
Bakı rəngini dəyişir, dərslər başlayır
Nazir və valideynlər səy göstərsə tıxacın qarşısını almaq olar

3 gündən sonra şəhərdə hərəkət etmək mümkünsüz olacaq. Tıxaclarda ilişib qalacağımızı indidən göz altına almalıyıq; Dərslər başlayır, ona görə. Dövlət Yol Polisi də artıq indidən sürücülərə xəbərdarlıq edib. DYP-dən verilən açıqlamada bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.
Təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan, həmçinin, məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Sentyabrın 16-dan etibarən Bakı şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə baxış keçiriləcək və aidiyyəti tədbirlər görüləcək.
DYP-nin şöbə müdiri Vaqif Əsədov öz açıqlamasında valideyn və şagirdlərə xəbərdarlıq da edib: "Avtomobil sahibləri, sürücülər təhsil müəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbini yerinə yetirməlidir. Məktəblərin ətrafında dayandırılan nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili olanlar avtomobili olmayanlar barəsində də düşünməlidirlər.
Göründüyü kimi, DYP-ni sentyabrın 16-dan etibarən paytaxtın küçə və prospektlərində yaşanacaq vəziyyət narahat edir və bunun qarşısının alınması üçün konkret tədbirlər görüləcəyini də bəyan edirlər.
Məlumdur ki, istər dərslər oldu, istərsə də, olmadı, paytaxtda ilin hər vaxtı tıxac "həmişə hazır”dır. Nə qədər yollar genişlənirsə də, körpülər, yol qovşaqları tikilərsə də, dairəvi yollar salınırsa da, tıxacdan yaxa qurtara bilmirik. Səbəblər çoxdur. Bir-ikisini deyək. Məsələn, uşaqların şəxsi avtomobillərlə məktəbə gətirilməsi. Xüsusən də şəhərin mərkəzində yerləşən "bərkgedən” məktəblərin qarşısı səhər və günorta saatlarında xarici avtomobillərdən keçilməz hala gəlir. Eləcə də universitetlərin qarşısı, sağı-solu. Bakı Dövlət Universitetinə aparan yolda necə tıxacların yaşandığına çoxları şahid olurdu. Bir avtomobilin park edilməsinə dəqiqələrlə vaxt gedirdi, yolda uzun tıxaclar yaranırdı. Hazırda həmin yol hərəkətə bağlıdır. Metronun "Elmlər Akademiyası” stansiyasının üçüncü çıxışının tikilməsi səbəbindən. Vəziyyət lap betər olub. İndi bütün avtomobillər toplaşır Texniki Universitet, Memarlıq və İnşaat Universiteti və həmçinin də BDU-nun qapısının açıldığı küçəyə. İndi də bu yolda hərəkət etmək müşkülə çevrilib. Səkilərin nəinki kənarında, lap üstündə də o qədər avtomobil dayanır ki, hərəkət keçilməz olur.
Görəsən, bu vəziyyət nə qədər, hələ neçə il belə davam edəcək? Yoxsa, insanlarımızın tıxaca düşmək, saatlarla yollarda qalmaq xoşuna gəlir?
Təhsil eksperti Nadir İsrafilov məlum problemin həlli yollarının mövcud olduğunu, lakin heç bir qurumun bu məsələyə vaxt ayırmaq istəmədiyini dedi:
- Birincisi, bu, şəhərin memarlığı ilə bağlı problemdir. Bakının Baş Planına əvvəllər diqqət yetirilirdi, plandan kənara çıxmalara sərt yanaşılırdı. Amma sonra kim nə istədi elədi, kim nə istədi tikdi. Şəhərdə çox sıxlıqdır. Xüsusən də mərkəzi hissədə. Rəşid Behbudov küçəsi boyunca 2 ali məktəb, 5 orta məktəb yerləşir. Təbii ki, burda sıxlıq, tıxac olacaq. O şagirdlər, tələbələr dərsə gedəndə, dərsdən çıxanda görün orada nə vəziyyət yaşanır. "Elmlər Akademiyası” ərazisi də belədir. Ali məktəblər, orta məktəblər, liseylər, kolleclər. Orta məktəblərin geniş əraziləri, həyətyanı sahələri olmalıdır. Varıydı da. Hələ sabiq nazir Misir Mərdanovun zamanında məktəblərin texniki pasportları yığıldı, sonra da it-bata düşdü. Bilinmədi ki, bu texniki pasportlar niyə ortadan yığıldı. Belə zənn edirəm ki, bəlkə də o texniki pasportlarda məktəblərin sahələri dəqiqliyi ilə göstərildiyi üçün ortadan qaldırılıb. Bilinməsin ki, hansı məktəbin nə qədər ərazisi var. 43 saylı orta məktəbin böyük ərazisi vardı. Onu yavaş-yavaş zəbt etdilər. "Kaspian Şopinq” tikdilər, dükanlar, iaşə obyektləri sıraya düzüldü. Məktəbin ərazisi "yoxa çıxdı”. Sovet vaxtı məktəb tikintisi zamanı onun geniş ərazisinin, həyətyanı sahəsinin, rahat yolunun olmasına ciddi fikir verilirdi. Çünki uşaqlar məktəbə rahat gedib-gəlməlidir. Məktəb binası avtomobil yolundan kənar olmalıdır ki, uşaqların həyatına təhlükə yaranmasın. Amma məktəblərin ərazilərini zəbt etdilər, gözəllik salonundan tutmuş, nə istəsən onu tikdilər. Elə məktəb var ki, şagirdlər qəbiristanlığın içindən keçib dərsə gedirlər. Belə olmaz axı. Uşaqların məktəbə qəbulu da ərazi dislokasiyası üzrə aparılmalıdır. Mən Nəsimi rayon təhsil şöbəsinin müdiri işləmişəm. O zaman biz məktəblərin dislokasiyasını tərtib edirdik və uşaqlar məktəbə buna uyğun qəbul olunurdular. Daha uşaqların məktəbə maşınla aparılmasına ehtiyac qalmırdı. Misir Mərdanovun zamanında belə qərar verdilər ki, kim hansı məktəbə istəsə gedə bilər, demokratiyadır, insan hüquqlarına hörmətdir və s. Biz demokratiyanı da, insan hüquqlarını da istisna etmirik, hörmətlə yanaşırıq. Amma insanların yaşayış yeri, məktəbin yerləşdiyi ərazi nəzərə alınmayanda, müxtəlif fəsadlar üzə çıxır. Təsəvvür edin ki, Bülbülə qəsəbəsindən şagird, deyək ki, 1 saylı orta məktəbə dərsə gəlməlidir. Saat neçədə bu uşaq yuxudan durmalı, evdən nə zaman çıxmalıdır ki, dərsə vaxtında çatsın? Əlbəttə, bu uşaq üçün də, onun valideyni üçün də əlavə problem yaradacaq. Amma uşaq evin yaxınlığındakı məktəbə gedəndə valideyn də arxayın olur, uşaq da əziyyət çəkmir. Düzdü, mən qəbul edirəm ki, valideynlər uşaqlarının yaxşı təhsil verən məktəbdə oxumalarını istəyirlər, bu artıq tamam başqa söhbətin mövzusudur. Bu, artıq tədris-təlim, orta məktəblərimizin, ümumiyyətlə, təhsilimizin səviyyəsi və problemlərlə bağlı məsələdir.
Hər bir məsələdə mövcud təcrübədən yararlanmaq olar. Məsələn, xarici ölkələrin təcrübəsində məktəblərdə avtobus xidmətinin təşkili, kampusların tikilməsi ənənəsi var. Şagirdləri məktəbə
xüsusi avtobuslar aparıb-gətirir. Bunu bələdiyyələr də təşkil edə bilər, məktəbin rəhbərliyi də. Onsuz da şagirdin təhsili üçün müəyyən məbləğ sərf olunur. Xüsusən də bizim məktəblərdə. Validenylər özləri bu məsələni qaldıra bilər ki, məktəbin xüsusi avtobus xidməti təşkil edilsin, müəyyən məbləğ müqabilində şagirdlər məktəbə, oradan da evə daşınsın. Ali məktəblərlə bağlı isə kampusların olması çox vacibdir. Xarici ölkələrdə məhz bu sistemdir. Kampus tələbənin tədris keyfiyyətini yaxşılaşdırır. Tələbə kirayə ev axtarmır, kirayə pulu barədə fikirləşmir. Yol pulu ödəmir. Yataqxanası da oradadır, yeməyi də, kitabları da. Hətta daxilində tələbələr üçün iş yerləri olan kampuslar da var. Bizim tələbələrinsə, fikri-zikri kirayə pulunun, yol pulunun, "bu gün nə yeyəcəyəm, sabah çörək almağa pulum var, ya yox”dur. Ona görə də təhsilin keyfiyyəti aşağıdır. Ali məktəblər nəhəng kampuslar şəklində olmalıdır, orada tələbəyə hər cür şərait yaradılmalıdır. Belə söhbət gəzirdi ki, əvvəlcə 4 ali məktəbi şəhərdən kənara köçürəcəklər. Söhbət belə də qalıb. Universitetlərin öz maliyyə imkanları var ki, kampuslar inşa etsinlər. Çünki bu dəqiqə bizdə 70 faiz ödənişli təhsildir. Bütün problemlərin çıxış yolu, həlli yolu var, sadəcə, etmək lazımdır. Nəyi gözləyirlər, bilmirəm. "Müasir təhsil strategiyası”nda da bunlar hamısı qeyd edilib. Bircə, hərəkətə keçmək qalır.
Məlahət Rzayeva