Bakıda mənzillər ucuzlaşır

Ekspert qiymət enməsinin ilin sonuna kimi davam edəcəyini deyir



Ötən il dünya bazarında neftin qiymətinin enməsi, manatın iki dəfə devalvasiyaya uğraması fonunda Azərbaycanın əmlak bazarında yaranan durğunluq davam edir. Bazarda ancaq kiçik ölçülü və nisbətən ucuz mənzillərə üstünlük verilir.

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı-direktoru olan Ramil Osmanlı isə bu prosesin nisbi xarakter daşıdığını deyib. Onun sözlərinə görə, fevral, mart və aprel aylarında qiymətlərin ucuzlaşma həddi təqribən 3-5 faiz arasında dəyişirdisə, artıq yay mövsümündə orta qiymət dəyişməsi maksimum 1 - 1.5 faiz civarındadır. Bunun da əsas səbələrindən biri bazarda müraciətlərin azalması və müəyyən durğunluğun yaranması ilə bağlıdır: "Ümumi tendensiya bundan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət dinamikası bazarın aktiv dövrlərində daha çox müşahidə olunur, nəinki passiv dövrlərində”. Son bir ay ərzində qiymətlərdə təqribən 2 faizə qədər ucuzlaşmanın olduğunu qeyd edən ekspert mövsümün sonlarına doğru qiymətlərin bir qədər də düşəcəyini ehtimal edir.
Mənzil bazarında daha çox hansı mənzillərə tələbatın olmasına gəldikdə isə R.Osmanlı tələbatın çox hissəsinin ucuz qiymətli, kiçik ölçülü mənzillərə olduğunu deyib: "Tədricən bazarda ümumi korrekturanın dəyişməsi müşahidə olunur. Yəni əvvəlki illərdə təkrar bazara meyl edənlərin sayı daha çox idisə və ipoteka kreditləri hesabına bu dinamika təkrar bazarın xeyrinə dəyişirdisə, son illərdə artıq ipoteka kreditlərinin verilməsinə baxmayaraq alqı-satqı predmeti olan mənzillərdə ilkin mənzil bazarının, yeni tikililərin sayı daha çoxdur”.
Ekspertin sözlərinə görə, alıcılar daha çox şəhərin Xətai rayonunda, o cümlədən metro stansiyalarına yaxın ərazilərdə olan mənzillərə sahib olmaq istəyirlər: "Ümumi dinamikaya görə, növbəti yerlərdə Yasamal, Nəsimi, Binəqədi, Nizami və Nərimanov rayonları dayanır. İlk üçlükdə qərarlaşan Xətai, Yasamal və Nəsimi rayonlarının üstünlüyü ondan ibarətdir ki, bu rayonlar həm şəhər mərkəzinə nisbətən yaxındır, həm də burada ümumiyyətlə mənzil fondunun əsas hissəsini ucuz mənzillər təşkil edir. Baxmayaraq ki, Nəsimi rayonunun bir hissəsi şəhər mərkəzində yerləşir, amma mikrorayon ərazisində fransız layihəli evlərin qiyməti həddindən artıq ucuz olduğuna görə bu əraziyə maraq göstərənlərin sayı daha çoxdur. Ümumilikdə isə, əhalinin daha çox maraq göstərdiyi ərazilər metro stansiyalarının yaxınlıqları, ictimai nəqliyyatla daha sıx təmin olunan ərazilərdir. Bu da ondan irəli gəlir ki, təbii olaraq mənzil alan alıcılar gələcəkdə daha rahat gediş-gəliş imkanları qazanmaq və xərclərini azaltmaq məqsədilə bu cür ərazilərə üstünlük verirlər”.