Başqa çıxış yolumuz yox, müharibəyə hazır olmalıyıq

Ekspertlər Zakir Həsənovun bəyanatlarını dəstəkləyirlər



Azərbaycan ordusunun hərbi qüdrəti artdıqca, Dağlıq Qarabağ cəbhəsində müharibə ehtimalı da artır. Belə ki, ordumuzun son aylar keçirdiyi irimiqyaslı hərbi təlimlər Azərbaycanın müharibə hazırlığı kimi dəyərləndirilməkdədir. Müdafiə naziri, general- polkovnik Zakir Həsənovun iştirakı ilə müntəzəm olaraq hərbi komandanlığın cəbhəyanı ərazilərə səfər etməsi, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yoxlanılması və hərbi-texniki avadanlıqlara baxış keçirilməsi və nazirin sərt bəyanatları da cəmiyyətdə savaş ab-havasını hər gün bir az daha artırır.

Qeyd edək ki, cəbhəboyu zonada yerləşən və yeni tikilərək istifadəyə verilən, müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissənin açılışında iştirak edən general-polkovnik növbəti dəfə müharibə çağırışına bənzər bəyanat verib. "Azərbaycan xalqının və dövlətinin bir problemi var - bu, Dağlıq Qarabağ problemidir” deyən general-polkovnik bu məsələnin müsbət həll olunması istiqamətində mühüm işlər həyata keçirildiyini vurğulayıb. Silahlı Qüvvələrin möhkəmləndirilməsinin dövlətin prioritet sahələrindən ən vacibi olduğunu deyən Z.Həsənov vurğulayıb ki, öz döyüş imkanlarımızı və hazırlığımızı artırmaq məqsədilə silahlarımızı elə dərindən öyrənməliyik ki, xalqımızı qoruya bilək, düşmənə dağıdıcı zərbə endirməklə torpaqlarımızı işğaldan azad edək. Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Biz hər gün, hər an, hər təlimdə Silahlı Qüvvələrimizi möhkəmləndirməklə bu günü daha da yaxınlaşdırırıq. Görəsən, nazirin cəmiyyət tərəfindən müharibə çağırışı kimi dəyərləndirilən bu bəyanatı barədə ekspertlər nə düşünür? Milli ordumuz müharibəyə hazırlaşır, ya bütün bu bəyanatlar sadəcə ictimai rəyə və orduda vətənpərvərlik hisslərinin artırılmasına hesablanıb?

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən tədbirlər və müşahidə olunan dəyişikliklər ordunun yenidən formalaşmasına və əsgərlərimizin fiziki, mənəvi-psixoloji cəhətdən gücləndirilməsinə, silahın, texnikanın daha yararlı şəkildə istifadəsinə, gerçək təlimlərlə hərbi avadanlıqların son dərəcə aktivliyinə hesablanıb. Bunun əksini inkar etmək mümkün deyil: "Zakir Həsənovun rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər sadəcə siyasi revanş və düşmənə qarşı yönəlik bir təbliğat deyil. Ermənistan ordusunun məlum itkiləri və onlarda yaşanan xof, qorxu sindromu milli ordumuzun nələrə qadir olduğunu sübut edir. Kəşfiyyat xarakterli məlumatlar olmadan belə gerçək informasiyalara istinadən deyə bilərik ki, erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin şücaətindən və qüdrətindən çox ciddi şəkildə çəkinir. Müxtəlif vasitələrə əl atmaqla prosesi hər hansı bir şəkildə öz xeyrinə dəyişmək istəyir.

Hər iki ölkənin silah arsenalı və hərbi resursları təxminən bəllidir. Şəxsi heyət də ortadadır. Ermənistanın söykəndiyi yeganə qüvvə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrini Azərbaycan əleyhinə qaldırmaqdır. Bundan kənarda artıq Ermənistan beynəlxalq partnyorlarını

da itirib. Bu mənada, cənab nazirin verdiyi bəyanatlar sadəcə Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə qarşı informasiya zərbəsi deyil, bütün bunları iddia etməyə Zakir Həsənovun əsası var. Çünki bu posta gəldiyi dönəmdən bəri orduda çox böyük dəyişikliklər edib. İndi heç bir əsgər anası övladının arxasınca hərbi hissələrə yemək aparmır. Hesab edirəm ki, Azərbaycan ordusunun fiziki-mənəvi siması daha da möhkəmləndikcə, Azərbaycan cəmiyyəti də döyüş ruhunda köklənir”.

Cəbhə xəttində hərbi əməliyyatların genişlənməsinə gəldikdə isə millət vəkili faktiki olaraq cəbhədə müharibə getdiyini deyib: "Şərt deyil ki, əməliyyat başlasın və 3 gün içərisində başa çatsın. Azərbaycan-Ermənistan cəbhəsindəki müharibə hər günə paylanıb. Bir gün ərzində 100 dəfədən artıq atəşkəs pozuntusu baş verirsə, bu bir ayda 30 min dəfə atışma deməkdir. Təbii ki, biz torpaqlarımızı azad etmək üçün müharibənin genişlənməsini istəyirik. Nazirin bəyanatı da buna hesablanıb. Bunun üçün isə fərqli bir vasitəni işə salmaq olar. Hər zaman Azərbaycanın atəşkəsi pozmasının tərəfdarı olmuşam və bunu təklif də eləmişəm. Əgər erməni tərəfi işğal etdikləri Azərbaycan torpaqlarında rahat şəkildə təsərrüfat fəaliyyəti həyata keçirəcəksə, əhalinin orada yaşamasının hər an təhlükə olduğunu hiss etdirmək üçün atəşkəsi pozmalı və erməniləri vahiməyə salmalıyıq. Onlara bizim torpalarımızdan onlara Vətən olmayacağını hiss etdirməliyik. Təcrübə göstərir ki, erməni əsgərlərindən daha çox zabitlərin məhv edilməsi effekt verir. Çünki zabitlər və hərbi helikopterlər ermənilər üçün daha bahalıdı. Biz də erməniləri geri salacaq addımlara meyilli olmalıyıq”.

Azərbaycan atəşkəsi pozduğu təqdirdə dünyanın reaksiyasına toxunan Z.Oruc deyib ki, qoy, onlar Azərbaycana qarşı da qətnamələr qəbul eləsinlər: "Nə itirəcəyik ki? Azərbaycan atəşkəsi pozduğu üçün bizə edilən təzyiqlər heç nəyi dəyişməyəcək. Əleyhimizə səsləndirilən bəyanatların heç bir əhəmiyyəti olmayacaq. Bu gün Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizəsini bütün qərb dəstəkləyir. Əgər dünya şiddətə qarşıdırsa, Ukraynanı necə dəstəkləyirlər? Məgər Ukrayna ordusu Donetskdə, bütövlükdə Donbas ərazisində çiçək paylayır? Biz Ermənistanın ərazi bütövlüyünə təcavüz etmirik ki? İşğal altında qalan torpaqlarımızı azad etmək niyyətindəyik. Sabahları Azərbaycan Dağlıq Qarabağda işğalçılara qarşı müharibəyə başlayanda, Amerika ölkəmizə hərbi yardım göstərməsin. Başa düşürük ki, buna qadağa qoyublar. Axı Azərbaycan ordusunun atəş imkanlarını əlindən almaq da beynəlxalq qanunlara ziddir? Əgər Azərbaycan atəşkəsi pozduğu halda əleyhimizə qətnamələr qəbul olunacaqsa, heç durmasınlar! Onlar bizə nə edəcəklər ki? Bizim üçün vacib olan Ali Baş Komandan və müdafiə nazirinin atdığı addımlardır. Çünki məhz onlar bizim düşündüklərimizi reallaşdırır.

Ölkə başçısının "erməni əsgərinin Ağdamda nə işi var” ritorik sualı və "ölmək istəmirlərsə, Ağdama gəlməsinlər” sərt mesajı Azərbaycanın gücü və nüfuzundan qaynaqlanır”.

Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, müharibə oldu-olmadı, bu cür bəyanatlar vermək müdafiə nazirinin vəzifə borcudur:

"İstənilən halda orduda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, ordunun döyüşə hazır olması və müharibəni qələbə ilə bitirməsi ordu komandanının iş prinsipidir. Müdafiə nazirinin ali məqsədi dövlətin ərazi bütövlüyünü qorumaq və bərpa etmək olmalıdır. Bu mənada Zakir Həsənovun bəyanatında təəccüblü bir şey görmürəm”.

Yaxın gələcəkdə Dağlıq Qarabağ cəbhəsində müharibə ehtimalına gəldikdə isə ekspert deyib ki, bu nə sırf hərbi məsələ, nə də Zakir Həsənovun verəcəyi bir qərardır: "Azərbaycanla Ermənistan arasındakı müharibənin alovlanması daha çox siyasi məsələdir. Siyasi baxımdan isə bu gün müharibə real deyil. Amma bu o demək deyil ki, sabah da real olmayacaq. İstənilən an reallıq dəyişə bilər. Odur ki, Azərbaycan ordusu hər an alovlanacaq döyüşlərə hazır olmalıdır. Torpaqlarımızı işğaldan azad eləmək üçün Azərbaycanın əlinə siyasi imkan düşdüyü zaman milli ordumuz bu fürsəti əldən verməməlidir. Onsuz da ki, başqa çıxış yolumuz yoxdur”.

Şəymən