Giya Paçxataşvili Zəlimxan Məmmədlinin yolunu açdı
"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və müavini Giya Paçxataşvili ən yaxın zamanlarda Gürcüstana səfər edəcəklər. Bu barədə "Facebook” səhifəsindəki statusunda təşkilat sədrinin özü bildirib. Onun sözlərinə görə, bu işdə G.Paçxataşvilinin rolu böyük olub: "Giya tər-təmiz gürcü olduğuna görə, ruhu da diridi.
Başqalarını da özü qədər sevə bilir, dost yolunda, haqq yolunda fədakarlıq edir. İki gün əvvəl zəng edərək ən yaxın zamanda mənimlə bir yerdə qadağan olunduğum Gürcüstana - Borçalı elinə yollanacağımızı bildirdi. Həm də ilk ziyarət edəcəyimiz məkan ata-anamın, baba-nənəmin, əzizlərimizin uyuduğu Kosalı kənd qəbiristanlığı olacağını söylədi. Sağ ol, mənim sevgili gürcü qardaşım. Etnik, dini fərqlilikləri keçmək ruhun diriliyinin, mənəvi kamilliyin, dərketmənin ucalığının göstəricisidir”. Z.Məmmədlinin statusuna şərh yazan birinci müavini Salman Murğuzlu da G.Paçxataşviliyə təşəkkür edib: "Doğrudan da əsil insan, dəyərli dostdur. Ona görə ki, o, özünə dəyər verməyi bacarır. Özünə dəyər verməyi bacardığı üçün də ətrafını, yanındakıları sevir. Əsil gürcü belə olmalı, bu cür düşünməlidir. Təşəkkürlər Zəlimxan bəy, uğurlar sizə”.
Prosesin detallarını açıqlayan G.Paçxataşvili "Şərq”ə bildirib ki, buna nail olmaq məqsədilə bir sıra Gürcüstan rəsmiləri ilə görüşlər keçirib: "Ötən ilin dekabrında həmin ölkənin prezidenti Georgi Marqvelaşvili ilə 10 dəqiqəlik danışığımız baş tutdu. Ona "Elat” törəninə dair jurnal, video kaset və Borçalı ziyalılarının məktubunu təqdim etdim. Bundan sonra bəzi qaranlıq məsələlər aydınlığını tapdı. Prezident məsələni nəzarətə götürəndən sonra, proseslərdə dirçəlmə müşhidə olundu. Bundan başqa, Gürcüstanın daxili, xarici işlər, milli təhlükəsizlik nazirləri və ordakı Azərbaycan səfiri ilə görüşmüşəm. Hamısına da cəmiyyətin şəffaf fəaliyyəti haqda məlumatlar vermişəm”.
Yasaqlanmanın səbəbinə diqqət çəkən həmsöhbətimiz qeyd edib ki, bəzi sapı özümüzdən olan baltalar rəsmi Tiflisə yanlış məlumatlar ötürüblər: "Həm də əsas bəhanə o idi ki, cəmiyyətin Gürcüstanda filialı olmasın. Mən də onlara çatdırdım ki, onlara dəfələrlə müraciətlər edilib, lakin reaksiya verilməyib deyə, siyasi anlaşılmazlıq yaranıb. Axırıncı dəfə dünən əlaqə saxladım. Daxili və xarici işlər nazirləri imana gəliblər. Bircə MTN qalıb. 8 Mart bayramından sonra o da yoluna qoyulacaq. MTN ilə də razılaşdırılmalıdır. Məsələ həll olunmaq ərəfəsindədir”.
G.Paçxataşvilinin qənaətincə, məlum qadağada erməni qüvvələrinin də rolu az olmayıb: "Gürcüləşmiş erməni məmurlar var. Onlar müəyyən əngəllər törədirlər”.
Qadağanın "Elat” törəninə görə tətbiq olunması iddiasına gəlincə, həmsöhbətimiz bəyan edib ki, belə iddialar olub. Amma hər səfərimdən bayramın disklərini və Zəlimxan bəyin çıxışlarının fonoqramasını apardım. Onlar da baxdılar. Əmin oldular ki, çatdırılan məlumatlar həqiqətə söykənmir. Özləri də etiraf etdilər ki, bu, siyasi anlaşılmazlıqdır”.
Müsahibimiz onu da əlavə edib ki, martın 10-12-si arası Zəlimxan bəylə birgə Gürcüstana səfərə yollanacaqlar: "Səfər çərçivəsində bu ölkənin mədəniyyət naziri ilə bütün anlaşılmazlıqları dövlət səviyyəsində həll edəcəyik. Şübhəsiz ki, bu mənim Azərbaycanda yaşayan bir gürcü kimi borcumdur”.
Ayyət Əhməd