Bakı və Sumqayıtı təhlükə gözləyir

Azərbaycanda AES tədqiqat məqsədi ilə tikilirsə, qiymətləndirilir



Azərbaycanda yaxın gələcəkdə Atom Elektrik Stansiyası qurulacaq. Tikinti barədə planları açıqlayan Azərbaycanın "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov deyib ki, 20 meqavat gücündə ilk reaktorun layihələndirilməsi üzrə tender gələn il elan ediləcək. Nüvə reaktorundan başqa 2 kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq.

A.Qəribovun sözlərinə görə, Azərbaycanda tikilməsi planlaşdırılan reaktor ölçülərinə görə unikal olacaq: "Hesablamalarımıza əsasən, reaktorların tikintisi üzrə işlər 2020-ci ildə başa çata bilər, çünki Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) icazə almaq üçün iki il tələb olunur. Azərbaycan icazə üçün MAQATE-yə artıq müraciət edib, lakin nüvə reaktorunu tikəcək podratçı şirkətin zəruri lisenziyasının olması çox vacibdir”.

Maraqlı olan daha bir məqam isə tikintisi planlaşdırılan AES-in daha əvvəl xəbərlərdə adı keçən Nəvahi qəsəbəsi yaxınlığında deyil, Bakı və Sumqayıt şəhərlərinə yaxın ərazidə tikiləcəyidir. Yeni AES-in Rusiya tərəfindən inşa olunacağı və reaktorda işləyəcək kadrlar Rusiyada, konkret olaraq Dubnada hazırlanacaq.

Qeyd edək ki, bu xəbər birmənalı qarşılanmayıb. Azərbaycana hazırkı şəraitdə AES-lərin hansı səbəbdən gərəkli olması, eləcə də onun riski və xüsusən də Bakı ətrafında, seysmoloji aktiv bölgədə tikintisi tənqid olunur.

Amma ölkədə AES-in zərurətdən tikildiyini düşünənlər də yox deyil.

Politoloq Sülhəddin Əkbərin sözlərinə görə, burada söhbət ancaq tədqiqat məqsədli atom reaktorunun tikilməsindən gedə bilər: "Əgər AES doğrudan da tədqiqat məqsədi ilə tikilirsə, bunu müsbət dəyərləndirirəm. Çünki Azərbaycanda sözügedən sahənin inkişafına, kadrların hazırlanmasına və tibbdə onun tədqiqinə geniş imkanların açılması baxımdan zəruridir”.

Azərbaycanda AES tikintisinin riskli və təhlükəli olduğunu deyən S. Əkbərin sözlərinə görə, bu, faktiki şəkildə ölkəni dağıtmaq gücündə olan AES və ya belə desək, atom bombasını gətirib paytaxtın yaxınlığında yerləşdirilməsidir:

"AES-lə bağlı dünyada baş verən qəzaların da statistikasını nəzərə alsaq, bu stansiya ilə bağlı son dərəcə ehtiyatlı və həssas olmaq lazımdır. Həmçinin stanisiyanın tikintisi zamanı modern cihazlardan istifadə etmək məqsədəuyğundur. Əgər AES tikintisi Rusiya tərəfindən aparılacaqsa, bu, bizim üçün ikiqat təhlükə hesab olunur. Çünki Rusiyanın nüvə texnologiyaları son dərəcə təhlükəlidir və lazımi səviyyədə deyil”.

AES tikintisinin Azərbaycan üçün nə qədər vacib məsələ olduğuna gəldikdə isə politoloq deyib ki, ölkəmizdə tədqiqat məqsədli reaktorun tikintisinə çox böyük ehtiyac var. Onun sözlərinə görə, AES həm elmin inkişafı, həm də tibbin inkişafı baxımından çox faydalıdır. Amma dediyim kimi, hər nə qədər əhəmiyyətli olsa da, bir o qədər də təhlükəlidir.

AES-in Bakı və Sumqayıt şəhərlərinə yaxın ərazidə tikiləcəyinə gəldikdə isə S.Əkbər deyib ki, bu cür stansiyalar mümkün qədər yaşayış yerlərindən uzaq olmalıdır: "AES-lər tikilməmişdən əvvəl, daha doğrusu, layihələndirmə mərhələsində lazımi kəşfiyyat məlumatları toplanmalı və seysmik durum nəzərə alınmalıdır. AES-lərin tikintisi zamanı mümkün qədər seysmik aktiv bölgələrdən uzaq olmaq lazımdır. AES-lər əhalinin sıx yaşadığı ərazilərdən mümkün qədər uzaq olmalıdır, hətta dəniz sahillərinə yaxın olsa, daha əlverişli olar”.

Şəymən