Barışığa ümid yoxdur
Bir müddətdən sonra Ukraynada müharibə yenidən şiddətlənəcək
Ukraynada atəşkəsin bərpa olunmasına dair imzalanan Minsk sazişinin şərtlərinə əməl olunmur. Saziş qüvvəyə mindikdən bir neçə saat sonra separatçılarla ordu arasındakı qızğın atışmalar yenidən şiddətlənib. Ukrayna ordusundan verilən xəbərə görə, son 24 saat ərzində ölkənin şərqində atəşkəs 120 dəfə pozulub.
Məlumatda qeyd olunub ki, separatçılar Debaltsev şəhərinin strateji dəmiryol xəttini ələ keçirib, ərazilərini genişləndirməyə çalışırlar. Donetsk Xalq Respublikasının lideri Eduard Basurin isə bu ittihamları təkzib edərək, atəşkəsin məhz Ukrayna ordusu tərəfindən pozulduğunu iddia edir. O, rəsmi Kiyevi sazişin şərtlərinə əməl etməyə çağırıb: "Beynəlxalq təşkilatların diqqətinə çatdırmaq istəyirəm ki, Ukrayna qaydalara riayət etmir. Biz atəşin dayanmasını istəyirik. Lakin Kiyev bizi dinc buraxmır”.
Məlumat üçün bildirək ki, bu günlərdə Ukraynanın Şərqindəki böhranın nizamlanması məqsədilə Almaniya, Rusiya, Fransa və Ukrayna liderləri Belarusiyanın paytaxtı Minskdə bir araya gəliblər. Uzun sürən danışıqlardan sonra separatçılar və ordu arasında atəşkəsin bərpa olunmasını nəzərdə tutan Minsk barışığı imzalanıb. Buna razılıq ifadə edən tərəflər döyüşlərin dayandırılması haqqında əmr versələr də, onların əmrinə cəmi bir neçə dəqiqə əməl olunub. Bir sözlə, Ukraynada vəziyyət yenidən qarışıb.
Sazişin mahiyyətini dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, barışığa ümid bəsləmir. Onun sözlərinə görə, bir günün içində atəşkəsə nail olmaq çətin məsələdir: "Debaltsev şəhəri mühasirədədir. Separatçılar şərt irəli sürüblər ki, ordu tərksilah olunmayınca, onların çıxmasına imkan verməyəcəklər. Ordu isə buna getmir. Savaşın davam etməsi sazişi sual altında qoydu. Düzdü, döyüşlərdə intensivliyin azalması müşahidə olunur. Amma yenə də ölən və yaralananlar mövcuddur. Sentyabrda imzalanan Minsk sazişindən sonra da belə analoji hadisə yaşanmışdı. Bir müddət ara sakitləşdi. Amma yavaş-yavaş atəşkəs pozuldu və geniş miqyas aldı”.
Ekspert düşünür ki, atəşkəs uzun çəkməyəcək: "Tərəflər arasında fikir ayrılığı da dərindir. Onlar barışıq deyil, üstünlüyü ələ keçirməyə nail olmaq istəyirlər. Hesab edirəm ki, genişmiyqaslı toqquşmalar yenidən başlaya bilər”.
E.Şahinoğlu bəyan edib ki, sazişdə böyük dövlətlərin də maraqları mövcuddur: "Almaniya, Fransa və Rusiya sazişi həyata keçirmələri barədə təminat götürüblər. Döyüşlər davam edəcəksə, aydın olacaq ki, Minsk sazişi işləmir”.
Müsahibimizin qənaətincə, rusiyalı ekspertlər də sazişin işləməyəcəyini iddia edirlər: "Hətta bəziləri bir az qabağa gedərək söyləyirlər ki, separatçıların respublikalarının müstəqilliyi tanınmalı və onlar ərazilərinə nəzarət edə bilməlidirlər. Bu isə o anlama gəlir ki, Moskva separatçılara dəstəyini yenə də saxlayacaq. Silah və canlı qüvvə ilə yardım göstərəcək. Keçən il bu vaxtları Ukraynada oldum. Şərqi Ukraynaya da səfər etdim. Orda separatçıların sayı 100 nəfərdən çox deyildi. İndi Donetsk separatçılarının lideri bildirib ki, saylarını 100 minə çatdıracaqlar. Məlumdur ki, bölgədə yaşayanların sayəsində 100 minlik qoşun formalaşdırmaq mümkün deyil. Moskvadan canlı qüvvə gəlir və separatçılar daha da güclənir”.
E.Şahinoğlu nəzərə çatdırıb ki, hazırda Kiyevin özündə də hər şey qarışıb: "Poroşenko bu sənədə imza atsa da, müxalifət sazişin əleyhinə çıxır. Ukrayna hakimiyyəti könüllü qruplaşmalara nəzarət edə bilmir. Hər hansı tağım özbaşına atəşkəsi poza bilirsə, sazişin uzunömürlü olacağına ümid bəsləmirəm”.
Ekspert onu da əlavə edib ki, rəsmi Vaşinqton proseslərdən kənarda qalsa da, Ukraynaya hərbi yardım göstərməyə çalışır: "Hərbi təlimçilər hazırda Kiyevdədir. Ukrayna ordusunun gücünü yüksəltmək istəyirlər. Amerika razılaşmır ki, Rusiya Ukraynanı parçalayıb, vəziyyəti gərginləşdirsin. Avropa ilə Ağ Evin maraqlarında da müəyyən müxtəlifliklər mövcuddur. ABŞ uzaqdadır. Bu müharibə Ağ Evə təsir göstərmir. Lakin Avropaya təsiri çoxdur. Avropa Birliyi ilə şimal qonşumuzun ticarət mübadiləsi 4 yüz milyard dollardır. Avropa Kremllə münasibətlərin kəsilməsindən çəkinir”.
Millət vəkili, politoloq Sahib Alıyev hesab edir ki, ən pis sülh anlaşması ən yaxşı müharibədən daha yaxşıdır: "Amma inanmıram ki, orada əldə olunan razılaşmalar həyata keçirilsin. Düşünürəm ki, hər iki tərəfi qane etməyən yetərincə məsələlər var. Mən tərəflər dedikdə başlıca olaraq Rusiya və Ukraynanı nəzərdə tuturam. Hər iki tərəfdə ictimai rəyin qətiyyətlə əleyhinə çıxdığı bəzi bəndlər mövcuddur”.
Ayyət Əhməd