Qurban Yetirmişli paytaxtda da yeraltı təkanların baş verəcəyini istisna etməyib
Ötən günlərdə Qəbələ rayonundan 22 km şimal-şərqdə zəlzələ baş verib. Rayondan verilən məlumata görə, episentrdəki maqnituda 5,4 bal olub. Hadisənin dağıntılara səbəb olması bildirilir. Bir neçə köhnə ev dağılıb. Çiy torpaqdan tikilmiş bəzi evlərdə isə iri çatlar əmələ gəlib.
Rayon icra hakimiyyəti mülkləri uçan və ya qəzalı vəziyyətdə olan sakinlərin yerləşdirilməsi istiqamətində işlər aparır. Bundan başqa, dünən səhər saatlarında Mingəçevirdə də yeraltı təkanlar qeydə alınıb. Bu titrəşmə Yevlax rayonunda da hiss edilib. Dağıntı və tələfat yoxdur. Daha sonra, Lerikdən 22 km şimal-şərqdə də zəlzələ olub. 3 ballıq zəlzələ yerin 20 km dərinliyində qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, dünən Qəbələdə növbəti dəfə zəlzələ olub. Lakin bu təkanlar hiss olunmayıb. Dünən Quba rayonunun Xınalıq kəndində də zəlzələ baş verib. Təkanların müəyyən fəsadlara yol açdığı söylənilir. Rayon İcra Hakimiyyəti başçısının Xınalıq inzibati dairəsi üzrə nümayəndəsi Füzuli Şərifov vurğulayıb ki, yaşayış məntəqəsindəki evlərdə dağıntı qeydə alınmasa da, 10-a yaxın evin və bir neçə yardımçı tikililərin divarlarında çatlar əmələ gəlib. Çatlar əsasən çoxdan inşa olunmuş və çiy kərpicdən tikilən evlərdə qeydə alınıb. Kəndin icra orqanlarının nümayəndələri zəlzələdən ziyan çəkən evlərə baxış keçirib, sakinlərlə görüşüblər. Evlərə dəyən ziyan barədə əlaqədar qurumlar məlumatlandırılıb. Quba Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri də vəziyyətlə yerində tanışlıq üçün Xınalıq kəndində olublar. Ölkəmizdə zəlzələnin davamlı şəkildə baş verməsi cəmiyyəti təşvişə salıb. İnsanlar yeraltı təkanların təkrarlanacağından ciddi narahatdırlar.
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə "Şərq”ə açıqlamasında narahatlığa əsas olmadığını deyib. Onun sözlərinə görə, baş verən son zəlzələlər dağıdıcı gücə
malik deyil: "Əslində binalarda çox fəsadlar qeydə alınmamalıdır. Bu zəlzələ o qədər də dağıdıcı gücə malik deyil. Bu səhər (dünən) baş verən zəlzələ Qəbələdən 22 kilometr aralıda Xınalıq istiqamətində dağlarda baş verib. Zəlzələnin episentri ora düşüb. Bunun nəticəsində 5-6 binada az dərəcədə çatlar var. Bunlar da əsasən köhnə tikililərdə qeydə alınıb. Bu zəlzələ respublikanın bir çox rayonlarında hiss olunub. Hətta Qazax rayonunda belə zəlzələ hiss olunub”.
Hazırda ölkəmizdə seysmik vəziyyətin hansı səviyyədə olmasına gəlincə, Q.Yetirmişli bildirib ki, ötən ilə nisbətən bu il aktivlik bir qədər artıb: "Azərbaycan seysmoloji bölgədə yerləşir. Bu cür zəlzələlərin olması normaldı. Məlum olduğu kimi, 2012-ci ildə isə aktivlik daha yüksək olub və baş verən zəlzələlər nəticəsində Zaqatala, Balakən zonasında evlərdə uçqun baş vermişdi. Hazırda seysmoloji vəziyyət normal qiymətləndirilir”.
Mərkəz direktoru diqqətə çatdırıb ki, aktiv seysmoloji ərazilərdə yeraltı təkanların olacağı əvvəlcədən məlum olsa da, zəlzələnin dəqiq baş vermə tarixini demək mümkünsüzdür: "Müəyyən ərazilər var ki, orada yeraltı təkan gözləmək olar. Yəni xeyli qabaqcadan proqnoz vermək olar”.
Q.Yetirmişli onu da əlavə etdi ki, paytaxtda da yeraltı təkanların olacağı istisna deyil: "Hələlik paytaxtda 2000-ci ildə olan yeraltı təkan kimi təhlükə olacağını demək düzgün olmaz”.
Ayyət Əhməd