Bir şagirdin intiharı...
Media hadisəyə mütləq reaksiya verməlidir
"Amma reaksiya etikası da var. Xəbərlə bağlı detallaşdırmada sözlər ehtiyatla seçilməlidir. Düşünməlisən, bu hadisə mənim başıma, mənim övladımın başına gəlsəydi, onun barəsində bu sözlərin yazılmasına razı olardımmı?"
Şagirdin intiharı medianın davranışlarını da gündəmə gətirdi. İnformasiya saytlarında, portallarda yayılan xəbərlər, videolar, səs yazıları birmənalı qarşılanmadı və «bunlar yayılmalıdırmı» sualını ortaya qoydu.
Ekstremal şəraitdə, fövqəladə hallarda medianın davranışları bundan əvvəl də müzakirə predmeti olub. Bu dəfə isə vəziyyət fərqli idi. İntihar edən yeniyetmə bir qız – 8-ci sinif şagirdidir. Onun və ailəsi barədə mənfi fikir bildirənlər də vardı, hökm verərək məktəb direktorunu, müəllimləri, həkimləri suçlayanlar da. Belə vəziyyətdə media nə etməlidir? Hansı xəbəri, necə yaymalıdır?
Mətbuat Şurası müzakirə açdı
Qeyd edək ki, şagirdin faciəsi fonunda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirilib.
Konfransda millət vəkilləri, ziyalılar, KİV rəhbəri, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub: "Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz. Bəziləri isə hesab edir ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu barədə müzakirə aparacağıq".
Millət vəkili Fazil Mustafa vurğulayıb ki, bəziləri bu məlumatın yayılmasını düzgün hesab etmir: "Bu məsələdə mətbuatı qınamaq düzgün deyil. Çünki mətbuat bunu xəbər kimi yayıb, intiharı təbliğ kimi yox. Bu gün orta məktəblərdə də problemlər var. Bəzi məktəb direktorları yerində deyil. Bu gün çayxanalarda yeniyetmələrdən yer yoxdur. Hamısı qəlyan çəkir. Müəllim valideynin qorxusundan şagirdə irad tuta bilmir. Valideynlər müəllimlərə irad tutur. Biz bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu, olmaz. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlyanxana, kafe, köşk olmamalıdır. Məktəb bu məsələlərə nəzarət edə bilmir. Elinanın intiharında müəllimi qınamaq olmaz. Müəllim onu intihara sövq eləməyib. Məktəb və valideyn münasibətləri tənzimlənməlidir. Müəllimin statusunu qaldırmalıyıq. Valideyn müəllimin şagirdə nəyə görə irad tutduğunu anlamalıdır.
Təhsil Nazirliyində komissiya var, bu məsələlər tənzimlənməlidir. Bu məsələdə qanunvericiliyi qınamaq olmaz".
Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır:
"Biz məktəbi pisləməklə nə əldə edə bilərik. Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq. Məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır".
ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı isə baş vermiş xoşagəlməz olayı cəmiyyəti silkələyə bilmək baxımından istisna hadisə adlandırıb: "Millət vəkillərinin, tanınmış şəxslərin, sadə insanların bu hadisə ilə bağlı davranışları yüksək qiymətləndiriləsi haldır. Xüsusilə gənclərin intiharının kütləviləşməsinə ictimai rezonansın olması yaxşı şeydir".
«Videoların yayılmasına hər kəs məsuliyyət daşıyır»
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bildirib ki, Azərbaycanda 1 milyondan artıq şagird var:
"Şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır. O video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir. Şagirdlərin psixologiyasına təsir edəcək görüntülərin yayılmasını düzgün saymıram. Media öz məsuliyyətini dərk etməli və insan psixologiyasına təsir edəcək materiallara nəzarət etməlidir".
Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: "Hadisənin səbəbləri, bu prosesdə mühit araşdırılmalıdır. Məktəb mühiti, ailə mühiti, kollektiv mühiti var. Bu məsələlər ciddi araşdırılmalıdır".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər şeyi məktəbin və ya valideynin üzərinə atmağın doğru olmadığını deyib:
"Valideyn-məktəb-şagird üçlüyünü yaratmaq lazımdır. Cəmiyyətin maariflənməsində elektron KİV və sosial şəbəkələr diqqətli olmalıdır".
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, bu cür hadisələrin baş verməməsi üçün valideyn-məktəb münasibətləri düzgün qurulmalıdır:
"Hər birimiz valideynik, övladlarımız bizim canımızdır. Bu gün bu məsələlərin baş verməsinin səbəblərindən biri də ailələrin məktəblə düzgün ünsiyyətdə olmamasından irəli gəlir. Məktəb direktoru ilə valideyn eyni məsuliyyət daşıyır. Valideynlər istəyirlərsə ki, övladları düzgün tərbiyə olunsun, heç olmasa, həftədə bir dəfə məktəbə getsinlər. Məktəb və ailə sıx birləşməlidir. Uşaq deyəndə ki, müəllim mənə bu sözü dedi, valideyn müəllimin üstünə getməməlidir, məsələnin mahiyyətini öyrənmək lazımdır. Əgər istəmiriksə, bu cür hallar baş versin, daim biz direktorla, sinif rəhbərləri ilə ünsiyyətdə olmalıyıq. Ailə, məktəb və şagird üçbucağı düzgün qurulmalıdır. Eyni zamanda, övladlarımızın məktəbdən kənarda nə işlə məşğul olduğundan, sosial şəbəkələrdə kimlərlə dostlaşdığından xəbərdar olmalıyıq. Uşaq, valideyn və müəllim dost olmalıdır".
Zeynal Məmmədli: «Media mütləq reaksiya verməlidir, amma…»
Jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədli «Şərq»ə açıqlamasında üzərində düşünülməli kompleks məsələlər olduğunu dedi:
- Bu qızcığazın faciəsinə qədər media, tək faciə baş vermiş məktəbdən söhbət getmir, ümumiyyətlə, təhsillə bağlı, müəllim-şagird münasibətlərindən, təhsilin durumundan, qaçqın-köçkün məktəblərindən, internat məktəblərinin durumu ilə bağlı nə qədər araşdırma aparıb? Məktəb psixoloqları, onların nə qədər əmək haqqı alması, ümumiyyətlə, məktəblərdə psixoloqlar varmı, yoxmu, fəaliyyət göstərirlərmi, bu sahədə vəziyyət necədir, bunlara diqqət ayrılıbmı? Məktəb psixoloqları şagirdlərlə işləyirmi, aralarında qarşılıqlı anlaşma varmı, məktəb-valideyn münasibətləri necədir, məktəblər nə dərəcədə avtonomdur, yoxsa büs-bütün məmurlaşıbmı? Bunlar hamısı kompleks məsələlərdir. Və sizi inandırıram ki, əgər bu məsələlər zamanında araşdırılsaydı, problemlər üzə çıxacaqdı və bəlkə bu faciə də heç baş verməyəcəkdi. Ciddi media bu məsələləri diqqətdə saxlamalıdır. Bəli, media hadisəyə mütləq reaksiya verməlidir. Amma reaksiya etikası da var. Xəbərlə bağlı detallaşdırmada sözlər ehtiyatla seçilməlidir. Düşünməlisən, bu hadisə mənim başıma, mənim övladımın başına gəlsəydi, onun barəsində bu sözlərin yazılmasına razı olardımmı? Bu övlad mənim olsaydı, nə edərdim? Səbəb göstərirlər ki, guya reytinq qazanmaq üçün, xəbərlər tirajlanır və sairə. Mənim üçün bir məsələ həqiqətən də qaranlıqdır; bir halda ki, bizdə sərbəst reklam, media bazarı yoxdur, reytinq ardınca niyə qaçılır? Bu reytinq nə qazandırır mediaya. Hazırda xəbər portalları, informasiya saytları xəbərin ilk yayıcısı olmaq uğrunda çarpışır. Niyə, nədən ötəri? «Qışqıran» xəbər yayım, özümə yaxşı iş tapım?!», buna görə?..
«Direktorluq əlavə imtiyaz deyil, məsuliyyətdir»
Z.Məmmədli qeyd etdi ki, şagirdin intihara sürüklənməsi prosesi əslində, hamının gözü önündə baş verib:
- Bu uşaq əvvəlcə təhsil aldığı məktəbdən çıxıb bu məktəbə gəlib. Ona necə baxılıb sinifdə. Sinif yoldaşları ilə münasibətləri necə olub? Ümumiyyətlə, bir məktəbdən başqa məktəbə keçənlər necə qarşılanır? Fərqli düşüncəli uşaqlara liberal münasibət varmı? Halbuki məktəbin vəzifəsi fərdlər yetişdirməkdir, kollektiv təfəkkürlü insanlar yox. Təhsil fərqli cizgilərə, fərqli düşüncə tərzinə malik insan formalaşdırmalıdır. Azərbaycan cəmiyyətində fərqli baxışlar qəbul olunurmu cəmiyyət tərəfindən? Fərqliliyə loyal münasibət varmı? Suallara cavab axtaranda belə bir mənzərə çıxır ki, bu, əvvəlcədən bilinən qətlin tarixçəsidir.
Mütləq insan ölməlidir ki, diqqət cəlb etsin. Və bu faciə cəmiyyəti necə təsirləndirir? Mən bir neçə dəfə məktəb direktorlarının danışığını izləmişəm. Cümlə quruluşuna baxırsan, kobud, qaba, özündən müştəbeh bir tərz. Elə bil ali savadlı müəllim deyil, kolxozçuları zorla tarlaya göndərən kolxoz sədridir. Bu insanlar hələ də anlamır ki, məktəb direktorluğu əlavə imtiyaz deyil, əlavə məsuliyyətdir. Bizim cəmiyyətin çatışmayan cəhətlərindən biri də, heç kəsin öz səhvini etiraf etməməsidir. Məktəbdə faciə baş verib, günahkar hər yerdə axtarılır, təkcə məktəbdən başqa. Məktəb direktoru səhvə yol veribsə, bu, eyni zamanda Təhsil Nazirliyinin yanlışıdır. Amma Təhsil Nazirliyi bunu etiraf etmir. Nazirlik də kənarda günahkar axtarır. Məncə, məmurların məktəb direktoru təyinatına son qoyulmalıdır.
Qonşu Gürcüstanda 2009-cu ildən bələdiyyələr dövlətin ilkin strukturu kimi fəaliyyət göstərir. Türkiyədə bələdiyyə seçkilərinin necə vacib, həyati əhəmiyyətli proses olduğunu hamımız izləyirik. Avropada, Türkiyədə valideyn övladına məktəb seçəndə ərazi üzrə bələdiyyənin durumunu nəzərə alır. Bizdə isə bələdiyyələr ehtiyat hissə kimidir. Bütün bunlar kompleks məsələlərdir. Bələdiyyə məktəbi, özəl məktəblər, dövlət təhsil müəssisələri. Və təhsil ocaqlarının durumu, müəllim-şagird münasibətləri. Məktəb direktorundan bir az idealistlik tələb olunur. Məktəb direktorlarının özlərini hakim kimi deyil, pedaqoq, şagirdin dostu kimi aparmaları, vacib məsələlərdir.
Məlahət Rzayeva