Ziyafət Əsgərov: “Kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər”
"Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər təkcə Rusiya ilə belə deyil. Biz ikitərəfli münasibətlərə həmişə üstünlük vermişik”.
Bu sözləri dünən jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan-Rusiya münasibətlərindən danışarkən deyib. Sualları cavablandıran vitse-spiker bildirib ki, Azərbaycanın Avropa İttifaqı, Avropa Parlamenti ilə də yaxşı münasibətləri var: "Biz fərq qoymuruq ki, kimləsə daha üstün münasibətlər quraq, kimləsə yox. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində formalaşdırırıq”.
- Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəbləri nədir sizcə?
- Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. Ona görə də Gömrük İttifaqında təmsil olunmuruq.
- Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı haqqında fikirlər var...
- Biz Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla ticarət etmək, alverə yol vermək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Biz kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər.
- Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə münasibətiniz necədir?
- Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O, xahiş etmişdi və Bakıya gəldi. Özü nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O, Azərbaycana gəldi, öz gözü ilə hər şeyi gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi.
- Prezidentlərin Paris görüşündən gözləntilər varmı?
- Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşündən xüsusi irəliləyiş olmasa da, bunların əhəmiyyəti var. ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdırlar. Amma Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarından Ermənistan silahlı bölmələrinin çıxarılması şərti müstəvisində gedir.
- ABŞ və beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan QHT rəhbərlərini azadlığa buraxması tələbinə münasibətiniz necədir? Bildirilir ki, əks təqdirdə Azərbaycan dünyada təklənə bilər...
- Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğrudanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?! Məgər onların özündə problem yoxdur?! Amerikada irqçilik zəminində çox böyük problemlər mövcuddur. Düşünürəm ki, Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır. Ümumiyyətlə, Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb. Beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür. Maraqlıdır ki, bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir. Amma bu, mümkün deyil. Azərbaycan öz siyasətini müstəqil şəkildə həyata keçirir.
- Prezidentin avqust ayında cəbhədə baş verən gərginliklə bağlı sərəncamı çərçivəsində hansı işlər görülür?
- Bununla bağlı Milli Məclis müdafiə naziri ilə danışıqlar aparır. Əgər sərəncamla əlaqədar hansısa qanunvericilik aktlarının qəbul olunmasına, yaxud hansısa dəyişikliyin aparılmasına ehtiyac olacaqsa, biz bu məsələni parlamentdə müzakirəyə çıxaracağıq. Bu, informasiya təhlükəsizliyi baxımından çox ciddi sərəncamdır. Yəqin ki, bu cür qanun layihələrinə ehtiyac olacaq.
- Evin tək oğlunun hərbi xidmət etməsi və ya arxa cəbhədə qulluğa cəlb edilməsi ilə bağlı təkliflər oldu. Həmçinin magistrlərə möhlət verilməsi məsələsi də təkliflər sırasındadır...
- Bu məsələlər, zərurət yaranarsa, yenidən müzakirəyə çıxarılacaq. Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilib-verilməyəcəyinə gəlincə, bu məsələ gündəmdə deyil.
Anar Bayramoğlu