
“Biz uşağı robota çevirmişik”
“Müəllim evə o qədər tapşırıq verir ki, şagird onları həll edib qurtarmağa vaxt tapa bilmir”

"Məktəbdən gəldin, xörək ye, çay iç, yarım saat uzan, dur dərslərini elə, arada çay iç, bir az gəz, sonra yenə dərs elə, yıxıl yat”
Rusiyalı deputatlar şagirdlərin ev tapşırıqlarının azaldılması təklifi ilə Dumaya müraciət edib. Millət vəkilləri bu fikirdədir ki, ev tapşırıqları uşaqları çox yorur, onların istirahət üçün asudə vaxtları az qalır, bu isə uşaqların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən də Təhsil və Elm Nazirliyi qanunvericiliyə dəyişiklik etməlidir.
Ev tapşırıqları ilə bağlı bizdə də eyni vəziyyətdir. Uşaq məktəbdən gəlib xörəyini yedimi, dəftər-kitabını qarşısına töküb tapşırıqları həll etməyə başlayır. Və beləcə axşam saatlarına qədər dərsləri ilə məşğul olur. Bizim şagirdlərin günlük rejimini məktəb və ev tapşırıqları təşkil edir. Hətta valideynlər uşaqları televiziyaya baxmağa da qoymurlar. Halbuki, uşaq cizgi filmi də izləməlidir, uşaq filmlərinə və azyaşlılar üçün nəzərdə tutulmuş digər proqramları da izləməlidir. Amma nə yazıq ki, bizim balaların asudə vaxtı hədsiz məhduddur.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov "Şərq”ə açıqlamasında bildirdi ki, bu, uzun müddətdir gündəmdə olan və həlli vacib problemdir:
- Ev tapşırıqları ilə bağlı konkret göstəriş, təlimat yoxdu. Bu məsələ metodik tövsiyə şəklində həll edilir. Amma dünyanın bir sıra ölkələrində ev tapşırığı ümumiyyətlə, yoxdur. Məsələn, mən Yaponiya, İsveç, Finlandiyada olmuşam və bu ölkələrin təhsil sistemi ilə tanışam. Yaponiyada şagirdə ev tapşırığı verilmir. Şagird məktəbdə tədrisi başa çatdırıb evə gəlir. Bundan sonra şagird tamamilə azaddır, asudədir, hara istəsə gedir, nə istəyir eləyir. Doğru olan da budur. Tədris materialı məktəbdə öyrədilməlidir və məktəbdə - sinifdə şagirdə aşılanmalıdır. Şagird öyrəndiyi dərsi evdə ancaq təkrarlaya bilər. İstəsə, buna ehtiyac varsa. Ancaq bizdə necədir? Müəllim evə o qədər tapşırıq verir ki, şagird onları həll edib qurtarmağa vaxt tapa bilmir. Bu, fiziki və zehni baxımdan da çox çətindir. Uşaqlar çox yüklənir. Həm fiziki cəhətdən, həm də zehni baxımdan. Ona görə də uşaqlarımız ildən-ilə cılızlaşır. Gedin hansısa bir orta məktəbin qarşısına, baxın dərsdən çıxan uşaqlara. 10-11-ci sinif şagirdləri elə bil 5-6-cı sinif şagirdidir. Uşaqları o qədər istismar edirik ki, normal böyümə prosesi də getmir. Uşağın istirahət etməyə vaxtı qalmalıdır ki, beyni dincəlsin. Ev tapşırıqlarını qurtarıb yatır, səhər tezdən durub yenə məktəbə gedir, yeni dərs, yenə tədris. Bəs bu uşaq nə zaman istirahət etsin? Tətillər, bayram günləri, günlük istirahəti əvəz edə bilməz. Hər günün dərs oxumaq saatı olduğu kimi, istirahət saatı da olmalıdır. Biz elə bil uşağı robota çevirmişik: məktəbdən gəldin, xörək ye, çay iç, yarım saat uzan, dur dərslərini elə, arada çay iç, bir az gəz, sonra yenə dərs elə, yıxıl yat. Belə olmaz. Uşaq robot deyil. Elə dərs var onu həll etməyə heç 1 saat da çatmır. Bu saat elə çətin fənlər keçilir ki, uşaqlar onu qavramaqda acizdirlər. Evə verilən tapşırıqları valideynlər də anlamır, uşaqlara heç bir kömək edə bilmirlər. Ali təhsilli şəxslər məktəb proqramını anlaya bilmir, o ki qaldı, orta məktəbi bitirmiş valideyn ola. Sanki məktəb öz funksiyasını valideynlərlə bölüşdürüb. Bir az mən öyrədəcəm, bir az da sən. Uşaq tədris proqramını evdə mənimsəyəcəksə, daha məktəbə getmək nəyə lazımdı?! Məktəbin əsas vəzifəsi bilik, bacarıq və vərdişlər aşılamaqdır. Bu, təhsil əsasnaməsində də əksini tapıb. Ancaq hazırda məktəb bu 3 əsas vəzifədən yalnız birinə - bilik öyrətməyə diqqət yönəldib, o da alayarımçıq. Bacarıq və vərdiş aşılamaq vəzifəsi isə unudulub. Bu dəqiqə fakültativ məşğələlərə, dərnəklərə gedən uşaqlar demək olar ki, yoxdur. Uşaq Mərkəzləri yaradılıb, ancaq əksəriyyətində "ölü canlar”dır. Adı var, özü yox. Ona görə də hazırkı gənc nəsil peşə qabiliyyətinə malik deyil. Qızlar nə biçmə-tikmə bilir, nə toxumaq. Oğlanlar iki elektrik naqilini biri-birinə birləşdirə bilmir. Hamı köklənib ixtisaslar üzrə fənn hazırlığına. Bizim təhsilimizin evini yıxan elə bu ixtisas üzrə hazırlaşmalardır. Uşaqlara mümkün qədər çox sərbəstlik verilməlidir. Dünya ölkələrinin təcrübəsi var, öyrənsinlər, müsbət olanları tətbiq etsinlər. Bayaq Yaponiyadan danışdım. Yaponiyada məktəblərin divarları lövhə rolunu oynayır. Divarlar elə materialdandır ki, şagirdlər sinifdən çıxıb divarda riyazi məsələlər həll edirlər. Kim istəyir yazır, pozur, həll edir. Axşam divarlar silinir, səhər bir də təkrar şagirdlərin ixtiyarına verilir. Görün, şagird üçün hansı şərait yaradılıb. Bizim məktəblərdə isə praktik vərdişlərə yiyələnmək sıfır dərəcəsindədir. İsveçdə, Finlandiyada da ev tapşırığı anlayışı yoxdu. Şagird məktəbdən çıxdımı, sərbəstdir. Hansı kitabı istəyir oxuyur, hansı filmi istəsə izləyir və s. Şagird dərsdən sonra günün qalan saatlarını istədiyi kimi keçirir. Bizdə isə əsl dərs məktəbdən evə gələndən sonra başlayır. Mən İsveçdə də olmuşam. Orda uşaq bağçalarında tərbiyəçilərin 95 faizi kişilərdir. İsveçlilər belə hesab edir ki, uşaqların tərbiyəsi ilə kiçik yaşlardan kişilər məşğul olmalıdır. Qadın tərbiyəçi təyin olunanda buna etiraz edirlər. Bunun özünün bir sıra dərin mətləbləri var. Yəni, biz dünyada mövcud olan nümunəvi təcrübələrə baxmalıyıq və ən yaxşıları əxz etməliyik. Düşünürəm ki, əgər ev tapşırıqları məsələsi Rusiyada qaldırılıbsa, yəqin bizdə də bu məsələ qaldırılacaq.
Məlahət Rzayeva