Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir






Dünya ölkələri sırasında öz mövqeyi olan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan müstəqil xarici siyasət yeridən çox az ölkələrdəndir. Azərbaycanın düşünülmüş xarici siyasət kursu reallığa əsaslanan prinsiplər üzərində qurulub. Düzgün müəyyən edilmiş xarici əlaqələr ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirib.

Məhz, Prezident İlham Əliyevin həyata keçirdiyi qarşılıqlı etimada əsaslanan müstəqil, praqmatik siyasətin nəticəsidir ki, mövcud olduğu regionun siyasi, iqtisadi və mədəni lider dövləti statusuna yüksələn Azərbaycana maraq sürətlə artıb. Aprelin 18-də andiçmə mərasimində ölkənin xarici siyasət kursu ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəflər bu istiqamətdə yeni reallıqlardan xəbər verir. Dövlət başçısının da vurğuladığı kimi, son 15 il ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artıb. Prezident Azərbaycanın dünyada çox müsbət reputasiyaya malik olduğunu vurğulayıb: "Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. 

Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və dünya birliyinin mütləq əksəriyyətinin bizi dəstəkləməsidir. Son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qurulub. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir. Qonşu dövlətlərlə heç bir problemimiz yoxdur. Bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıb. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir. Eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir”.

Ölkəmizin artan beynəlxalq nüfuzu ilə bağlı "Şərq”ə danışan millət vəkili, professor Musa Qasımlı deyib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitq həm ötən dövrdə ölkəmizin daxilində və beynəlxalq aləmdə həyata keçirilən işlərə yekun vurulması, həm də gələcək perspektivlər baxımından çox əhəmiyyətlidir: 

"Ötən illər Azərbaycanın bir çox beynəlxalq layihələrdə iştirak etməsi, uğurlara imza atması heç şübhəsiz, dövlət başçımızın səyləri ilə bilavasitə bağlıdır. Çünki bir sıra ölkələrlə müqayisədə ərazisi kiçik, əhalisi az olan Azərbaycan dövlətinin böyük layihələri gerçəkləşdirməsi yürüdülən siyasətin nəticəsidir. Bu siyasətin nəticəsi gətirib ona çıxarıb ki, Azərbaycanın beynəlxalq mövqeləri güclənib, nüfuzu artıb, şəbəkə ölkəsi halına gəlib. Bütün bunların hamısı Azərbaycan xalqının strateji maraqlarına cavab verir”.

İsmayıl