Bəzənən binalar çox “kövrəkdir”

“Alkopandan üzlənən binalar yanğına davamlı deyil, tez alışır”
Paytaxtda yanğın hadisələrinin sayı artıb. Həm də yanğın daha çox fasadında yenidənqurma işləri aparılan, üzlənən binalarda baş verir.
Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonundakı beşmərtəbəli binanın alkopandan ibarət divar üzlüyü və dam örtüyündə yanğın baş verdi.
Fövqəladə Hallar Nazirliyinin məlumatında bu barədə bildirilirdi ki, yanğın təxminən 1400 kv. metr sahəni əhatə edib. Hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğının mənzillərə keçməsinə imkan verməyib. Yanğın qısa müddətdə söndürülüb. Amma yanğının qarşısı alınarkən 1 yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. Xilasetmə qüvvələri təhlükəsizlik məqsədilə bina sakinlərini təxliyə ediblər. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Onlara hadisə yerində ambulator qaydada tibbi yardım göstərilib.
Bu dəfə yanğın hadisəsi qismən ucuz atladılıb. Ancaq hər zaman belə olmur. Bəzən yanğın zamanı ağır xəsarətlər alanlar da olur, hətta ölüm hadisəsi də baş verir. Bu isə o deməkdir ki, binaların tikintisi, təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarına lazımınca riayət edilmir. Yanğınları intensivləşdirən bir səbəb də binaların fasadına vurulan alkopan materiallar hesab edilir. Ekspertlər bu qənaətdədir ki, həmin materiallar tezalışan xüsusiyyətə malik olduğundan yanğın baş verməsini şərtləndirir. Amma paytaxtda hara baxırsan, bu alkopan materialları görürsən. Əksər binaların fasad hissəsi məhz bu materiallarla üzlənir. Mətbuat prospektində beşmərtəbəli və doqquzmərtəbəli binaların fasadı məhz bu cür tezalışan materiallarla üzlənib. Və iş bu gün də davam edir. Binaların həyətinə toplanmış tikinti materiallarına azacıq diqqətlə baxmaq kifayətdir ki, üzlənmədə istifadə olunan materialın kimyəvi tərkibli və ucuz olduğu anlaşılsın. Həmin binalar hələ üzlənməmiş fəhlələr materialları "şkurka” ilə ağardırdılar. Görünürdü ki, bu materiallar uzun müddət hardasa anbarda saxlanılıb, rəngini dəyişib. Ona görə də fəhlələr onları təmizlədikdən sonra fasada yapışdırırdılar. Ancaq məlum olur ki, bu alkopan üzlüklər tezalışan materialdır və ondan binaların fasadında bu qədər geniş istifadə olunması təhlükəlidir.
Məsələyə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bildirdi ki, yaşayış binalarında yanğından mühafizə sistemi düzgün qurulmalıdır:
- Təhlükəsizlik qaydalarına riayət olunması tikinti işini aparan icraçıların öhdəsindədir. Onlar baş vermiş hər hadisəyə görə məsuliyyət daşıyırlar. Əlbəttə, binaların sakinləri də ehtiyatlı olmalı və elektrik cihazları, qaz sobaları ilə ehtiyatlı davranmalıdırlar. Bəzən yanğın hadisəsi sakinlərin səhlənkarlığı, məsuliyyətsizliyi üzündən baş verir. Və bəzən də, iş icraçılarının səhvi, quraşdırma işlərini düzgün aparmaması üzündən. Binalar üzlənərkən, təmir-bərpa işləri aparılarkən hansı materiallardan istifadə olunduğuna diqqət edilməlidir. Elə materiallar var ki, tezalışan xüsusiyyətə malikdirlər. Belə materiallarla hədsiz ehtiyatla davranılmalıdır, yaxınlıqda ocaq qalanmamalı, quraşdırma işləri aparılarkən elektrik naqillərinin düzgün çəkilməsinə diqqət edilməlidir. Xəzər rayonunda baş vermiş yanğın hadisəsi birinci deyil. Bakıda bir neçə dəfə oxşar hadisələr olub. Yadınızdadırsa, ötən ilin fevralında Üzeyir Hacıbəyov küçəsindəki 16 mərtəbəli yaşayış binasının fasadında yanğın baş vermişdi. O bina da yeni üzlənib. Bəlkə orda da alkopan və ya plastik materiallardan istifadə edilib, bilmirəm. Amma görünürdü ki, yanğın sürətlə yayılır. Ümumiyyətlə, son vaxtlar binalarda yanğın baş verəndə biz alovun qısa zamanda geniş ərazini əhatə etdiyini görürük. Bu da yəqin, binaların təmir və yenidənqurmasında istifadə olunan tikinti materiallarının tərkibindən, keyfiyyətindən asılıdır. Deyə bilmərəm, niyə bu materiallardan çox istifadə olunur. Bəlkə də, daha ucuzdur, ona görə. Amma gərək ilk növbədə keyfiyyətə və davamlılığa önəm verilsin.
Qeyd edək ki, tikinti mütəxəssisləri alkopan və plastik materialların qısaömürlü olduğu qənaətindədirlər. Deyilənə görə, hazırda bir çox binaların fasadını "bəzəyən” alkopan materialların ömrü çox qısadır. Xüsusən də Bakının sərt küləkli iqlim şəraiti nəzərə alınarsa, 5-6 ildən sonra bu materiallar ya qopub töküləcək, ya da qap-qapa qaralacaqlar. Onların bugünkü görkəmindən əsər-əlamət qalmayacaq. İndiliksə, şəhərə və onun əhalisinə ziyan vuran plastik və alkopan materiallar, nəfəs çatışmazlığına səbəb olan zəhər, həmçinin yanğınlar üçün real təhlükədir.
Məlahət Rzayeva