Ermənistan bu təşkilatın Qarabağla bağlı qətnamələrinə məhəl qoymur
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) bu günlərdə keçirilmiş 69-cu Baş Assambleyasında sərt çıxışı ilə fərqlənib. Nüfuzlu beynəlxalq təşkilatların fəaliyyətini kəskin tənqid edən qardaş ölkə rəhbəri İŞİD yükü, ölkələrinə qaçqın axını və bir sıra önəmli məsələlərə toxunub. Dünyada baş verən silahlı qarşıdurmalarda ikili standartlardan çıxış etdiyinə görə Qərbi şiddətlə qınayıb.
Ərdoğan tribunada Azərbaycanı da unutmayıb. Dağlıq Qarabağın işğalından söz açan lider Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Beynəlxalq birliklərdən Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb edib. Türkiyə liderinin çıxışı zamanı bəzi qərbli diplomatlar zalı tərk edib. Buna səbəb isə Ərdoğanın anti-BMT ritorikasında çıxışı göstərilir.
Ərdoğanın çıxışına münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında bunu, cəsarətli və haqlı nitq adlandırıb. Onun sözlərinə görə, Ərdoğanın beynəlxalq birliyə qarşı mövqeyi yüksək qiymətləndirilməlidir: "Türkiyə liderinin bu istiqamətdəki addımlarını həmişə müsbət dəyərləndirirəm. Onun haqlı iradlarının hamısı hədəfə dəyir. Ərdoğanı bu cür çıxışa məcbur edən Avropa Birliyinin (AB) rəsmi Ankaraya qarşı ədalətsiz iradları və ikili standartlarıdır. Prezident dünyada baş verən silahlı toqquşamlara görə ABŞ və Avropa ölkələrini qınayır. Yəni deyir ki, aləmi qarışdırıb, qarşısını almırsınız”.
Deputatın qənaətincə, BMT Amerika və bir çox Avropa ölkəsinin əlində mandatını itirmiş muzdlu quruma çevrilib: "Həmin ölkələrin ağzına baxan təşkilatdır. Məsələn, İŞİD terror qruplaşmasına görə, Avropa Birliyi dövlətləri və rəsmi Vaşinqton Suriyanı bombalayırlar. Həmin quldur dəstəsinə qarşı koalisiyanı biz də dəstəkləyirik. Terror qruplaşmasına qarşı mübarizə qaçılmazdır. Amma BMT-nin qərarını gözləmədən hərəkətə keçmək düzgün deyil. Ərdoğan bunları çatdırır”.
E.Məmmədov onu da əlavə edib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə məhəl qoymur. Adıçəkilən qurum isə buna susur: "Baxın, cinayətkar, Xocalı soyqırımında birbaşa iştirak etmiş Serj Sarkisyan BMT tribunasından Azərbaycanı ittiham edir. Bildirir ki, münaqişənin sülh yolu ilə həll olunmasını istəməyən məhz Azərbaycandır. Əslində BMT soruşmalıdır ki, niyə 4 qətnamənin tələblərinə 20 ildən çoxdur əməl olunmur? Niyə demir ki, sən hansı haqla Azərbaycanı ittiham edirsən? Azərbaycanın 20 faiz torpağını sən işğal etmisən. Sən Azərbaycanın 1 milyondan artıq insanını qaçqın və köçkün salmısan. Beynəlxalq birliklər düşmən ölkədən bunların hesabını sormalıdır. Əfsuslar olsun ki, şahidi olmuruq”.
Parlament üzvü hesab edir ki, BMT ədalətli təşkilatdırsa, Ərdoğanın çıxışlarını müzakirə edib, nəticə çıxarmalıdır: "Separatçı rejimə qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Ukrayna hadisələrinə görə, Moskvaya bütün istiqamətlərdə sanksiyalar tətbiq olundu. Ermənistana niyə edilmir? Azərbaycan da Ukrayna kimi ərazi bütövlüyü pozulmuş ölkədir. Bizim də torpaqlar işğaldadır. Niyə hansısa beynəlxalq qurum bu məsələnin həllinə çalışmır? Nədən Ermənistanın Azərbaycan torpaqlarından çıxarılmasında maraqlı deyillər? Niyə rəsmi İrəvandan Azərbaycan torpaqlarından çıxmasını tələb etmirlər? Ərdoğan bunları deyir”.
Türkiyə liderinin çıxışı zamanı qərbli diplomatların zalı tərk etməsinə gəlincə, müsahibimiz deyib ki, onlar üzlərinə deyilən haqlı ittihamları həzm edə bilməyiblər: "Bunu da nümayişkaranə şəkildə göstəriblər. Ərdoğanın dediklərini qəbul etmədiklərini bildirirlər. Onların istəyindən asılı olmayaraq Türkiyə prezidenti lazımi məsələlərə toxundu. Və ifadələrində çox haqlıdır”.
Ayyət Əhməd