Bunun üçün universitetlərdə dərs saatının dəyişdirilməsi təklif olunur
Yeni dərs ilinin başlanması paytaxtın tıxac problemlərini yenidən üzə çıxarıb. Dərslərin başlandığı və bitdiyi müddətlər 5-6 ali təhsil ocağının bir arealda yerləşdiyi məkanlarda ayaq basmağa yer tapmaq olmur. Buna səbəb isə universitetlərdə dərslərin eyni vaxtda başlaması və bitməsi göstərilir.
Məsələn, metronun "Elmlər Akademiyası” və "Gənclik” stansiyası ətrafında ən azı 4-5 ali təhsil müəssisəsi yerləşir. Həmin universitetlərdə dərslərin başlama və bitmə müddətinin eynilik təşkil etməsi sözügedən məkanları iflic duruma salır. Düzdü, problemin kökündən həlli üçün ekspertlər və ictimaiyyət nümayəndələri ali təhsil ocaqlarının şəhər ətrafına və regionlara köçürülməsini təklif ediblər. Bu iş ətrafında uzunmüddətli müzakirələr aparılsa da, məsələ hələ ki reallaşmır. Və universitetlərin yaxın perspektivdə köçürüləcəyi də inandırıcı deyil. Bu
baxımdan bəzi ekspertlər başqa vasitələr irəli sürüblər. Bildirirlər ki, ali məktəblərin çox olduğu ərazilərdə basabasa əncam çəkmək üçün universitet rəhbərləri dərs saatlarındakı eyniliyi aradan qaldırmalıdır. Bir-birinə yaxın yerləşən ali məktəblər razılaşaraq, dərslərin başlanma və bitmə saatlarını dəyişdirməlidir.
Universitetlərdə dərslərin eyni vaxtda başlaması və bitməsinin ciddi tıxaclara səbəb olduğunu deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında bildirib ki, universitetlərə müəyyən sərbəstlik verilib: "Bunu Təhsil Nazirliyi ilə razılaşdırıb, həll etmək mümkündür. İşin xeyrinə atılmış addım olar. Bəzi universitetlərdə dərslərin başlanması saat doqquza və onun yarısına çəkilərsə, şəhərdaxili tıxacların qarşısı alınar”.
Bununla yanaşı, ekspert söyləyib ki, Bakıya giriş yollarına alternativlər çəkilməlidir: "Hər gün Sumqayıtdan Bakıya gəlirəm. Nə qədər genişlənmə aparılsa da, tıxaclar əmələ gəlir. Ona görə də hesab edirəm ki, yeni yolların tikilməsinə ehtiyac var”.
Sabiq təhsil naziri, professor Firudin Cəlilov isə vurğulayıb ki, dərslərin başlanma və bitmə vaxtlarının müxtəlifliyi düzgün deyil: "Müəyyən olunmuş tədris saatları var. Onun dəyişdirilməsi təhsil sisteminə barmaq uzatmaq kimi bir şeydir. Tıxacların aradan qaldırılması üçün başqa yollar axtarılmalıdır. Bununla da TN deyil, Bakı Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır”.
Ayyət Əhməd