Paytaxtımızda Rusiya-Qərb təmasları uğurlu xarici siyasətin nəticəsidir
NATO baş komandanı Skaparotti və Rusiya Federasiyasının Baş Qərargah rəisi general Gerasimov Azərbaycan paytaxtında növbəti dəfə bir araya gəliblər. Səfər zamanı Skaparotti və Gerasimov Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüblər. Tərəflər Avropa regionundakı hərbi fəaliyyəti, təhlükəli insidentlərin qarşısının alınmasını, eləcə də Suriyadakı vəziyyəti müzakirə ediblər.
Məlumdur ki, son dönəmlər ABŞ-Rusiya münasibətləri gündən-günə pisləşməkdədir. "Skripal işi”ndən sonra Amerika və müttəfiqlərinin Suriyanı bombalaması münasibətləri kritik həddə çatdırıb. Belə bir şəraitdə dünyanın iki ən qüdrətli gücünün hərbi rəhbərliyinin məhz Bakıda bir araya gəlməsi Azərbaycanın geosiyasi önəmini, qlobal təhlükəsizlik rolunun artmasını göstərir. Yerli və beynəlxalq ekspertlərin də düşüncəsi bu yöndədir. Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspert İqor Korotçenko hesab edir ki, Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişli meydançadır. Onun sözlərinə görə, burada Azərbaycanın güclü silahlı qüvvələrinin olması da rol oynayır:
"Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır. Danışıqlarda əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərində mövcud olan ümumi gərginlik olub”. Ekspert hesab edir ki, Gerasimov-Skaparotti görüşü üçüncü dünya müharibəsinin yaranması riskinin qarşısını almaq məqsədi daşıyır. TASS agentliyinin hərbi şərhçisi Viktor Litovkin də bildirib ki, generalların Bakıda görüşməsinin əsas səbəbi, Azərbaycanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir: "Bu, birinci səbəbdir. İkinci səbəb Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasıdır. Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var.
Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır”.
Generalların növbəti dəfə Bakını seçməsi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən tanınmış politoloq Zaur İbrahimlinin sözlərinə görə, Rusiya və NATO hərbi rəhbərliyinin təmsilçilərinin Bakıda bir araya gəlməsi Azərbaycanın maraqları uzlaşdırmağı bacaran, hər iki tərəf üçün etibarlı tərəfdaş rolunda çıxış edən ölkə kimi əhəmiyyətindən xəbər verir:
"Rəsmi Bakının uzun illər boyu təzyiq və təhdidlərə baxmayaraq, milli maraqları əsas götürməklə tarazlaşdırılmış xarici siyasət kursu həyata keçirməsi, öhdəliklərinə sadiq qalması Azərbaycanın etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bu status Azərbaycan üçün çox vacibdir.
Ölkəmizin çox mürəkkəb geosiyasi məkanda yerləşməsi Azərbaycan üçün müvafiq təminatlar sisteminin olmasını vacib amilə çevirib. Məhz tarazlaşdırılmış xarici siyasət, bölgəyə maraq, ölkələr üçün faydalı olan layihələrin həyata keçirilməsi təşəbbüskarı kimi çıxış etməsi Bakıya bu təminatlar sisteminin yaradılmasında kömək edib. Paytaxtımızın Rusiya-Qərb təmaslarının məkanına çevrilməsi də uğurlu xarici siyasətin nəticəsidir. Bu xarici siyasət kursu həm Azərbaycanın müstəqil siyasət yürütməsinə təminat verir, həm də Bakının regional proseslərə təsirini gücləndirir. Eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş statusunu möhkəmləndirməklə, Bakının önəminin artmasından xəbər verir”.
İsmayıl