Bank islahatlarına getməyin vaxtıdır

Çünki əhalinin banklara olan borcları artıq həddi aşıb, insanların vəziyyəti pisləşir



Azərbaycanda banklarda kredit faizlərinin yüksək olması və bunun vətəndaşların həyatına mənfi təsir etməsi hər kəsin bildiyi bir faktdır. Məhz bu təsirlərin nəticəsidir ki, banklara külli miqdarda kredit borcu olan Binəqədi rayon sakini Namiq Vəliyev özünü asıb. Əslində banka borcluların vəziyyətdən çıxış yolunu intiharda tapması birinci hadisə deyil. Bunun da səbəbi bank faizlərinin yüksək olması və kredit verilərkən əhalinin gəlirlərinin düzgün qiymətləndirilməməsidir.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı "2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verilib. Ölkə başçısı bu fərmana qədər də kredit faizlərinin aşağı salınması barədə bir neçə dəfə MB rəhbərliyinə tapşırıqlarını verib. Prezident bir neçə gün öncəki çıxışında isə 3-cü dəfə bankları real sektora yatırım etməyə, ancaq öz ciblərini güdməməyə çağırıb.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa da hesab edir ki, Azərbaycanda banklar əhaliyə çox yüksək faizlə kreditlər verir. Vətəndaşın 24 faizlə verilən krediti ödəmək imkanı yoxdur. Ancaq bu məsələdə qanun bankların tərəfindədir. Çünki bank kredit verən müəssisədir. İstəmirsənsə, götürmə.

Əhalinin banklara olan borclarından danışan millət vəkili qeyd edib ki, bu məsələdə vətəndaşlarımıza yalnız dövlətimiz kömək edə bilər: "Bankların bu məsələdə geri çəkilməsi mümkün deyil. Əslində bankları ittiham etmək də düzgün deyil. Dövlət bu məsələdə vətəndaşlarımızın vəziyyətini yüngüləşdirmək üçün tədbirlər planı təşkil etsə, bu, cəmiyyət tərəfindən də maraqla qarşılanar. Bu problem köklü həll edilməlidir. Birbaşa dövlətin müdaxiləsi olmalıdır. Mən bunu təklif edirəm. Çünki əhalinin banklara olan borcları artıq həddi aşıb, insanların vəziyyəti pisləşir”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da hökuməti bank siyasəti ilə bağlı islahatlara çağırıb: "Azərbaycan vətəndaşlarının əksəriyyəti bu gün demək olar ki, banklardan asılı vəziyyətdədirlər. Hökumətin bu siyasəti doğru siyasət deyil. Kreditlərin faiz dərəcələrinin yüksək olması hər zaman insanları narahat edir. Bunun çıxış yolu tapılmalıdır. Biz bilirik bu məsələlərin arxasında yürüdülən siyasət durur. Bu təkcə bəyanatlarla yox, təkcə büdcə müzakirə olunarkən verilən vədlərlə yox, konkret əməli addımlarla həll olunmalıdır. Təəssüflər olsun ki, hələ ki, bu məsələ aktual olaraq qalır”.

Partiya sədrinin fikrincə, dövlətin bu məsələdə təsir imkanları böyükdür: "Bütün banklar Mərkəzi Bankdan asılıdır. Mütəxəssislər dəfələrlə bu məsələdə çıxış yollarını göstəriblər. Bu siyasət mütləq dəyişilməlidir. Vətəndaşa kredit verilir və bir aydan sonra başlanır faizi hesablanmağa. Əgər hər hansı sahibkar bu pulla yatırım edirsə, hələ o aldığı pulu dövriyyəyə salmayıb, bundan qazanc əldə etməyib, ancaq artıq bank borcunu istəyir. Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər yüksək faizlər yoxdur və bu faizlər artmaqdadır. Bu məsələ kompleks şəkildə həll olunmalıdır. Kredit siyasəti dəyişməsə, daha böyük problemlər ortaya çıxacaq”.

İqtisadçı Rövşən Ağayev də hesab edir ki, Azərbaycanda kredit faizləri həqiqətən də çox yüksəkdir: "Azərbaycanda kreditlərin faizi bizim kimi sovetlərdən qopmuş və keçid dövrünü keçmiş Baltikyanı ölkələrlə müqayisədə xeyli yüksəkdir. Azərbaycan hökuməti istəsə, bütün sahələrdə olduğu kimi, bu sahədə də müsbətə doğru dəyişiklik edə bilər. Hökumətin oynayacağı rol çox böyükdür. Amma əsas məsələ bank bazarında rəqabət yaratmaqdır. Azərbaycanda bank kapitalı oliqarxlar tərəfindən tamamilə inhisara alınıb. Bank sektoru iki-üç ailənin inhisarındadır. Vəziyyətin düzəlməsi üçün bank kapitalı iki-üç adamın əlində cəmləşməməlidir. Bu gün Azərbaycanda 40-dan artıq bank var. Amma bazarda cəmi 2-3 bankın payı var. Bunlar "Beynəlxalq Bank”, "Kapitalbank”, "Paşabank”dır. Belə şəraitdə də kreditlərin faizi aşağı ola bilməz”. R.Ağayevin sözlərinə görə, bu sektorda rəqabətin olmaması kredit faizlərinin yüksək olmasının əsas səbəbidir: "Ona görə də birinci bu məsələ həll olunmalıdır. Hökumətin imkanı var ki, xüsusilə Mərkəzi Bank vasitəsilə kredit bazarında vəsait bolluğu yaratsın və faizləri aşağı salsın”.

Məsələnin sosial aspektlərinə gəlincə, R.Ağayev bu sahədə də vəziyyətin ürəkaçan olmadığını deyib: "Yüksək faizli kreditlər əslində bir tələdir. İnsanlar yüksək faizlərin altından çıxa bilmirlər və bunun intiharlardan tutmuş, ailələrin dağılmasına qədər sosial fəsadları yaranır. Kredit bazarında yaranmış bu vəziyyətin səbəbkarı hökumətdir. Bank bazarı iqtisadiyyatın elə bir sahəsidir ki, orada dövlət tənzimlənməsi mövcuddur. Bu baxımdan bu sektorda yaranan problemlərə görə məsuliyyət hər baxımdan hökumətin üzərindədir”.

Şəymən