Bakının tıxac problemi...

İş və dərs saatlarının dəyişdirilməsi sıxlığı aradan qaldıra bilər
2016-07-20-22-58-20tixac.jpg



Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə iş saatları dəyişdirilə bilər. Bakı Nəqliyyat Agentliyi təkliflərini müvafiq qurumlara artıq göndərib. Agentlik təklif edir ki, vətəndaşların iş saatları müxtəlif vaxtlara təyin edilsin. Vacib deyil ki, bütün idarə və müəssisələrdə iş saatı 08:00-da başlayıb, 17:00-da bitsin. Yaxud, dərs saatları 08:00-da başlayıb 13:00-da başa çatsın. İş və dərs saatlarının başlanma və bitmə vaxtı müxtəlif olarsa, şəhərdə tıxacların yaranmasının qarşısı əhəmiyyətli dərəcədə alınar. Nəqliyyat Agentliyi belə bir təcrübənin ötən yay Bakıda keçirilən I Avropa Oyunları zamanı tətbiq edildiyini və uğurlu nəticə əldə edildiyini misal çəkib.

Qeyd edək ki, Nəqliyyat Agentliyinin təklifinə müsbət yanaşmalar özünü çox gözlətməyib. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev məsələnin hələ iki il öncə Milli Məclisdə qaldırıldığını xatırladıb. M.Quliyev şəhərdə həm nəqliyyatın sıxlığını, həm də insan axınını azaltmaq üçün iş və dərs saatlarının müəyyən vaxt fərqi ilə təyin edilməsinin çox yaxşı üsul olduğunu deyib. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da iş saatlarının fərqli vaxtlarda olmasının ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmağın bir üsulu hesab edir. Ekspert bu fikirdədir ki, iş saatları arasında fərq olarsa, hamı eyni vaxtda işdən çıxmayacaq, bu da "pik” saatlarda yollarda yaranan gərginliyi, sıxlığı xeyli azaldacaq.
İqtisadçı Zahid Məmmədov "Şərq”ə açıqlamasında tıxaclardan qurtulmaq üçün dərs saatlarının fərqli-fərqli təyin edilməsi təklifini illər öncə irəli sürdüyünü bildirdi:
- Biz bunu əvvəllər də deyirdik ki, tıxaclardan, sıxlıqdan qurtarmağın bir çox yolları var. Onlardan biri də iş və xüsusən də dərs saatlarının fərqli vaxtlara təyin edilməsidir. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq üçün Avropa standartlarına uyğunlaşmalıyıq. Qardaş Türkiyədə, bir çox Avropa ölkələrində belə təcrübə çoxdandır var. Universitetlərdə dərslər fərqli saatlarda başlayır, nazirliklər, dövlət idarələri isə mərkəzdən aralı yerləşdiyi üçün tıxaclardan mümkün qədər azad olurlar. Biz də bu təcrübəni tətbiq edə bilərik. Bakıda hərəkət etmək qeyri-mümkündür. Deyə bilərsiniz ki, tıxaclar bütün böyük şəhərlərin problemidir. Razıyam. Amma hər ölkə, hər bir şəhər bələdiyyəsi tıxacları minimuma endirməyin yollarını axtarıb-tapır.
Təəssüf ki, bizim paytaxtımızda belə deyil. Yaşayış binaları, idarə və müəssisələr, məktəblər, universitet binaları azalmaq əvəzinə artır. Heç kim də şəhər kənarına getmək istəmir. Bunun üçün, əlbəttə, ilk növbədə infrastruktur formalaşmalıdır. İctimai nəqliyyat elə bir hala gətirilməlidir ki, şəhər kənarına gediş-gəliş çətin olmasın, əksinə, insanlar könüllü surətdə şəhərdən kənara çıxmağa meyl etsinlər, həvəs göstərsinlər. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Amma həmin ölkələrdə tələbə və müəllimləri o kampuslara xüsusi avtobuslar daşıyır. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Buna ehtiyac görmür. Yeməyi də oradadır, yatağı da. Kitabları, dəftərləri də. Dərslərinə də orada çalışır, elmi kitabxanalardan, təcrübə otaqlarından istifadə edir. Bizdə tələbələrə bu imkanlar yaradılacaqmı? Yoxsa, tələbə çörək almaq üçün kampus ərazisindən çıxıb marketə getməli olacaq? Bizdə nəqliyyat problemi hələ həll olunmayıb. Xırdalandan, Sumqayıtdan Bakıya gəlmək insanlar üçün əsl işgəncədir. Ümumiyyətlə, Bakıda idarə və müəssisələrin yerləşməsi düzgün aparılmayıb. Metronun "Elmlər Akademiyası” stansiyasının ətrafında nə qədər təhsil müəssisəsi var; BDU, Texniki Universitet, İnşaat və Memarlıq Universiteti, nə qədər orta məktəb, nəhəng Elmlər Akademiyası və onun institutları, Milli Ensiklopediya Kitabxanası. Bir ərazini bu qədər yükləməyin anlamı nədir? Təbii ki, iş və dərs saatları başlayanda və bitəndə burada böyük sıxlıq, tıxac olacaq. Həm də dərs saatları hamısı eyni vaxtda başlayıb, eyni vaxtda bitir. Eyni vaxtda minlərlə tələbə metroya, avtobuslara axın edir. Mən dəfələrlə təklif etmişəm ki, tıxacların qarşısını almağın bir yolu da dərs saatlarının başlanma vaxtını fərqli etməkdir. Dərs vaxtları arasında 15-20, yarım saat fərq olmalıdır ki, hamı birdən axın etməsin. Böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir. Amma bizdə əksinədir. Universitetlər də, institutlar da, nə qədər nazirlik, dövlət əhəmiyyətli obyektlər var, hamısı şəhərin mərkəzinə toplaşıb. Bunlar növbə-növbə şəhər kənarına çıxarılmalıdır ki, şəhər bir az nəfəs alsın, insanlar bir qədər sərbəst hərəkət edə bilsin.