Azərbaycanda savadsız analar ordusu yaranır

Mehriban Zeynalova: “Birinci sinfə gedəndə qızların, doqquzuncu sinfi bitirəndə isə oğlanların sayı çox olur”
Əhməd Qəşəmoğlu: “Təhsildən yayınan qızlar erkən nikahın qurbanı olur”


Vaxtı ilə böyük Sabirin qələmə aldığı "Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” şeiri zəmanəmizdə "Qız mənimdir əgər, oxutmuram, əl çəkin” kimi özünü doğrultmaqdadır. Məktəbyaşlı qızların təhsildən yayındırılaraq, ərə verilməyə sövq edilməsi məsələsi Azərbaycanda aktual problemə çevrilib.

Artıq hökumət və qeyri-hökumət təşkilatları da problemlə bağlı narahatlığını bildirməyə başlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Komitəni narahat edən məsələ qızların təhsilinin davam etdirilməsi, xüsusilə də onların peşə və ixtisas seçimlərində gender balansının təmin olunmasıdır.

Onun sözlərinə görə, respublikanın bir sıra bölgələrində IX sinifdə oxuyan qızlarla XI sinifdə oxuyan qızların sayı azalıb. Bir çox hallarda isə buna səbəb kimi məktəblərin say azlığını və uzaq məsafələrdə olmasını, yerlərdə infrastruktur zəifliyini göstərirlər. Bütün bunların bəhanədən başqa bir şey olmadığını vurğulayan komitə sədri deyib ki, əsas səbəblərdən biri erkən nikahdır.

Komitə sədri bəyan edib ki, valideynlərin təhsil müəssisələrinə nəzarətini daha da gücləndirmək vacibdir. Onların qanunla məsuliyyətə cəlb edilməsi və bir sıra gender stereotiplərinin aradan qaldırılması sahəsində səylər birləşdirilməlidir. Xüsusilə vətəndaşlar öz məsuliyyətini dərk etməlidir. Əgər onların erkən nikaha məcburetmə və məişət zorakılığı ilə bağlı qəbul olunan qanunlar, məcəllələr haqqında informasiyaları çox olsa, belə cinayətlər də daha az olar.

"Təmiz Dünya” Qadın İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, indiki şəraitdə qızların icbari təhsili valideyn və müəllimlərin birgə əməkdaşlığı sayəsində təmin edilməlidir: "Azərbaycandakı durumun idarə edilməsinə, bunun üçün sovet dövrünün təcrübəsindən bəhrələnmək lazımdır. Belə ki, sovet illərində orta təhsilini başa vurmayanlar texniki peşə məktəblərinə üz tutaraq müəyyən sənət öyrənirdilər. Bu ənənəni indi də tətbiq etmək olar. Qadınlar, xüsusən də bölgədə yaşayanlar əl işlərinə meyilli olur. Odur ki, onların maliyyə çətinliyini bu yolla qismən həll etmək olar. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bu məsələyə diqqət yetirilməlidir. Əks halda, vəziyyət daha da ciddiləşə bilər”.

M.Zeynalova hesab edir ki, valideynlərin bu işdə övladlarına dəstək olması üçün geniş ictimai maarifləndirməyə ehtiyac duyulur: "Bu məsələdə rayon təhsil şöbələri və məktəblər öndə olmalıdır. Bütün cəmiyyət, eləcə də təhsil ictimaiyyəti dərk etməlidir ki, qızların təhsildən kənarda qalması Azərbaycan üçün çox təhlükəlidir. Artıq elə vəziyyət yaranıb ki, birinci sinfə gedəndə qızların, doqquzuncu sinfi bitirəndə isə oğlanların sayı çox olur. Prosesin belə davam etməsi bir neçə ildən sonra Azərbaycanda savadsız analar ordusunun yaranmasına gətirib çıxara bilər”.

Birlik sədrinin fikrincə, erkən nikahların baş tutması əngəllənməsə, Azərbaycan demək olar ki, qarşısıalınmaz bir fəlakətlə qarşılaşacaq: "Bunu tarix də təsdiqləyir. Bu gün az qala 13-14 yaşında qızın ailə qurması bir normaya çevrilməkdədir. Axı 13-14 yaşında bir qızın hələ ailə barədə təsəvvürü yoxdur. Azyaşlı qızlar ailə qursalar da, onlar düşünərək qərar verə bilmirlər. Erkən nikahların tibbi baxımdan da fəsadları var. 14 yaşında qızın bədəni fizioloji baxımdan ana olmağa formalaşmadığından belə hamiləliklərin əksəriyyəti uşaq düşmələri ilə nəticələnir. Bu isə qadının sonsuzluğuna gətirib çıxarır. Yəni bu fəlakətin qarşısı alınmasa, gələcəkdə biz daha ciddi problemlərin şahidi olacağıq”. M.Zeynalovanın sözlərinə görə, bölgələrdə, xüsusilə də cənub zonasında valideynlər azyaşlı qızların fikrini elm və təhsildən yayındırmağa çalışır: "Uşaq gözünü açan kimi valideyn onunla ərə getmək barədə danışmaqla azyaşlının fikrini ancaq ailə qurmağa yönəldir”.

"Təmiz Dünya” sədri qızların təhsilli olması üçün bir neçə təkliflər irəli sürüb: "Dünyaya gələn qız uşaqları üçün ailələrin sosial müdafiəsini gücləndirmək lazımdır. Qız uşaqlarının məktəbə gedib-gəlməməsilə bağlı tez-tez təhsil ocaqlarında monitorinq aparmaq lazımdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, bölgələrdə qızların təhsildən yayınmasında valideynlər müxtəlif səbəblər göstərirlər: "Bir müddət əvvəl cənub bölgəsində apardığımız sosioloji araşdırmaların nəticəsinə istinadən deyə bilərəm ki, ailələr düşünür ki, qız təhsili davam etdirməyəcəksə, 11-ci sinfə qədər oxumağın da mənası yoxdur. Ona görə də, 3-4-cü sinifdən qızları məktəbdən çıxarıb ev işlərində, təsərrüfatda köməkçi işlədirlər. Başqa bir səbəb Bakıdakı mühitə olan inamsızlıqdır. Çünki indi paytaxtdakı mühit təhlükəlidir. Həmçinin qızın 16 yaşdan sonra yük olduğunu düşünürlər. Qız yaşlandıqca, adına pis sözlər yayılmasından da qorxub tez ərə verirlər. Rayonların təhsil işçiləri valideynlərlə danışmağın mənasız olduğunu deyirlər və bu məsələdə günahı valideynlərdə görürlər”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, digər bölgələrə nisbətən cənub bölgəsində təhsildən yayınan qız uşaqlarının say çoxluğunun əsas səbəblərindən biri də din faktorudur: "Həmin rayonlarda xurafat faktoru da valideynlərin fikirlərinə daha çox təsir edir. Qızını məktəbə qoymaq istəyənlər isə ətrafdakıların münasibətindən qorxaraq fikrindən yayınır. Bir çox cənub kəndlərində bu cür ictimai qınaq qızları təhsildən yayındıran səbəblər sırasındadır. Təhsildən yayınan qızlar erkən nikahın qurbanı olur. Həmin qızlar gələcəyin savadsız valideyni deməkdir, onların yetişdirdiyi uşaqların aqibətinin necə olacağını əvvəldən təxmin etmək mümkündür”.

Şəymən