Azərbaycanda “körpə ana”ların 3 min övladı...

“Övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıyacaqlarını bilməlidir”




Azərbaycanda nikah yaşı çatmayan qızlar tərəfindən doğulan körpələrin sayı məlum olub. 2015-ci ildə nikah yaşı çatmayan 15-17 yaşlı qızlar tərəfindən 3 minə yaxın körpə dünyaya gəlib. Ailə Məcəlləsinə əsasən isə Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir.
Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Yaşı 17-dən az olan qızların ailə qurması və ana olması qanunvericiliklə qadağan olsa da, ölkədə azyaşlı anaların sayı durmadan artır. Problemin səbəblərinə toxunan "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər həm də cinsi istismar deməkdir. Eyni zamanda erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır: "Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər. Burada orqanizmin fiziki və psixoloji hazırlığı məsələsi nəzərə alınır, çünki 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər yaranır. Statistikaya baxsaq görərik ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb, doğuşda ölən anaların əksəriyyəti də azyaşlı analardır. Məncə, bu problemlə əhali özü də mübarizə aparmalıdır, hər şeyi dövlətdən gözləmək lazım deyil. Əgər mənim qonşumda kimsə qızını 15 yaşda ərə verirsə, mən bunu hüquq-mühafizə orqanına xəbər versəm, bu da bir növ erkən nikaha qarşı mübarizədir. Qadağalar problemi həll etmir, tətbiq edilən cəza üsulları da həmçinin”.
Sosioloqun sözlərinə görə, övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıyacaqlarını bilməlidir: "Hesab edirəm ki, Cinayət Məcəlləsində bu barədə dəyişiklik edərək valideynlərin məsuliyyətini artırmaq da bir çıxış yolu ola bilır. Mən ciddi həbs cəzasının tərəfdarıyam. Çünki bu, əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur. Kiçik bir statistikanı da deyim sizə, hazırda dünyada hər il 10-12 milyon qız uşağı erkən evliliyə məcbur edilir. Beynəlxalq Qadın Araşdırma Mərkəzi (ICRW) açıqlayır ki, erkən nikahlar daha çox Afrika və Cənubi Asiyada rastlanır. Avropada evliliklərin 10 faizi erkən nikahdırsa, Afrika və Cənubi Asiyada bu rəqəm 70 faizi keçib. Nigeriyada 75, Çadda 72, Banqladeşdə 66 faizlik statistikaya malik erkən nikah dünyanın ən vacib problemi olaraq qalır. Mən qorxuram ki, yaxın illərdə biz də bu statistik siyahıda yer alaq”.