İlqar Altay: “Məscidlərdə, müəyyən evlərdə yığışan saqqallı və ya saqqalsız radikallar ölkəmizdə öz “işlərini” görürlər”
Azərbaycanda “şəriət dövləti” qurmaq istəyənlər də tapıldı
Zahid Oruc: “İŞİD-in əli uzundur, özünə müxtəlif dairələrdə dayaq tapa bilir”
İlqar Altay: “Məscidlərdə, müəyyən evlərdə yığışan saqqallı və ya saqqalsız radikallar ölkəmizdə öz “işlərini” görürlər”
İlqar Altay: “Məscidlərdə, müəyyən evlərdə yığışan saqqallı və ya saqqalsız radikallar ölkəmizdə öz “işlərini” görürlər”
Sülhəddin Əkbər: "Hakimiyyət uğrunda mübarizədə meydan heç vaxt boş qalmır”
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda "şəriət dövləti” qurmaq istəyən təhlükəli cinayətkar Azərbaycanda "şəriət dövləti” qurmaq istəyən təhlükəli cinayətkarqruplaşma zərərsizləşdirilib. Ələ keçən dəstə üzvləri "cihad” üçün pul əldə etmək məqsədilə qanını və malını özlərinə halal bildikləri "kafir” varlıları qarət edərək, əldə olunan pul hesabına ölkə ərazisində terrorçuluq aksiyaları həyata keçirəcəklərmiş. Xeyli sayda silah-sursat əldə edən mütəşəkkil dəstənin üzvləri məqsədlərinə çatmaq üçün bir çox sahibkarı qətlə yetirib, zənginlərin evlərinə, ticarət obyektlərinə basqınlar ediblər.
Cinayətkarların həbs olunmasına münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, radikal qrupların tam aradan qaldırılması üçün işlər davam etdiriləcək: "Azərbaycan islam ölkəsidir. Nəsildən-nəslə ötürülən islami dəyərlərimizi qorumalıyıq. Biz ölkədə hansısa radikal qrupların fəaliyyət göstərməsinə imkan verməyəcəyik. Çünki bu, cəmiyyətin istəyidir. Radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması üçün aparılan işlər müsbət nəticələr verir. Bu yöndə MTN-in, hüquq-mühafizə orqanlarının, ideoloji qurumların apardığı işlər də təqdirəlayiqdir”.
Proseslərlə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, son əməliyyatda üzə çıxan faktlar hamımızı ciddi düşündürməlidir: "Özlərinə "əmir” seçən radikallar Azərbaycanda dövlət quruluşunu dəyişmək məqsədi ilə hər cür qəsbkarlığa hazır olduqlarını deyirlər. Görünür, artıq İŞİD-in, terrorizmin, xaosun ölkəmizə ixracı başlayıb. Etiraf etmək lazımdır ki, bu, çox qorxulu tendensiyadır. Radikal qruplaşmaya qoşulanların milyon nəfər olmasını gözləmək lazım deyil. Ətraflarına təxminən min, iki min nəfər toplasalar, vəhşət, kütləvi qırğınlar və qətllər törətmək üçün kifayət edəcək”. Deputatın fikrincə, insanlarımızın təhlükəli ideologiyanın təsirinə düşməsi və əllərinə silah alaraq günahsız adamları amansızcasına öldürməsi çox acınacaqlı və təəssüf doğuran haldır: "Həmin insanlar da kiminsə övladı, atası və qardaşıdır. Biz onları itiririk. İŞİD-in əli uzundur, özünə müxtəlif dairələrdə dayaq tapa bilir. Ələ keçirilən radikalların konkret hansı dini şəbəkəyə bağlı olmasından asılı olmayaraq, onların hamısı Azərbaycanda dinc və yanaşı yaşama mühitinə zərbə vururlar. Çünki radikallar məqsədlərinə çatmaq üçün silahdan istifadə edirlər. Yəni bir var, düşüncələrlə hansısa ideologiyanı müdafiə edəsən, bir də var top-tüfənglə sözünü deyəsən. Təbii ki, belə halda dövlət mütləq həmin qüvvələrə sərt üzünü göstərməlidir”.
Z.Oruc deyir ki, bir sıra ölkələrdə övladlarının asanlıqla terrorizmə yuvarlanmasına göz yuman valideynlər məsuliyyətə cəlb olunurlar: "Kadırov Çeçenistanda terror törədən şəxslərin ailə üzvlərini də cəzalandırır. Düzdü, Rusiyada bunu birmənalı qarşılamırlar, amma Kadırov iddia edir ki, əksər hallarda valideynlər övladlarının radikal qruplaşmalara qoşulmasından xəbərdar olurlar və buna göz yumurlar. Yəni terrorçunun ailə üzvləri bu barədə dövlətə xəbər vermədiyi üçün cəzalandırılır. Ola bilsin, valideynlər "satqın” olmamaq üçün övladlarını hökumətə təhvil vermirlər. Ancaq onlar anlamalıdır ki, bu gün əlində silah gözünü qırpmadan adam öldürən terrorçu övladlar sabah hamımız üçün, ilk növbədə öz ailə üzvləri üçün real təhlükəyə çevriləcək. Nə olsun ki, o mənim əzizimdir, qohumumdur”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay da bildirir ki, Azərbaycanın yerləşdiyi geosiyasi və coğrafi məkan burada müxtəlif dini təriqətlərin fəaliyyət göstərməsini asanlaşdırır: "Azərbaycanda radikal islamçı dini qruplar mövcuddur. Onların ölkəmizdə inkişaf etməsi, təşkilatlanması və vaxtaşırı terror hadisələri törətməsi inkar edilməməlidir. Azərbaycan kimi "əlverişli” bir mühiti dini ekstremistlər heç vaxt rahat buraxmayacaq. Hətta burada kök salacaqlar. Radikal dini qruplaşmaların güclənməsi isə Azərbaycan dövlətçiliyini təhlükə altında qoya bilər. Nəzərə alaq ki, İŞİD də əvvəllər kiçik bir qruplaşma idi. İndi özünə "dövlət” yaradaraq bir neçə ölkəyə meydan oxuyur”. Ekspert deyir ki, bir müddət əməliyyatların şahidi olmayan ölkə ictimaiyyəti bundan ciddi narahatlıq keçirirdi: "Cəmiyyət bilir ki, aralarında radikal qruplar var və onlar nəyəsə hazırlaşırlar. Məscidlərdə, müəyyən evlərdə yığışan saqqallı və ya saqqalsız radikallar ölkəmizdə öz "işlərini” görürlər. Ona görə də ictimaiyyət hüquq-mühafizə orqanlarından, xüsusən MTN-dən mütəmadi əməliyyatlar gözləyir. Təhlükəli qrupların ifşası insanları xeyli dərəcədə rahatlandırır”.
Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər isə vurğulayıb ki, yanlış addımlar ölkədə qeyri-demokratik, silahdan istifadə etməyə meyilli olan qüvvələrin ortaya çıxmasına səbəb olub: "Hakimiyyət uğrunda mübarizədə meydan heç vaxt boş qalmır. Təəssüflər olsun ki, Azərbaycandakı boşluğu dini radikal qruplar doldurur. Bu gün cəmiyyətdə zorakı üsullara meyl edən qüvvələrin inkişaf etdiyini və təşkilatlandığını görürük. Düşünürəm ki, sadəcə əməliyyatlar keçirməklə, inzibati tədbirlər görməklə radikalizmin qarşısını almaq mümkün olmayacaq. Gecikdirilmədən siyasi islahatlara başlamaq lazımdır”.
İsmayıl