzən qonaqlarımız gəlir, bu zaman qiymətlərlə bağlı müəyyən araşdırma aparmalı oluram.

Ölkəmizdə xüsusən bayram günlərində Bakıdan kənara çıxıb hansısa rayonda, turizm mərkəzində dincəlmək istəyəndə təklif olunan qiymətləri müqayisə edirik. Görürük ki, həmin qiymətə gedib İspaniyada, yaxud da Türkiyənin yüksək səviyyəli kurort şəhərində rahat dincəlmək olar. Bu cür müqayisələr aparanda narazılıqlar ortaya çıxır. Bizim xüsusən də dəniz kənarında olan istirahət mərkəzlərimiz, otellər görüntü olaraq yaxşıdır, amma xidmətdə çatışmazlıqlar var. Həmin çatışmazlıqlar istər-istəməz bizim kimi adamlarda narazılıq doğurur. Çünki biz 50 avroya Avropanın hansısa ölkəsində gedib bir gecə qala biliriksə və ordakı xidmətdən məmnun oluruqsa, gəlib həmin qiymətə Azərbaycanda qaldığımız oteldə narazılıqlar baş alıb gedir. Bu narazılıq da personalın davranışından tutmuş təklif olunan xidmətlərə və xidmətlərlə qiymətlər arasındakı uyğunsuzluğa görə meydana çıxır. Azərbaycan standartında ölkənin ümumi rifah halı, xalqın yaşayış səviyyəsi, insanların əmək haqqı və ümumiyyətlə ölkədəki yaşayış minimumu nəzərə alınmalı və təklif olunmalıdır”.

A.Həsrətin sözlərinə görə, otellərimizdə 50 manata bir gecəni təklif edirlərsə, yeməklərlə bağlı çox yüksək qiymətlər deyilir. Müqayisə edəndə isə görürük ki, bu, Avropa ölkələrinə nisbətən yüksək qiymətdir: 

"Bütövlükdə xidmət çox aşağı səviyyədə olur. Bax, bu amillər Azərbaycana gəlib-gedən turistlərin, ikinci dəfə gəlməməsinə səbəb olur. Mənim şəxsən tandığım qonaqlarım olub ki, onları ikinci dəfə Azərbaycana dəvət edəndə müxtəlif bəhanələrlə yayınıblar. Araşdırmışam ki, onlar görüntüyə baxıblar, görüblər ki, Bakı möhtəşəmdi, amma otellərdə onlara münasibət bərbad olub. Ona görə də yaxşı olar ki, Mədəniyyət və Turizm Nazirliyi bu sektorda olan insanlarla bağlı yeni maarifləndirmə işi aparsın.

 Onlara başa salsın ki, "siz müştərini bir dəfə "soyub” yola salarkən, növbəti illər üçün müştərilərinizi itirirsiz”. Şəxsən mənə çatmır ki, bu adamlar niyə bu cür düşüncəyə sahibdirlər? Niyə düşünürlər ki , "müştəri gəldi, elə bunu mütləq soyub buraxaq?” Hesablamırlar ki, "biz bu müştəriyə elə xidmət göstərək ki, o yenidən bura gəlmək istəsin”. Turizm sektorunda bu bəla var. Dəfələrlə mən özüm də bu barədə yazılar yazmışam. Amma təəssüflər olsun ki, turizm sektorunda, xüsusilə otel, iaşə obyektləri işlədən adamlara bizim bu fikirlərimiz hansısa səbəblərdən çatmır”.

...rəqabəti gücləndirməklə qiymətləri ucuzlaşdırmaq olar

İqtisadçı-ekspert Vüqar Bayramov isə düşünür ki, ölkəmizdəki otellərin qiyməti qonşu Türkiyə və Gürcüstanla müqayisədə bahadır. İqtisadçının sözlərinə görə, Türkiyənin kurort şəhərlərində 5 ulduzlu otellərdə bir ailə üçün limitsiz olaraq bütün gecə qalma və yemək daxil olmaqla 200, bəzi hallarda daha ucuz otel tapmaq olar. 

Lakin Azərbaycanda bu, praktiki olaraq mümkün deyil: "Ölkəmizdə otellər yalnız səhər yeməyini təklif edirlər. Günorta, axşam yeməyi təklif etdikdə isə, adam başına hesablama olduğu üçün bu qiymət kifayət qədər yüksək olur. Düzdür, son dövrlər Gürcüstanda otellərin qiymətində artımlar qeydə alınıb. Buna rəğmən bizdə qiymətlər daha yüksəkdir. Eyni zamanda alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Bu gün dollarla ödəniş etmək xaricilər üçün cəlbedicidir. Amma Azərbaycan vətəndaşlarının gəliri manatladır və buna görə də vətəndaşlarımız üçün qiymətlərin münasibliyi vacibdir”.

Azərbaycanda, xüsusilə də paytaxtda 5 və 4 ulduzlu otellərin sayının daha çox olduğunu vurğulayan ekspert ölkəmizdə 2-3 ulduzlu otellərin az olduğunu bildirib. Bu isə xarici turistlərə seçim imkanında xeyli çətinlik yaradır: 

"Ona görə də qiymətin tənzimlənməsi üçün az ulduzlu otellərin sayının artırılmasına ehtiyac var. Bu istiqamətdə dövlət dəstəyi gücləndirilməlidir. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb, amma ulduzu çox olan otellər nisbətən üstünlük təşkil edir.

Digər tərəfdən otellərin sayının artırılmasına nail olmaq lazımdır. Azərbaycanda gündəlik yataq yerlərinin sayı təxminən 37 mindir. Otellərin sayı artsa, gündəlik yerlərin də sayı artacaq. Digər tərəfdən rəqabət güclənəcək. Nəticədə bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Bu baxımdan qiymətlərin aşağı salınmasının əsas yolu rəqabətin gücləndirilməsidir. Mədəniyyət və Turizm Nazirliyi xüsusən sahibkarların otelçilik sektorunda investisiya xidmətini təşviq etməklə rəqabəti gücləndirib, qiymətləri aşağı sala bilər”.

Yeganə Bayramova