Əli Məsimli: “Mövcud iqtisadi durumda metroda gediş haqlarını qaldırmaq həmin təbəqələrin büdcəsi üçün ciddi zərbə olar”
Bir neçə gün əvvəl ölkədə işıq pulunun bahalaşması digər sahələrdə də bahalaşma ilə bağlı narahatlıqlar yaradıb. Ekspertlər bildirirlər ki, artımlar əsaslı olmasa da, gözləniləndir. Daha çox nəqliyyat xərclərinin və həmçinin çörəyin qiymətinin artması gözlənilir. Hətta bəzi saytlar "Bakı Metropoliten”ində qiymətin yaxın günlərə 40 qəpik olacağını yazıb.
Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə "Şərq”ə açıqlamasında qiymət artımını Metropolitenin yox, Taarif Şurasının müəyyən etdiyini deyib: "Yaxşı olar ki, Şuraya müraciət edəsiniz. Qiymətləri biz müəyyən etmirik. Ancaq onu deyə bilərəm ki, hazırkı vaxtda bu məsələ aktual deyil. Qiymətləri Tarif Şurası tənzimləyir və hələlik qiymət artımı ilə bağlı tərəfimizdən heç bir müraciət olunmayıb”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli isə elektrik enerjisinin bahalaşmasından söhbət gedən yerdə bahalaşma dalğasının qaçılmaz olduğunu deyib: "İşığın qiymətinin 1 qəpik də olsa qaldırılması, bütün sahələrə öz təsirini göstərəcək. Demək olar ki, bütün məhsulların maya dəyərində elektrik enerjisi mühüm rol oynayır. Bu nöqteyi-nəzərdən işığın bahalaşması müəyyən qədər qiymətlərə də, adi insanların vəziyyətinə təsirsiz ötüşməyəcək. Onların aylıq enerji tələbatına da təsirini göstərəcək. Amma istənilən halda yekun qərar hökumətin apardığı siyasətdən asılıdır”.
Millət vəkili mövcud şəraitdə qiymət artımı üçün heç bir iqtisadi əsas olmadığını düşünür: "Ölkədə maaşlar qalxıb, əhalinin güzəranı yaxşılaşıb, yoxsa gəlirləri yüksəlib? Vətəndaşların sosial təminatında heç bir artım yoxdursa, bahalaşmanın da heç bir iqtisadi əsası yoxdur”.
Metrodakı qiymət artımı ilə bağlı yayılan söz-söhbətlərə gəldikdə isə Ə.Məsimli indiki halda hökumətin belə bir addım atmasının düzgün olmadığını deyib: "Metrodan istifadə edən vətəndaşların böyük əksəriyyəti aztəminatlı və həyat səviyyəsi olduqca aşağı olan insanlardır. Mövcud iqtisadi durumda metroda gediş haqlarını qaldırmaq həmin təbəqələrin büdcəsi üçün ciddi zərbə olar. Yeni qatarların alınması, yeni stansiyaların salınması artım üçün əsas vermir. Lap uçan qatar da alsalar, əztəminatlı ailələrin durumu nəzərə alınmalıdır. Hesab edirəm ki, dövlətin bu sahədə bir siyasəti olmalı və bu cür artımların qarşısı alınmalıdır”.
Şəymən