"Heç bir erməni Azərbaycan dövlətinin razılığı olmadan, təhlükəsizlik təmin olunmadan ölkəmizə ayaq basa bilməz”.
Bunu Sherg.az-a otuz il əvvəl Bakını tərk edən erməni Erik Xaçaturovun Azərbaycana səfərə gəlməsinə münasibət bildirərkən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib.
O bildirib ki, həmin ermənilərin təhlükəsizliyi də xüsusi xidmət orqanları tərəfindən təmin olunur:
"Onları əslində Azərbaycana gətirən dövlətdir, xüsusi xidmət orqanlarıdır. Bu sadəcə olaraq "xalq diplomatiyası” adı altında həyata keçirilir. Ölkəmizi gəzdirirlər ki, guya biz tolerant ölkəyik, çoxmillətli xalqıq. Beynəlxalq aləmə yaxud ermənilərə nümayiş etdirmək istəyirik ki, biz ermənilərə qarşı ayrı seçkilik etmirik. Bunu hansı məqsədlə etməyimizdən asılı olmayaraq düşünürəm ki, "xalq diplomatiyası” ermənilərin ölkəmizə gətirilməsi, onların burdan xoş təəssüratla getməsi, Azərbaycana olan xislətini dəyişmir. Onlar yenə işğalçı siyasətlərini yürüdürlər. Bu, sadəcə görüntü üçün həyata keçirilir. Fikrimcə, bu addım döyüşçülərə, 20 faiz torpaqları işğal altında olan ölkənin vətəndaşlarına, şəhid ailələrinə, müharibə qazilərinə yaxşı təsir etmir. Ermənistan özü Qarabağ probleminin həlli ilə bağlı xristian dünyasına arxalanıb, qeyri-konstruktiv mövqe ortaya qoyaraq, cığal siyasət yürüdüb, beynəlxalq hüququn Azərbaycan tərəfində olmasına baxmayaraq torpaqlarımızı azad etmir. Çox dövlətlər də Ermənistana dəstək verir. "Problem ancaq sülhlə həll oluna bilər, müharibə qəbul olunmazdır” deyərək Azərbaycana öz təzyiqlərini göstərməkdə davam edirlər. Hesab edirəm ki, "xalq diplomatiyası” adı altında ermənilərin Azərbaycana gəlib-getməsi, təklikdə deyil, hətta toplu şəkildə onların turizmini təşkil etsələr də bu, heç nəyi həll etməyəcək. Ermənistanın məkrli siyasəti də torpaqlarımızın işğal altında qalması da dəyişməyəcək. Bu səbəbdən ermənilərin ölkəmizə gəlməsi b müharibə döyüşçülərinə hörmətsizlikdir. Ermənilərə qarşı xoş münasibət sərgiləmək özümüzü aldatmaqdan başqa heç nə deyil”.
Ermənilərin hərəsinin əlində son model telefonlarla Bakıya gəldiyini ehtimal edən E.Əsədovun sözlərinə görə, onlar selfi çəkmək adı ilə kəşfiyyat məlumatları da ötürə bilərlər:
"Məsələn, onlar, Qız qalasının başına qalxıb, arxasını istədiyi obyektlərə çevirib, müəyyən obyektlərin şəklini çəkə bilərlər. Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana gəlməsi ilə istənilən kəşfiyyat məlumatları ötürülə bilər. Buna ciddi nəzarət edilməlidir, ya da "xalq diplomatiyası”na son qoyulmalıdır. Mən heç təəccüblənmərəm ki, ermənilər bura çoxluqla turist adı ilə gəlib, gəzələr. Bu Azərbaycanın yeritdiyi indiki siyasətə uyğun gəlir. Aprel döyüşlərində hər kəs ayağa qalxdı ki, torpaqlarımızı üçün canımızı, övladlarımızı qurban verməyə hazırıq. Yetər ki. erməni xislətindən, erməninin məkrli işğalçılıq siyasətindən qurtulaq. Amma başa düşə bilmirəm, xalqın vətənə, torpağa bağlılığı, canını ortaya qoymasının qarşılığına ermənilərin Azərbaycana gəlməsi nədir? Heç bir Qeyri Hökumət Təşkilatları "xalq diplomatiyası” adı ilə Azərbaycan dövlətinin razılığı olmadan ölkəmizə erməniləri gətirə bilməz. Onların arxasında xüsusi xidmət orqanları durur. Bakıya gələn ermənilər hər hansı kəşfiyyat əməliyyatı həyata keçirsə, buna Azərbaycan dövləti və xüsusi xidmət orqanları cavabdeh olacaq”.
Qeyd edək ki, Bakıdakı doğma küçədə gəzərkən Erik Xaçaturov göz yaşlarını gizlədə bilmir. O, Azərbaycana 30 ildən sonra qayıdıb. Erik vətənini Dağlıq Qarabağ münaqişəsi səbəbindən tərk etməyə məcbur olub. Bu illər ərzində Xaçaturov öz evini, dostlarını, qonşularını görmək və sadəcə şəhərdə gəzmək arzusu ilə yaşayıb. Bu şəhərdə o, çox xoşbəxt olub. Erik Xaçaturov hələ bir neçə gün Bakıda qalacaq. Sonra Rusiyaya qayıdacaq. Söz verir ki, Azərbaycana yenə gələcək. O, özü ilə təkcə sevimli Bakı suvenirləri deyil, həm də xoş xatirələri aparacaq.
Aysel Aslan