"Bankların bağlanması problemlər yaradacaq” - Deputatdan MESAJ

"Ola bilər hansısa banklar bağlansın. Amma bununla bağlı informasiya yayanda rəsmi olub-olmadığına diqqət etmək lazımdır”.
Bunu "Sherg.az”a 2018-ci ildə bağlanması proqnozlaşdırılan banklar haqqında danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. O xatırladıb ki, banklarla məşğul olan dövlət orqanı Maliyyə Bazarlarına Nəzarət Palatasıdır:
"Qeyri-rəsmi məlumatlara inanmıram. "DəmirBank”ın bağlanması gözlənilən idi. Çünki onlara təklif edildi ki, birləşsinlər. Həmin bank qəbul etmədiyinə görə, bankın lisenziyası ləğv olundu. Üstəlik "DəmirBank”ın müəyyən problemləri var idi.
Bankların bağlanmasından deyil, birləşdirilməsindən söhbət gedə bilər. Bu, başqa məsələdir. Amma bankların bağlanması nə Azərbaycan dövlətinə, nə də insanlara, millətə xeyir gətirəcək”.
"Muğan Bank”, "Nikoil Bank”, "Unibank” və "AF Bank”ın gəlirlərindən çox borclarının olmasına gəlincə, deputat bildirib ki, bu, reallığı əks etdirmir:
"Adıçəkilən bankların əksəriyyətinin linqvidliyi yüksək səviyyədədir. Ona görə, bağlanma kimi böyük problem yaranacağına inanmıram. Belə iddialar sadəcə söz-söhbətdir”.
V.Əhmədov 2018-ci ildə bankların aqibətinə də toxunub:
"Banlara təhlükə olub-olmamasını demək çətindir. Bu bankların gəlirlərindən, fəaliyyətindən asılıdır. Banklar iki devalvasiyadan əziyyət çəkiblər. Dövlət bununla ciddi məşğul olmalı, yardımlar etməlidir. Elə bank var ki, bu gün üçün əhəmiyyətlidir. İnsanların əmanətlərindən, hesablarından söhbət gedir. Ona görə, bankların bağlanmasının tərəfdarı deyiləm. Bu cəmiyyətdə problemlər yaradacaq”.
Aysel Aslan