Azərbaycandakılar da ÖZGƏ CAN deyil

Bu yurdda da zorlanma, baş kəsmək, qətllər, işgəncələr var
Türk kanalları Özgəcan faciəsinə görə qaraldı, bəs bizim cəmiyyət öz halına niyə susqundur?



Hamı Türkiyəni ayağa qaldıran cinayətdən danışır. Bəli. Məhz danışır! Tələbə qız Özgəcanın faciəsinə acıyırıq. Cinayəti törədənləri lənətləyirik. Amma bu qədər. Bundan ötəsi, sanki yoxdur. Var amma. Həm də çox. Lap çox. Srağagün Buzovna qəsəbəsində bədənində 16 bıçaq zərbəsi olan 30-35 yaşlı qadının meyiti tapıldı.
Sonra, Masazır qəsəbəsindəki moteldə bir kişinin keçmiş həyat yoldaşını qətlə yetirdiyi məlum oldu. 36 yaşlı həyat yoldaşını qətlə yetirmiş digər birisinin məhkəməsi isə eyni gündə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilirdi. Bu, sadəcə iki günün içində baş vermiş cinayətlərdir. Qadınlara qarşı cinayətlərin statistikası olduqca ağırdır. Qısqanclıq və ya hansısa başqa zəmində qadınların kişilər tərəfindən qətlə yetirilməsi, amansızlıqla döyülməsi faktları hər gün baş verir. Qulağı kəsilən, saçı qırxılan qadın yadınızdan çıxmayıb ki?.. Qanlı statistika azalmır, əksinə artır. Amma Özgəcan faciəsinə tamamilə haqlı olaraq ağlayan Azərbaycan cəmiyyəti öz qadınlarımızın yaşadığı dəhşətə niyə biganədir? Türkiyəli qadınlar suçsuz, məsumdur, bizimkilər suçlu?
Və məsələ, təkcə qadına yönəlik cinayətlərlə də məhdudlaşmır. İnsanlar biri-birini artıq çox asanlıqla öldürə bilir. Oğul atanı, ata övladını, qayınana gəlini, gəlin qayınanı, nəvə nənəni. Nənə nəvəni və hətta nəvələrini!.. İnsanların bu şəkildə qəddarlaşması, cinayətə meyilliliyin artması, bütövlükdə cəmiyyətdə manyaklaşmanın getdikcə daha artıq hiss edilməsi sonun çox dəhşətli olacağının bir siqnalıdır.

Qadına şiddət nədən qaynaqlanır?

"Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova:

- Bir çox hallarda qadınlar əsassız yerə "namus cinayətləri”nin qurbanına çevrilir. Bu tip cinayətlər çoxalmağa başlayıb və bu, çox narahatedicidir. Hər bir cinayət hadisəsinin törədilmə səbəbləri fərqlidir. Ola bilər ki, həqiqətən hansısa kişi həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirsin. Amma biz bunun nə dərəcədə doğru olub-olmadığını haradan bilək? Çox zaman kişilər öz cinayətlərinə "hüquqi don” geyindirmək üçün qadınlara şər atırlar. Bilirlər ki, həbsxanada namus üstə yatanlara hörmət edilir, ona görə də cinayətlərini "namus” pərdəsi altında gizlədirlər.
Əslində isə, ailədə baş verən hər bir narazılığa, ər-arvad arasındakı anlaşılmazlığa görə hər iki tərəf məsuliyyət daşıyır. Ailə tək bir kişidən və ya tək qadından ibarət deyil. Ailə iki insanın birgə yaratdığı ortaq yaşam yeridir. Ailənin möhkəmliyi də bu iki nəfərdən asılıdır. Azərbaycan mentalitetində qadın ailənin qoruyucusu hesab edilir. Bəs kişinin vəzifəsi nədir? Qadın ailəni qorumalıdır, yoxsa kişi? Bu vəzifə təkcə qadının üzərinə qoyulacaqsa, onda evlənmək, ailə qurmaq nəyə lazımdır? Elə hamı təkbaşına yaşayar. Ailənin möhkəmliyi hər iki fərdin onu nə dərəcədə qoruyacağından asılıdır. Ailəsinə, qadınına sədaqət göstərməyən kişinin qadından bunu tələb etməyə haqqı yoxdur. Kişi də qadın qədər sədaqətli, ailəsinə bağlı olmalıdır. Təəssüf ki, Azərbaycan ailəsində bu ənənələr, süni "mental dəyərlər” adı altında dəyişdirilib. Halbuki keçmişdə boşanmaların sayı çox olmurdu, qadınların namussuzluğu və "namusluğu” da bu dərəcədə deyildi. Əsl kişi qadınına namussuz damğası vurmaz. Bunu özünə ar bilər. Sən necə kişisən ki, arvadın namussuzluq edir?! Əlbəttə, istisnalar bütün dövrlərdə və cəmiyyətlərdə olub və olacaq da. Ancaq gəlin, ümumi vəziyyətə nəzər salaq. Son illərin internet, sosial şəbəkə, "Facebook” dalğası cəmiyyəti əhatə edib. Evdə həyat yoldaşından diqqət, sevgi görməyən qadın internetdə yazışmalara başlayır və bəzən bu yazışmaların sonu evdən qaçmalarla nəticələnir. Bu da bizim faciəmizdi. Qadın elə bir diqqət və sevgi ilə əhatə olunmalıdır ki, özünə dost axtarmaq fikrinə düşməsin. Eyni sözlər kişilər üçün də keçərlidir. Qadın da həyat yoldaşına eyni səmimi münasibət bəsləməlidir. Bəzən boşanmaların, qətl hadisələrinin səbəbini iqtisadi çətinliklərdə axtarmağa başlayırlar. Belə deyil. Müharibə vaxtı insanlar aclıq çəkirdi. Evlərdə yeməyə bir şey olmurdu. Amma qadınlar pis yola düşmədi, illərlə oturub həyat yoldaşlarının yolunu gözlədilər. Deməli, cəmiyyətdə aşınmalar var.

Başlanğıc hardadı?

Qadınlar ittiham olunur. "Əxlaqsızdır”, deyə. Bu, həmin qadındır ki, kafe və şadlıq saraylarında kişilərin şərab qədəhlərini yuyur. Həm də yüzlərlə ədəd. Bu həmin qadındır ki, xadiməlik edir, küçə süpürür. Aşpazlıq edir. Kilolarla ağır çantaları daşıyır ki, evinə pul gətirsin. Azərbaycan qadını o zaman aşağılandı ki, kişinin "qazanc mənbəyi” rolu onun zərif çiyinlərinə qoyuldu. Bununla da ailədə rollar dəyişdi. İşsiz qalan kişi gününü evdə televizor qarşısında keçirdi, qadın isə kafelərdə qabyuyan oldu, xadiməlik etdi. Bəzi kişilərsə irəli gedib alt paltarı, həm də qadın alt paltarları satmağa başladılar. Sonrası daha ağır; sərhədlər açıldıqca, satılan qadınlar da çoxaldı. Qadınları satın alan da kişilərdir axı. Çox da ki, keçmişdə də bu peşə vardı, deyib, arqument tapırıq guya. Bu qədər də yox axı!.. İstənilən halda eybəcər şəklə düşmüş cəmiyyətdən nə desən gözləmək olar. Və olur da.

Qaralan türk televiziyaları, "ağaran” Azərbaycan efiri.

Özgəcan cinayətindən sonra Türkiyə televiziyalarında bir dəqiqəlik ekran qaralır. Sadəcə, "Cim-siyah”. Və "Özgəcan, sənin üçün” sözləri. Türkiyə televiziyalarının cinayətə təpkisi bu. Bəs bizdə? Dəfələrlə bu mövzuya toxunulub ki, telekanallar əxlaqsızlığı təbliğ edir, yüksək əxlaqi dəyərləri deyil. Azərbaycan telekanalları bir-iki verilişi çıxmaq şərtilə ancaq şouya yüklənib və bunun da adını həyasızlıqla "reytinq” və "reklama hesablanma” qoyurlar. Guya ki, ölkə əhalisi ciddi proqramlara maraq göstərmir, "şou, şou!”, "Konsert, konsert” deyib bar-bar bağırır. Hər telekanalda yerli seriallar yayımlanır. Məzmun ya şit, əttökən gülüşdür, ya da kriminal. Adına komediya deyilən seriallarda da boşanma, kişinin başqa qadınlara aludəliyi, biri-birinə "atmaq”, biri-birinin ayağının altını qazımaq, "torba tikmək”, ya da əxlaqsız kişilərlə əxlaqsız qadınların, "kriminal avtoritetlər”in həyatından bəhs edən dizilərdir. Burda da aldatma, şərləmə, qadının pozğunluğu, kişinin abırsızlığı əsas motivdir. Belə əxlaqsızlıqlardan, pozğunluqdan bəhs edən filmlərdən kim hansı örnəyi götürəcək? Bir ölkədə ki adları məlum hadisələrdə hallanan və cəmiyyətin normal kəsiminin təpkisi ilə qarşılaşan müğənni cütlüyü seriala çəkilişə dəvət olunur və guya nümunəvi ailə modelini canlandırırlar, həmin ölkədə əxlaqsızlıq, pozğunluq və bunun nəticəsi olaraq da cinayətlər təbii ki, artacaq. Cəmiyyətə nə verirsənsə, onu da alacaqsan. Hansı televiziya kanalında həqiqi Azərbaycan ailəsi təbliğ olunur? Və olunursa da, əxlaqsızlığın, abırsızlığın, pozğunluğun reklamı ilə müqayisədə nə dərəcədədir? Əlbəttə, səviyyəsiz, şit şoular daha ağır gəlir. Şoulara başı qarışan qadından, kişidən ailə möhkəmliyi gözləməyə dəyməz. Çünki; "aşıq gördüyünü çalır”. Toplum əxlaqsızların başa keçirildiyini görüncə, bunun yaxşı bir iş və norma olduğunu düşünür. Görür ki, yolunu azmış hesab etdiyi kəslər var-dövlət, cah-cəlal sahibidir. Və "anlayır ki”, əslində o, düzgün yolda deyil. Cinayət törətsə belə, cəmiyyətdən dışlanmayacaq, əksinə, hörməti artacaq. Bu da meyar dəyişkənliyinə bir nümunə.

Aqressiya

Psixoloqlarsa hesab edir ki, cəmiyyətdə artan aqressiyanın səbəbi insanların yaşam tərzinin ağırlaşmasındadır. Psixoloq Samir Əliyevin fikrincə, gündəlik həyatda daim çətinliklərlə qarşılaşan insanın tez bir zamanda depressiyaya düşməsi, əsəb gərginliyi yaşaması təbiidir:

- Son zamanlar həyat şərtləri o qədər ağırlaşıb ki, insan psixikası buna tab gətirə bilmir. İnsanların psixikası pozulur. Gün ərzində əsəbi olan birisindən istənilən cinayəti gözləmək mümkündür. İnsanlar arasında qarşılıqlı hörmət, mərhəmət, şəfqət hissləri azalıb. Bəşər övladına xas ülvi hisslərin təbliği üçün də heç bir iş aparılmır. Məktəblərdə də bu iş getmir. Yeniyetmə və gənclərin təlim-tərbiyəsi lazımi səviyyədə aparılmır. Uşaq kimdən nümunə götürür? Evdə valideynlərindən, məktəbdə müəllimdən. Evdə valideynlər biri-birinə ancaq nalayiq sözlər deyirsə, biri-birini təhqir edirsə, məktəbdə də müəllim seriallardan danışırsa, şagirdlərdən pul tələb edirsə, müəllimin fikri dərsi tez yekunlaşdırıb əlavə hazırlaşdırdığı şagirdlərin yanındadırsa, uşaq ondan nə nümunə götürəcək? Biz dəfələrə bildirmişik ki, ailədə şiddət görən uşaqlar gələcəyin potensial cinayətkarlarıdır. Təlim-tərbiyə körpəlikdən başlamalıdır. Azərbaycan ailəsinin vəziyyətinə köklü baxılmalıdır və problemlərin həllinə kompleks yanaşılmalıdır. Bu iş uşağın kiçik yaşlardan etibarən tərbiyəsindən başlayaraq məktəb, ali məktəb səviyyəsində, həmçinin təbliğat vasitələrini nəzarətə alaraq aparılmalıdır. İnsanlarda qəddarlıq hissi oyadacaq təbliğat vasitələrinə qətiyyən yol vermək olmaz. İnsanlığın xilası mərhəmətdə, şəfqətdədir. Amma bu ülvi hisslər heç yerdə, heç bir vasitə ilə təbliğ və təlqin edilmir.

Susqunluq və unutqanlıq

Türkiyədəki olaylar Azərbaycan cəmiyyətinin necə fərqli olduğunu da üzə çıxardı. Gənc qızın faciəli ölümünə toparlanan Türkiyə cəmiyyətindən fərqli olaraq Azərbaycanda qadına şiddətə qarşı heç bir təpki göstərilmir. Cəmiyyət susqundur. Qadın cəmiyyətləri də lal-dinməz.
Rəbbimizin bəşəriyyətə rəhmət olaraq göndərdiyi əziz Peyğəmbərimiz Məhəmməd s.ə.s sonuncu xütbəsində kişilərə müraciət edərək buyurur: Qadınlarınızla gözəl davranın. Siz onları Allahın əmanəti olaraq aldınız. Sizin onlar üzərində haqqınız olduğu kimi onların da sizin üzərinizdə haqqı vardır. Deməli, peyğəmbər (s.ə.s) bununla bildirir; əmanətə xəyanət olmaz! Xüsusən də, bu, Allahın əmanətidirsə!.. Cəmiyyətdəki aşınmaların, qəddarlaşmanın ən mühüm səbəblərindən biri də islam dəyərlərindən və Allah yolundan, Allahın bizə buyurduğu qanun-qaydalardan uzaqlaşmağımızdır. Bəziləri bəlkə heç anlamır da ki, Allahın əmanəti nə deməkdir. Bu, cütlüklər evlənərkən kəsilən kəbində özünü göstərir. Çünki kəbin zamanı Allahı şahid tutaraq evlənirlər. Allahın şahidliyi ilə gerçəkləşən evlilik sonra şeytanın təhriki ilə qətllə sonuclanırsa, günahı yalnız özümüzdə axtarmalıyıq. İstər qadın olsun, istərsə kişi, şeytanla yoldaşlıq edənin yolu Cəhənnəmədir.

Məlahət Rzayeva