“Bəzi gətirilən əşyalar və yüklər gizlədilə bilər”

Ona görə aeroportda gömrük yoxlaması keçirilir



Bakı Heydər Əliyev adına Hava Limanında şəhərə gələn hər kəs bir neçə mərhələli yoxlama prosesindən keçirilir. Gömrükçülər yerli-xarici turist arasında fərq qoymadan ölkəyə girən hər kəsi tam yoxlayır.

Təyyarədən düşən, evinə gedən sərnişinin bu cür həssas yoxlanması onların əlavə vaxt itirməsinə və daha çox yorulmasına gətirib çıxarır. Bu da sərnişinlərin narazılığına səbəb olur. "Azərbaycan Hava Yolları” QSC isə belə yoxlamaların həyata keçirilmədiyini deyir.

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli "Şərq”ə açıqlamasında bildirib ki, Bakıya gələn şəxslərin Aviasiya Təlükəsizlik İdarəsi əməkdaşları tərəfindən yoxlanması faktı yalandır: "Bu məlumat həqiqəti əks etdirmir. Ölkəyə gələn insanlar pasport qeydiyyatı nəzarətindən keçdikdən sonra gömrük yoxlamasından keçirlər. Çünki bəzi gətirilən əşyalar və yüklər gizlədilə bilər. Bu yoxlama da bizim səlahiyyətimizə aid deyil. Gömrük Komitəsinin səlahiyyətindədir”.

Vüqar Şahinoğlu