“Azerspace-2” gücümüzə güc qatdı: “Süni peyklər strateji və təhlükəsizlik cəhətdən çox faydalıdır”

"Azerspace-2” peykinin orbitə buraxılması təqdirəlayiq haldır”. Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, 3-cü peykin orbitə buraxılması Azərbaycanın gücünü, nüfuzunu artıran faktor olmaqla yanaşı, həm də çoxsaylı üstünlüklər deməkdir: 
"Süni peyklər strateji və təhlükəsizlik cəhətdən çox faydalıdır. Eyni zamanda iqtisadi cəhətdən səmərəlidir. Təbii ki, peykin idarə edilməsindən çox şey asılıdır. Kosmik bazarda tələbatın həcmi və təkliflərin sayı da ciddi rol oynayır. Həm də bu peyk fərqli coğrafi zonada işləyəcək ki, orada həm tələbat çoxdur, həm də təklif. 
Rəqiblər də güclü dövlətlərdir. Yəqin ki, müvafiq dövlət orqanları hərtərəfli araşdırma apararaq bazarı öyrəniblər. Ona görə də dövlət bu işə böyük vəsait sərf edir. Bu mənada 3-cü peykin buraxılması ölkəmizə fayda verəcək”.
Qeyd edək ki, Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb. "Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
İsmayıl