"Azərbaycanlı gənclərin icadlarını xaricdə reallaşdırmasının səbəbi elmi-texniki mühitdir”.
Bu sözləri "Sherg.az”a, Türkiyədə təhsil alan 17 yaşlı azərbaycanlı Cavid Bayramlının silinməyən yol boyası yaratmasından danışarkən filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Rafiq İsmayılov deyib.
O diqqətə çatdırıb ki, kəşflərini reallaşdırmaq üçün xaricə üz tutan azərbaycanlı tələbələr orada müsbət qarşılanır:
"Hətta onların səs-sədası xaricdən gəldikdə ölkəmizdə də tanınırlar. İstedadlı gənclər ola bilər, burada da hansısa ixtiraların müəllifidirlər, amma o qədər də tanınmırlar.

Dövlət müxtəlif layihələr həyata keçirməlidir. İstedadların qeydə alınması, onlara şərait yaradılması üçün müəyyən qurumlar fəaliyyət göstərməlidir ki, bunlar stimullaşdırılsın. Tək xarici ölkələrə gedənlər deyil, ölkədə icadla, elmlə məşğul olanlar təbliğ olunmalıdır. Baxırsan ki, kimsə maraqlı, faydalı bir şey icad edib, amma tanınmır, təbliğ edilmir.
Təbliğat məsələsində də problem var. Nədənsə, içərimizdən birisi nə isə icad edəndə etinasız yanaşırıq. Düşünürük ki, yəqin özünü reklam edir. İctimai şüur məsələsi də var. Amma həmin şəxsin səsi xaricdən gələndə inam yaranır ki, xaricdə tanışlıq keçmir, doğrudan nə isə yaradıb”.
Qeyd edək ki, Türkiyədə təhsil alan 17 yaşlı azərbaycanlı Cavid Bayramlı və türkiyəli Kerem Acar kimya sahəsində yeniliyə imza atıblar. Belə ki, onlar "Robust Dye" adını verdikləri silinməyən yol boyası istehsal ediblər. Onlar ilk boya istehsalına 2016-cı ildə başlayıblar və bir il müddətində məhsul tam olaraq hazırlanıb.
Aysel Aslan