"Bələdiyyə sədrini seçərkən seçicilər diqqətli olmalıdır".
Bunu Sherg.az-a millət vəkili Siyavuş Novruzovun bələdiyyələrin sayının və tərkibinin azaldılması haqqında müraciətinə münasibət bildirərkən, "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib.
O bildirib ki, bələdiyyələr haqqında məsələlər ictimailəşdirilməli və ciddi yanaşılmalıdır:
"Azərbaycanda sonuncu seçkilərdən sonra 1607 bələdiyyə müəssisəsi var. İlk bələdiyyə seçkilərində isə onların sayı 2736 idi. Bu təcrübə göstərdi ki, Azərbaycana bu qədər bələdiyyə fəaliyyəti çoxdur. Müəyyən xırda bələdiyyələr maliyyə resursları cəlb edə bilmir, öz idarə etdikləri sahədə layihələri reallaşdıra bilmirlər. Odur ki, məsələ gündəmə gətirildi və 1000 bələdiyyə 2009-cu il seçkilərində birləşdirildi. Bundan sonra 2011-ci ildə də müəyyən istiqamətdə yenidən işlər görüldü. Deyilən fikirlə ona görə razıyam ki, Azərbaycanda 1607 bələdiyyənin formalaşdırılması həqiqətən də çoxdur. Ancaq məsələ bu gün üçün ciddi məsələ deyil. Bu proses kompleks şəkildə həll edilməlidir. Məsələn, bələdiyyələrin maliyyə çətinliyi, problemləri var. Bunlar qanunlarda hansısa boşluqlardan qaynaqlanırsa, bələdiyyələr addımlar atıb, maliyyə resursları cəlb edə bilmir, maliyyə çətinliklərini aradan qaldıra bilmirlərsə bu aradan qaldırılmalıdır. Bələdiyyə kadrlarının hazırlanmasında da ciddi problemlər var. Bunların maliyyəsizliyi bələdiyyələrə kadr axınının qarşısını alır. Yaxud müəyyən məqamlarda icra strukturlarının müdaxiləsi, bələdiyyə sədrlərinin məsuliyyətsizliyi və bir çox məqamlar qeyd olunur. Ona görə, həmin kompleks tədbirlərin sayəsində bunlar həll edilə, bələdiyyələrin birləşdirilməsi məsələsi də qaldırıla bilər”.
Bələdiyyələrin maliyyə israfı barədə fikirlərə qatıldığını deyən V. Tofiqli Ədliyyə Nazirliyinin bələdiyyələrin 900 min, 60 min və daha çox vəsait itirilməsi haqqında hesabatını diqqətə çatdırıb:
"Burada təbii ki, bələdiyyə sədrlərinin məsuliyyətsizliyindən söhbət gedir. Onlar əksər hallarda böyük məbləğlərdə pulu lazımsız yerlərə, məsələn avtomobil almağa, əlavə inzibati binanın tikintisinə məqsədsiz şəkildə xərcləyiblər. Halbuki həmin məqamda o vəsaitə hər hansı faydalı müəssisə yaradıb, onun müəyyən maddi texniki bazasını təkmilləşdirə bilərdilər. Nəticədə həmin müəssisənin gəlirləri hesabına dolanmaq olardı. İş yerləri yaradıla bilərdi və sakinləri, seçiciləri narahat edən problemlərə baxıla bilərdi. Həmin bələdiyyələr məhz vəsaiti lazım olan yerdə lazımsız şeylərə xərclədiklərinə görə çətinlik çəkirlər. Əslində söhbət hamısından getmir, amma əksər bələdiyyələr seçicilərin problemini həll edə bilmir. Ona görə düşünürəm ki, buna ciddi yanaşılmalıdır”.
Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov bələdiyyələrin sayının və tərkibinin azaldılmasını istəyir. Deputat bildirib ki, bu qurumlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. salmaq əvəzinə vəsaiti başqa istiqamətə xərcləyirlər.
Aysel Aslan