Mirmahmud Mirəlioğlu: “Dairələr üzrə namizədlər müəyyənləşir”
Siyasi partiyaların bəziləri qarşıdan gələn parlament seçkilərinə təkbaşına qatılmaq istəsələr də, Klassik Xalq Cəbhəsi seçki marafonunda blok şəklində iştirak etməyi qərarlaşdırıb. Seçkiyə hazırlıqla bağlı "Şərq”in suallarını cavablandıran KXCP sədri Mirmahmud Mirəlioğlu partiyanın prosesə ciddi hazırlaşdığını deyib. Sədr vurğulayıb ki, KXCP parlament seçkilərinə "Azadlıq-2015” adlı blokla qatılacaq.
- Bəy, parlament seçkilərinə hazırlıq hansı səviyyədədir?
- Parlament seçkilərinə hazırlıqla bağlı 8 partiya ilə bir arada "Azadlıq-2015” seçki blokunu yaratmışıq və bu istiqamətdə hazırlıq işlərini davam etdiririk. Artıq seçki qərargahı da formalaşıb. Rayon şöbələrində bu istiqamətdə işlər gedir. Dairələr üzrə namizədlər müəyyənləşir. Xatırladım ki, bu il həm də qurultayımızı keçirəcəyik. Qurultaya hazırlıq işləri üzrə fəaliyyətimiz davam edir. Rayon təşkilatlarında konfranslar keçirilir, nümayəndələr seçilir və s. Yəni hazırlıq işləri paralel olaraq aparılır. Rayon şöbələrində, ümumiyyətlə, bütün bölgələr üzrə müşavirələrimiz olur. İki gün bundan qabaq Şirvan şəhərində zona müşavirəmiz oldu. Bu həftənin sonunda isə başqa bir bölgədə müşavirə keçirəcəyik. Müşavirələrdə bilavasitə həm parlament seçkiləri ilə bağlı tövsiyələrimizi, təkliflərimizi verir, təlimatlarımızı çatdırırıq, həm də namizədləri müəyyənləşdiririk. Yəni Mərkəzi Seçki Komissiyası tərəfindən konkret olaraq seçki prosesinə start verilən təqdirdə KXCP-nin hazırlıq vəziyyəti normal olacaq.
- Siyasi blokları mənasız hesab edən və seçkilərə müstəqil şəkildə qatılmaq istəyən partiya rəhbərlərinin seçimini necə dəyərləndirirsiniz?
- Hər siyasi partiya özü üçün məqsədəuyğun olanı seçir və hesab edir ki, onlar üçün ən doğru yol odur. Seçkiyə blok və ya təkbaşına qatılmaq qərarı vermək hər bir siyasi qurumun haqqıdır. Kim necə istəyirsə, o cür də iştirak etsin. Fikrimcə, bu iki yanaşma bir-birinə hər hansı problem və ya ziddiyyət yaratmır.
- Bəzi partiya rəhbərləri hesab edirlər ki, indidən seçkiyə hazırlaşmaq tezdir. Onlara görə, hələlik gündəmdə daha önəmli məsələlər var. Bu barədə sizin düşüncəniz necədir?
- İstənilən mövqeyə hörmətlə yanaşılmalıdır. Görünür, onlar bizdən fərqli düşünürlər. Amma şəxsən mən hesab edirəm ki, seçki bitən gündən etibarən növbəti seçkiyə hazırlaşmaq lazımdır. Dünya siyasətində də əsas aparıcı taktika budur. İndi kimsə hesab edirsə ki, hələ tezdir, bu onların hazırlıq vəziyyəti və yanaşması ilə bağlıdır. İstənilən halda bunu normal qəbul etməliyik. Hər kəs bizim kimi düşünməli, bizim etdiklərimizi etməlidir fəlsəfəsi doğru deyil.
- Qurultay məsələsinə toxunduz. KXCP növbəti sədr seçimini nə vaxt edəcək?
- Parlament seçkilərinə qədər qurultayı keçirmək istəyirik. İnşallah, istəyimizə nail olacağıq. Amma bunu indidən demək düzgün deyil. Gərək rayon təşkilatlarının 50 faizindən çoxunda konfrans keçirək ki, qurultayın vaxtını təyin edək.
- Sədrliyə namizədliyinizi verəcəksinizmi?
- Sədrlikdən getmək niyyətim yoxdur. Namizədliyimi verib sədrlik uğrunda mübarizə aparacam. Bu, mənim KXCP sədrliyi uğrunda son mübarizəm olacaq. Növbəti qurultaylarda namizədliyimi irəli sürmək niyyətim yoxdur. Yəqin ki, növbəti qurultayda partiyamızın potensiallı gəncləri öz namizədliklərini irəli sürəcəklər.
- Gələn ay növbəti iqtidar-müxalifət görüşü olacaq. Bu istiqamətdə müzakirələr aparılırmı? Hökumətlə dialoqda konkret hansı məsələlər qaldırılacaq?
- Hökumət nümayəndələri ilə danışıqlarda, görüşlərdə əsasən seçki məsələsini, seçki məcəlləsinin təkmilləşdirilməsini, komissiyaların formalaşmasını və s. müzakirə edəcəyik. Ola bilsin, növbəti görüşün biri və ya bir neçəsi sırf bu məsələlərə həsr olunsun. Nəzərdə tutulan təkliflər sırasında parlament seçkiləri ilə bağlı proporsional seçki sisteminin bərpa olunması məsələsi də var. İlkin olaraq gördüyümüz və görəcəyimiz işlər çoxdur. Əlbəttə, bunlar çox vaxt aparan məsələlərdir. Amma KXCP olaraq prosesdə əvvəldən axıra qədər iştirak etmək niyyətindəyik.
- Dialoqu tənqid edən və görüşə qatılmaq istəməyən radikal müxalifətin mövqeyini necə dəyərləndirirsiz?
- Düzdü, onlar bizi tənqid edirlər. Amma biz tənqid edənlərin də, təqdir edənlərin də haqlarını müdafiə etməyə hazırıq. Çalışacağıq ki, tənqid edənlərin də iqtidar-müxalifət görüşündə iştirakına nail olaq. Hətta artıq bəzilərinin dialoqda iştirakına nail olmuşuq.
İsmayıl