Beynəlxalq aləm o qədər də səmimi deyillər

“Əgər kömək etsəydilər, bir neçə ay əvvəl girovlarımızın Vətənə qayıdışını görərdik”




ABŞ Dövlət Departamenti Viktoriya Nulandın kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı verdiyi bəyanata dəstək olaraq Ermənistanda saxlanılan məhbusların azad edilməsi ilə bağlı çağırış edib. Xatırladaq ki, bir müddət əvvəl Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Xankəndində oxşar mövqeni əks etdirən açıqlama verib.

Digər həmsədr ölkə də girovlarla bağlı bənzər çağırış edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yöndə xoşməramlı açıqlamasından sonra Rusiya XİN nümayəndəsi Aleksandr Lukaşeviç də həmin yanaşmanı təsdiqləyib. Görünən odur ki, girovların taleyi ilə bağlı iki ən mühüm həmsədr ölkənin iradəsi ortadadır. Şübhə yox ki, onların qətiyyəti yetərli olarsa, soydaşlarımız tezliklə azad oluna bilər. Xüsusən, ABŞ Dövlət Departamentinin işğalçı tərəfə ünvanlı çağırış etməsi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlərin geri qaytarılması ilə bağlı tərəflərlə gizli danışıqlar aparması ümidləri bir qədər də artırıb. Bəs görəsən, Xocalı soyqırımının ildönümü günü soydaşlarımızın "apelyasiya şikayəti”nə baxacaq qondarma "məhkəmə” ABŞ və Rusiya rəsmilərinin mövqeyini, o sırada Dövlət Departamentinin çağırışlarını ciddiyə alacaqmı? Məlumat üçün onu da bildirək ki, Ermənistanın 1-ci ombudsmanı Larisa Allahverdiyan erməni tərəfini Nulandın kəlbəcərli girovların qaytarılması ilə bağlı çağırışa cavab verməyə çağırıb. Məsələyə münasibət bildirən "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova çağırışları gecikmiş addım hesab edib. Onun sözlərinə görə, azərbaycanlı girovlar Kəlbəcərdə girov götürüləndən az sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara onların qeyd-şərtsiz qaytarılması üçün müraciətlər edib: "Həmin dövrdə müraciət olunan yerlərin bəzilərindən cavab gəldi, bəzilərindən isə yox. Amma gec də olsa, belə reaksiyaların verilməsi Ermənistana olan bir təzyiq vasitəsidir. Ümid etmək olar ki, girovlarımızı qaytaracağıq. Girovların Vətənə qayıtmasında Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, dövlət başçısının səyi nəticəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev tezliklə evlərinə qayıdacaq. Beynəlxalq təşkilatlar, dünya ölkələri bu məsələdə o qədər də səmimi deyil. Əgər kömək etsəydilər, bir neçə ay əvvəl girovlarımızın Vətənə qayıdışını görərdik”.

Siyasi elmlər doktoru, professor Elman Nəsirli Ermənistan tərəfinə azərbaycanlı girovların azad edilməsi ilə bağlı müəyyən təzyiqlərin olduğunu deyib. Politoloq bildirib ki, Ermənistan tərəfi indiki halda iki yol qarşısındadır. Onlar ya girovları azad etməli, ya da əvvəlki siyasətini davam etdirməlidir: "Qondarma məhkəmə prosesindən sonra bir sıra suallara aydınlıq gələcək. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səviyyəsində edilən çağırışların nəticə verib-vermədiyini görəcəyik. Burada ABŞ Dövlət Departamentinin də siması bəlli olacaq. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Moskvada azərbaycanlı girovlarla bağlı mövqe bildirib. O da girovların geri qaytarılması ilə bağlı öz pozitiv mövqeyini ifadə edib. Biz bütün proseslərə qondarma məhkəmənin nəticəsindən sonra biz daha düzgün qiymət verə biləcəyik”.

Politoloq qeyd edib ki, Azərbaycan hələlik hüquqi müstəvidə öz tələblərini həyata keçirir: "Amma Ermənistan tərəfi növbəti təxribata gedərsə, girovlarla bağlı mövqeyində dəyişiklik etməzsə, bu, dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbə olacaq. Bundan sonra isə hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edəcək”.

İsmayıl