"Bəzən yatdığım yerdə şeir məni yuxudan oyadır" - Şair "62"ə salam dedi




Bu gün tanınmış şair, jurnalist, "Ocaq" qəzetinin təsisçisi və baş redaktoru Vəli Xramçaylının 62 yaşı tamam olur. Qeyd edək ki, ."Dərviş" təxəllüsü ilə tanın Vəli Xramçaylı 1955-ci ildə Sibirdə Sürgündə anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1956-cı il aprel ayının 29-da SSRİ DİN-in müvafiq əmri ilə sürgündən azad edilib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan təbiəti» jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb. Hazırda «Ocaq» qəzetinin təsisçisi və baş redaktorudur. Yeddi şeir kitabının müəllifidir. Biz də əmi deyərək müraciət etdiyimiz şairi ondan götürdüyümüz müsahibə ilə təbrik etdik.

Sherg.az müsahibəni təqdim edir:

- Şair, bu 62 il sizdən nə qopardı və ya əksinə nə verdi?

(Şair ilk sualımıza elə şeirlə cavab verir )

- Ömrüm hələ öndədir
  Yapılmamış kündədir
  Bu bəxti kəm könlümü
  Soruşma, nə gündədir

- Bu misralarda gələcəyə ümid, keçmişə isə nifrət hissi duyulur...

- Əlbəttə, şair ömrüdür. Şair ömrü elə -belə, boş və mənasız keçmir. Ağrılı-acılı keçir. Şairlərin taleyi həmişə belə taleyüklü olur. 

Ömürdən bir il də keçdi beləcə
Beləcə gəlmişdi keçdi eləcə

- Bu illərin sizdən aldığımı çox olub, verdiyimi ?

-Aldığı da çoxdur, verdiyi də. Elə əlli əlliyə olar.

-Söhbətin bu yerində şair soruşur: "Qağa, olmaya məndən müsahibə götürürsən?

- Bəli, şair müsahibə götürürəm. Biz də sizi müsahibəmizlə təbrik etmək istəyirik

- Sağ ol, qardaşoğlu dərdin alaram. Sağ ol...

-İl dönümünüzü kimlərlə və harada qeyd edəcəksiniz?

-  60 yaşımı qeyd etmişəm. Dərviş adamam. Bu gün də hamıdan qaçıb tək-tənha dolanmaq istəyirəm. 62 yaşı qeyd etmək istəmirəm.

- Dostlardan sizə təbrik məktubları, zəngləri gəlirmi?

-Sosial şəbəkədə mənə gələn təbrik sayı mini keçib.

- Elə bil dostlarınızdan  incik düşmüsünüz...

-Yox, qətiyyən bu gün mənim dərvişliyimdir...

Bir şair yaşayır Biləcəridə
Yarı yuxuludur, yarı da sərxoş
Bir şair yaşayır Biləcəridə
Əlləri cibində cibi də bomboş

- Elə bir adam, dost oldumu ki, siz onun təbrik zəngini gözləyirdiniz, amma o sizə zəng etmədi?

- Yox, hələ eləsi yoxdur. Hələ gözləmədiyim adamlar da oldu ki, onlar da zəng açıb təbrik etdilər. Bayaqdan telefon zəngləri və sosial şəbəkədəki təbriklərin ardı-arası kəsmir.

-Şeirlərinizin birində belə bir misra var: "Siz indi hardasız araq dostlarım"  Bəziləri elə düşünür ki, sizin dostlarınız yalnız araq dostlarıdır. Şair, araq dostlarınız çoxdur, yoxsa könül ?

- Dost çətin söhbətdir. Deyirəm:

Hər gün yandırardım dost çırağını
Çoxdandır almıram səs-sorağını
Açıram könlümün qəm varağını
Sizi indi hardasız, araq dostlarım
Yetişin, son dəfə vuraq dostalarım

Araq dostlarını da çox gördüm. Amma könül dostu olmaq çətin söhbətdi. Dostların çoxu "lax" çıxdı. Səbəbini biılmirəm. İnsanlar belədir. Görünür, xarakterləri belə imiş.


-Bəs yardıcılıq işlərinizdə nə var, nə yox? Yeni yazı-pozunuz varmı?

- Hazırda "Sürgün" romanımın üzərində işləyirəm. Bir də yeni şeirlərim var. Onları hələ heç kim görməyib, oxumayıb. Sosial şəbəkələrə də qoymuram. Onları yaxın günlərdə görəcəksiniz.

-Çata bilmədiyini arzunuz olubmu?

Olub. Şair olmaq istəmirdim. Mənim bir arzum ürəyimdə qalıb. Futbolçu olmaq istəyirdim. O vaxt çox yaxşı futbol oynayırdım. Məni tale şair etdi. Taleyimdən də narazı deyiləm.

-Bəs deyillər ki, şair olmaq olmur, şair adam anadan elə şair kimi doğulur. Siz də deyirsiniz ki, tale məni şair etdi...

- Şair adam anadan şair doğulur. Şeir yazmağa nə var. Gündə qafiyə tutub o qədər şeir yazmaq olar ki.. O şeir ki, doğulmur, o, poeziya deyil.

- Sosial şəbəkədə gündə biri çıxır, bir-iki bənd şeirini paylaşır ki, mən şairəm. Sizcə, əsl şair və əsl şeir necə olmalıdır?

-Poeziyanın yolu çox ağırdır. Misraları qafiyələndirib, sosial şəbəkəyə qoymaq hələ poeziya deyil. Yenə deyirəm, anadan şair kimi doğulmaq lazımdır. Bu ruh, bu ilham, bu vergi verilməyibsə, o qədər şeirlər yaz ki...  Ola bilsin bir dövr üçün o şeirlər oxunsun, amma müəyyən müddətdən sonra sabun köpüyü kimi sönüb sıradan çıxacaq.

-Viktor Üqonu Fransa ədəbiyyatının vicdanı adlandırırlar. Bu mənada bəs Vəli Xramçaylı Azərbaycan ədəbiyyatının nəyidir?

-Vəli Xramçaylı Azərbaycan ədəbiyyatının sonuncu ən vicdanlı dərviş şairidir.

-Gənc şair, yazarlardan kimi oxuyursunuz? Bəyəndikləriniz varmı?

- Var. Kəramət Böyükçöl çox istedadlıdır. Şərif Ağayar yaxşı yazır. Çox gözəl də şeirləri var. Bir də Aqşin Yeniseydir. Amma son vaxtlar Aqşini oxuya bilmirəm. İstedadlı gənclər çoxdur.

-İl dönümünüzdə qanınızı qaraltmaq istəməzdim. Amma söhbətimizin axarı bura gətirdi. Son zamanlar şair və yazıçıların intihar halları artıb.  Məsələn, Mövludu nəzərdə tuturam...

- Mövlüd ürəyimə bir dərddir. Heç unuda bilmirəm. Mövlud çox istedadlı idi. 

O istedadı niyə qoruya bilmədik, yoxsa özümü özünü qorumadı?

- Birincisi, Mövlud özü-özünü qorumalı idi. Bu, çətin söhbətdir. Mövlud bu intiharı əvvəlcə beynində, içində, öz daxilində etmişdi. Onu necə qoruya bilərdik ki? Bu, mümkün deyildi. Çox çətin sualdı. Mövludu intiharından bir həftə əvvəl gördüm. Mən onun sifət cizgilərini oxuyurdum. Nəysə üz-gözündən, baxışlarından xoşum gəlmədi. Bunu bildim. İndi içimdən yanıb tökülürəm ki, mən onu qoruya bilmədim. Ancaq o seçimi etmişdi... 

- Elə şair var, deyir ki, mən içməsəm yaza bilmirəm. Sizdəmi içkili halda yazırsınız? Doğrudanmı sizə araq yazdırır?

- O xülyadır. 30 yaşıma qədər dilimə sıqaret, araq vurmamışam. Futbolçu olmalı idim. Arağa 30 yaşımdan sonra başlamışam. Şeir sünbüldüsə, araq da əkindir. Onlar arasında bir bağlılıq var. Klassik ədəbiyyatı da oxuyanda görürsən ki, şairlərin, yazıçıların bəzilərində bu məsələ var.  Onların şeirlərində də hiss olunur. Araqla şeir arasında nəysə bir bağlılıq var. Araq içib, dəli olmaqdansa, meyxoş olub, şeir yazmaq yaxşıdır.

-Yəni yaxşı şeir və nəsr yazmaq üçün içmək şərtdirmi?

- Yox, mütləq deyil. Şeir doğulmalıdır. Hər hansı bir şəxs tanrının verdiklərini qələmə alırsa, o, yaxşı şair olacaq. Qafiyə qurmaqla və sözü arxa-arxaya qoşmaqla şeir yazmaq olmaz.

- Şairlərin şeir yazmaq situasiyaları müxtəlif olur. Kimi gəzə-gəzə yazır, kimi çaya, dağa çəmənliyə baxanda, kimi isə ağlayanda. Bəs siz necə yazırsınız?

- Mən şeirlə nəfəs alıram. Vücudum təpədən dırnağa poeziyadır. Mənim üçün zaman fərqi yoxdur. Gecə də, gündüz də yazıram. Bəzən yatdığım yerdə şeir məni yuxudan oyadır. O an gəlir, qalxıb onu ağ kağıza köçürürəm. Bəzən şeir mənə heç yaxın gəlmir. Bir də görürsən  5 ay heç nə yazmıram. Son iki ildir şeir yazmırdım. Amma son 3 aydır şeirlər gəlir yazıram.

Söhbətləşdi : Ayyət ƏHMƏD