“Bir də gəlməyəcək...”
Rəşad Məcidin şeirlər kitabı işıq üzü görüb
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin "Bir də gəlməyəcək...” adlı şeirlər kitabı işıq üzü görüb.
"Təhsil” nəşriyyatında nəşr olunan "Bir də gəlməyəcək” kitabının naşiri Bəhruz Axundov, redaktoru Yusifdir.
Akademik İsa Həbibbəylinin "Bütün yönləri ilə yaradıcı” məqaləsilə başlanan kitabda Rəşad Məcidin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Əsasən sevgi şeirlərinin yer aldığı kitabda müəllif maraqlı bir "janr”la oxucuların görüşünə gəlir. Rəşad Məcid şeirləri illər üzrə qruplaşdıraraq onları "hekayə”, "roman”, "dastan” olaraq oxuculara təqdim edilir. Təqdim olunan hekayənin də, romanın da, dastanın da janrın tələblərinə uyğun süjeti, kompozisiyası var. Hər üç əsərin qəhrəmanı şair özüdür. Hər üçündə qəhrəman yola çıxır... Sevgi yoluna. Bu yolda soyuq da var, isti də, işıq da var, qaranlıq da, xoşbəxtlik də var, bədbəxtlik də... Şair başına gələnləri səmimi, sadə, həm də son dərəcə poetik şəkildə oxucusuna nəql edir.
Kitabın ön söz yazarı İsa Həbibbəyli Rəşad Məcidin çoxcəhətli yaradıcılıq fəaliyyətinin dərin, əsaslı və geniş tədqiqatlar üçün zəngin material verdiyini qeyd edib: "Rəşad Məcidin "Roman” adlandırdığı poeziya serialı yaradıcılığında şeiriyyətlə epik əlamətlərin sintezinin inkişafı və ümumiləşmiş yekunudur. Onun liro-epik şeirləri "Roman”a keçid üçün körpü funksiyası daşıyır”.
Qeyd edək ki, kitabda şairin ilk gənclik illərində yazdığı digər mövzularda şeirləri də yer alıb. Şairin qələmə aldığı şeirlər "Tanrının bəxşişi” (dastan, 2011-2014), "Yenə də bahar qayıdır” (roman, 1996), "Martın biri” (hekayə, 1991), "Babalarım torpaq olub” (1979-1987), "Mən əlini buraxmazdım” (1981-1987) bölmələrində oxuculara təqdim olunur.
"Bir də gəlməyəcək” adlı şeirlər toplusunun "Yenə də bahar qayıdır” bölməsində yer alan "Tapdım şeiri, ilk növbədə, proloq funksiyasını daşıyır. "Tapdım” həm "Roman”ın cəlbedici başlanğıcını və ümumiləşmiş mahiyyətini, həm də sonluğunu bədii əsər mənasında, fəlsəfi mənada da çox dolğun şəkildə ifadə edir:
İlişib bir küncdə qalan fikrimin
Düşünüb-daşınıb sirrini tapdım.
Dəyişən halımın səbəbin gəzdim,
Yüz səbəb içindən birini tapdım.
"Roman” liro- epik poeması 56 adda şeir əsasında yaranıb. Rəşad Məcidin şeir yaradıcılığındakı "gözəgörünməz” süjetləri özündə daşıyan bəndlərin funksiyasını buradakı ayrı- ayrı şeirlər yerinə yetirir. "Uşaq, uşaq... balaca uşaq” şeiri "Roman”dakı obrazların ilkin təqdimatıdır. "Roman” qəhrəmanın "yoluna çiçəklər sərmək”, "saçına çələnglər hörmək” istədiyi Uşaq ilə onun arasında həm "yaş adlı uçurum qılıncı durur”, həm də yaşdan doğan dünya görüş fərqi də vardır:
Yoluna çiçəklər sərim,
Saçına çələnglər hörüm
- Sənə gülməli görünür
Özümü çarmıxa çəkim,
Lar elə gerçəkli ölüm
- yenə gülməli görünür.
Uşaq., uşaq... Balaca uşaq.
Rəşad Məcid şeirinin estetik idealı kimi ifadə edilən ağ atlı olan ölkənin bütövlüyünün və xalqın milli- mənəvi varlığının etibarlı keşikçisidir. Bu ağ atlı oğlan əslində yurdun, torpağın sahibidir. "Köç yolunda at üstündə” doğulan, qəlbində bahar çağlayan ağ atlı oğlanın idealı isə "işləri qayadan- haşdan” kesən xalqına xoş günlər bəxş etməkdir. Müəllif "ümidi işıqlı”, "yolları açıq” təsvir etdiyi ağ atlı oğlanında xalqın bütün gücünü cəmləşdirib:
- Köç yolunda, at üstündə
Qəfil körpələr doğulub,
Hamıdan sağla oldular,
İldırımla savaşdılar,
Küləklərlə vuruşdular,
Ağ atlı oğlan oldular!
Bütövlükdə Rəşad Məcidin şeir yaradıcılığı torpaq qoxulu, Vətən ətirli poeziyadır.
Kitabda yer alan "Bayrağım” şeiri müəllifin böyük idealarının zirvəsidir. Rəşad Məcidin ağ atlı oğlanı indi artıq müstəqillik yollarında inamla irəliyə gedən Azərbaycan dövlət bayrağının keşiyindədir:
Səni ən çətin
Günlərimdə qorudum.
Beynimə həkk edib,
Ürəyimə sarıdım.
Mahnımda,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzunu sevdim.
Üç rənginə öyrəndim,
Hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən, tufandan keçirdim.
Bir gün qaldırdım başımın üstünə
Saxladım,
Əymədim.
"Xilaskarım” adlı şeirini 2011-ci il oktyabrın 5-də Ankarada "Riksos” otelində, gecəyarısı, Yəsəvi Universitetinin bloknotuna yazdığını qeyd edən müəllif bu şeirin ünvanının, həqiqətən, siqaret olduğuna indinin özündə də əmin olmadığını vurğulayıb: "Amma siqaret bu və bundan sonrakı şeirlərin yazılmasında mənə sadiq yoldaş olduğuna görə "Xilaskarım”ın ünvanını dəyişmədim.
Sən - dərdin qənimi!
Sən qüssənin - cəlladı!
Sən - ağrıların keyidicisi!
Sən gerçək - yalan,
artan, çoxalan,
yüzə, minə vurulan
bəd xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!
Dünən on adama ağız açdım
Qapısında "içiləməz” yazılan odamda
Sənə bir tabaq tapılanacan!
İncimə, küsmə!
Bu şeirdi mənim sənə təşəkkürüm, sədaqətim!
Tütünüm!
Nikotinim!
Tüstüm!
Siqaretim!
Kitaba adını verdiyi "Bir də gəlməyəcək” adlı şeirində isə müəllif belə deyib:
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
Nə bu dünyaya
Şəymən