Bakı Şəhər Bələdiyyəsi yaradılsa belə, meriya yerində qalacaq

Sadəcə olaraq, hər iki qurum arasında qanunla səlahiyyət bölgüsü aparılacaq və bir-birinin işlərinə qarışmayacaqlar


Milli Məclisin ötən iclasında 2-ci dərəcəli ədliyyə müşaviri Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. Zahirovun hesabatını dəyərləndirən parlamentarilər isə bələdiyyələrin status məsələsinə və Bakıda şəhər bələdiyyəsinin olmamasına toxunublar. Qeyd edək ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması məsələsi neçə illərdir müzakirə predmetidir. Hətta bununla bağlı Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri də var. Amma bütün bunlara rəğmən şəhər bələdiyyəsinin yaradılması prosesi reallaşmır.

İqtisadçı Azər Mehtiyev hesab edir ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması gündəmdə çox ciddi problem kimi qalıb: "Avropa Şurasının Yerli Özünüidarəetmə haqda Xartiyasının tələblərindən biri odur ki, hakimiyyət mümkün qədər əhaliyə yaxın olmalıdır. Bu gün Azərbaycanda seçkili orqan yalnız parlamentdir. Əsas hakimiyyət də icra hakimiyyətidir. Xüsusən rayonlarda bütövlükdə hakimiyyət icra hakimiyyətinə məxsusdur. Bu gün Azərbaycanda yalnız mərkəzi səviyyədə seçilmiş qanunverici orqan - Milli Məclis mövcuddur. Yerli səviyyədə, rayonlar səviyyəsində seçkili qanunverici orqan yoxdur. Yerlərdə bələdiyyələr mövcuddur ki, onların da hakimiyyət statusu yoxdur. Hakimiyyətin əhaliyə yaxınlaşması baxımından bölgələr səviyyəsində seçki orqanlı şuraların yaradılmasına böyük ehtiyac var. Bu, ölkədə demokratik inkişafı təmin edən elementdir. Bu baxımdan Böyük Şəhər Bələdiyyəsi də şəhərin idarə edilməsi üzrə seçkili orqanın - bələdiyyə şurasının yaradılmasını nəzərdə tutan bir prosesdir. Və olduqca vacib prosesdir. Əgər Bakıda vahid bələdiyyə şurası - real yerli hakimiyyət olarsa, bu halda həmin şura tərəfindən bütün şəhəri əhatə edən qərarlar qəbul edilər. Onlar Bakıdakı bütün proseslərə ümumi nəzarəti həyata keçirə bilər. Bu, bütün dünyada sınaqdan keçmiş metoddur”. A.Mehtiyevin fikrincə, böyük şəhər bələdiyyəsi yaradılacağı halda ortaya yeni seçkili orqan atılır: "İstənilən seçkili orqan nə qədər pis olsa da, o, əhalinin ehtiyaclarına çevik reaksiya vermək iqtidarındadır. Bu gün bələdiyyələrin səlahiyyəti olmasa da, əhali bir çox problemlərlə bağlı onlara üz tutur. Deməli, meriya institutunun yaradılması əhaliyə yaxınlaşmaq baxımından çox ciddi bir addımdır. Bu, seçkili orqan olduğundan və belə orqanların tədricən icra hakimiyyətlərinin nəzarətindən çıxdığından hakimiyyət buna getmək istəmir”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə qeyd edib ki, Bakı şəhər Bələdiyyəsinin yaradılması məsələsi 1999-cu ilin ilk bələdiyyə seçkilərindən üzü bu yana müzakirə obyektidir: "Millət vəkillərimiz bu məsələni zamanla parlamentdə qaldırırlar və nədənsə, hər dəfə də cəmiyyətə yeni fikir kimi çatdırılır. Amma bu heç də yeni məsələ deyil. Əksinə, kifayət qədər problemli məsələdir. Bu səbəbdən də Bakı şəhər bələdiyyəsi məsələsi öz həllini tapana qədər rayon bələdiyyələri və onların statuslarının artırılması ilə bağlı məsələlər öz həllini tapmalıdır. Bu gün bələdiyyələrin heç bir statusu yoxdursa və onlar icra hakimiyyətlərinin əlavəsinə çevriliblərsə, yeni bir qurumun yaradılmasının nə kimi əhəmiyyəti var”.

Ekspertin sözlərinə görə, gələcəkdə Bakı şəhər bələdiyyəsi yaradılacağı təqdirdə onların sədrləri ayrıca seçkili olsun. Dünya praktikasında var ki, bələdiyyə seçkiləri ayrı, üzvləri ayrı seçilir. Bu zaman həm güclü rəqabət yaranır, həm də onların fəaliyyəti geniş olur.

Bakı Şəhər Bələdiyyəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasındakı səlahiyyət bölgüsünə gəldikdə isə M.Zülfüqarlı dünya praktikasında bələdiyyələrin iki formasının olduğunu deyib: "Fransız və Anqlasakson formalar. Anqlasakson formasında prezidentin yerlərdə nümayəndəsi olmur və bütün işlər yerli özünüidaretməyə verilir. Fransız forması isə Azərbaycandakı sistemdir. Odur ki, Azərbaycanda Bakı şəhər Bələdiyyəsi yaradılsa belə, meriya öz yerində qalacaq. Sadəcə olaraq, hər iki qurum arasında qanunla səlahiyyət bölgüsü aparılacaq və bir-birinin işlərinə qarışmayacaqlar. İndiki halda isə bizdə eyni səlahiyyətlər hər iki quruma da verilib. İcra hakimiyyətləri isə bələdiyyələrin normal fəaliyyətinə imkan vermirlər”.

Şəymən