“Obyektlərin bu cür inşası həm tıxac yaradır, həm də infrastrukturu korlayır”
“Əgər şəhərdəki mövcud binalar nəqliyyatın hərəkətinə maneçilik törədirsə, həmin binalar sökülməlidir”
Bakı şəhərinin küçə və prospektlərində yaranan tıxaclar hər kəsi narahat edir. Buna səbəblərdən biri də yol kənarında qanunsuz tikililər, yolu, avtobus dayanacaqlarını zəbt edən müxtəlif obyektlərdir. Belə obyektlərdən biri də hazırda təmir-tikinti işləri gedən Binəqədi şossesində avtosfer.az saytının əməkdaşı tərəfindən qeydə alınıb. Maraqlıdır ki, düz piyada keçidinin yanında, özü də bundan əvvəl avtobus dayanacağı olmuş yerdə tikilən obyekt hətta yolun hərəkət hissəsinə də çıxıb. Həmçinin vaxtilə səki ilə yolun hərəkət hissəsinin arasında olan yaşıllıq zolağında tikilən bu obyekt tam olaraq maneə yaradır.
Bununla bağlı danışan yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bəzi adamlar elə düşünürlər ki, yerli icra hakimiyyəti orqanından icazə almaqla həyata keçirdikləri tikinti tam qanunidir.
"Ölkəmizdə tikinti və şəhərsalma normaları var. Həmin normalarda tam aydın şəkildə yazılıb ki, bütün tikililər şəhərin planına, yol-nəqliyyat infrastrukturuna uyğun olmalı, insanların rahatlığını, fasiləsiz, təhlükəsiz hərəkət şəraitini pozmamalıdır. Amma obyekt həm səkini, həm də yolun hərəkət hissəsini tutursa və yaşıllıq ərazisində tikilirsə, gələcəkdə tıxac mənbəyinə çevriləcək. Çünki onun nə ön hissəsində, nə də arxasında avtomobillər üçün parklanma yeri yaratmaq mümkün deyil. Ona görə də həmin obyektə gələn insanlar öz avtomobillərini ya yolun hərəkət hissəsində, ya da arxada - səkidə parklamalı olacaqlar. Bu isə Binəqədi yolunda yeni tıxac mənbəyinə çevriləcək. Bu səbəbdən də belə tikintilərin qarşısı dərhal alınmalı, buna icazə verən və tikintini həyata keçirən şəxslər isə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalanmalıdır ki, digər belə fikirdə olanlara da dərs olsun”.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun "Şərq” ə açıqlamasına görə, şəhərlərin nəqliyyat planlaşdırmasına görə, şəhərsalma zamanı ilk növbədə nəqliyyatın hərəkət xəritəsi planlaşdırılır və ona uyğun binalar yerləşdirilir. Əgər şəhərdəki mövcud binalar nəqliyyatın hərəkətinə maneçilik törədirsə, həmin binalar sökülməlidir. Hətta nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək üçün müvafiq qurumların 2-ci və 3-cü mərtəbəsindən tunel-körpü formasında yol salınır.
F.Eyyubov deyib ki, şəhərlərdə "qırmızı xətt” deyilən bir hədd var. Yəni avtobusların, taksilərin dayanması, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan yerlərdən əlavə yerlər olur.
Nəqliyyat şəbəkəsinin toxunulmaz olduğunu qeyd edən ekspert deyib ki, bu sistemə piyada dayanacaqları, keçidlər, nəqliyyat dayanacaqları və s. daxildir. Bu "qırmızı xətti” keçən hər bir kəs qanun qarşısında cavabdehdir:
"Ancaq çox təəssüflər olsun ki, Bakıda bu qaydalara tam şəkildə əməl olunmur. Hazırda Bakıda tikilən binalarda az adam yaşayır. Əhalinin sayı çoxaldıqca tıxaclar yaranacaq, avtomobillərin park edilməsi üçün yerlər qalmayacaq. Hesab edirəm ki, bu cür problemlər vaxtında həll olunmalıdır ki, sonradan daha da ciddi hal almasın”.
Şəymən