Burada bəzi obyekt sahibləri vəsait toplayıb İŞİD-ə axıdırlar
"Dini radikal qruplar həm ekstremizmə, həm də terrorizmə meyillidirlər. Onlar fəaliyyətlərini müxtəlif formada yaratdıqları ticarət obyektləri və dükanlar vasitəsilə həyata keçirirlər. Azərbaycanda da belələri var”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı mətbuata müsahibəsində deyib.
Önəmli məsələlərə toxunan komitə sədri bildirib ki, Suriya və İraqda vuruşan İŞİD-çilərə maliyyə yardımı göndərən radikal dindarlar və onların sahib olduğu ticarət obyektləri haqda qurumda kifayət qədər məlumatlar var. Vətəndaşın mülkünün, əmlakının toxunulmaz olduğunu bəyan edən M.Qurbanlı bildirib ki, hər zahiri görkəmini dəyişib dükan açan adamı radikal saymaq olmaz: "Aidiyyəti qurumlar vasitəsilə biz əvvəlcə araşdırırıq ki, onlar bu dükanlardan əldə etdikləri qazancı öz ailələrinə, həyatlarına, yoxsa hansısa radikal qruplaşmanın yaranmasına, yaxud zərərli məqsədlərə sərf edirlər. Ola bilər, zahiri görkəmini dəyişən sahibkar kimlərinsə təsiri altına düşüb, amma tam radikal olmayıb. Məsələn, Xaçmazda belə biri vardı. Biz onunla söhbət etdik, tövsiyə verdik, axırda həmin adam özü səhvini anladı. İndi normal həyatını yaşayır”. Komitə sədri vurğulayıb ki, radikallar arasında elələri var ki, onlar əldə etdikləri vəsaitlə dini mərkəz yaradır və ora yeni üzvlər cəlb edirlər: "Sədərək”, "Binə” ticarət mərkəzlərində belə obyektləri var. Amma bu o demək deyil ki, bu hal kütləvidir və hamısı radikal məqsədə xidmət edir. İstənilən halda ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə bunu edəcəksə, qarşısı alınacaq və dərhal vəsaitin mənbəyi məhv ediləcək”.
M.Qurbanlının toxunduğu məsələyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, dini ekstremizm Azərbaycan kimi kiçik bir ölkənin altını üstünə çevirə bilər. Ancaq sevindirici haldır ki, indiyə kimi bunun qarşısı xüsusi xidmət orqanları tərəfindən məharətlə alınır: "Fəaliyyəti təhlükəli olan radikal dini qruplaşmaların üzərində ciddi nəzarət var. Hesab edirəm ki, ölkə üçün təhlükə mənbəyi hesab olunan dini qruplaşmaların iqtisadi mənbələri asanlıqla aşkar edilə bilər. Hansı sahibkarlar ki, konkret olaraq öz gəlirləri ilə İŞİD-ə və ya digər qruplaşmalara pul göndərirsə, onlar haqqında ciddi ölçü götürülməli və lazım olarsa, cinayət işi açılmalıdır. Çünki nəzərə almaq lazımdır ki, iqtisadi dayaq olmazsa, heç bir qruplaşma "inkişaf” edə, ətrafına adam toplaya bilməz. Onlar pulla irəli gedirlər”. İ.Altay Dini Komitənin və xüsusən də sədr Mübariz Qurbanlının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib: "Din elə bir məsələdir ki, bunu yalnız hüquq-mühafizə orqanları, konkret hansısa güc strukturları həll edə bilməz. Fikrimcə, inanc və əqidə söhbətlərində sərt addımlardan öncə müəyyən tövsiyələrin, nəsihətlərin böyük əhəmiyyəti var. Yəni pis yola düşən varsa, əvvəlcə onu başa salmaq lazımdır. Amma dini ekstremizmə yol açan, ictimai təhlükə yaradan radikal şəxslərin sahib olduqları ticarət obyektləri mütləq məhv edilməlidir. Çünki elə dini qruplaşmalar və elə inadkar şəxslər var ki, onları Dini Komitənin nəsihəti ilə yola gətirmək mümkün deyil. Ona görə də dini qurumlar, ictimai təşkilatlar və dövlət orqanları bu məsələdə birgə fəaliyyət göstərməli, eyni istiqamətdə əməkdaşlıq etməlidir”.
İsmayıl