BNA etiraf edir ki, vətəndaşlar narazılıqlarında haqlıdırlar
Hələ ətraf kənd və qəsəbələrdə sərnişindaşımanın keyfiyyətini qaldırmağa nail ola bilməmişik
İctimai nəqliyyatın fəaliyyəti vətəndaşları hələ də qane etmir. Səbəblər isə kifayət qədərdir. Başlıcası, kobud, danışığını bilməyən, özünü evindəki kimi hiss edərək öz zövqünə uyğun mahnıları maksimum yüksək səslə oxudan, sərnişinə-vətəndaşa, ən əsası isə özünə hörmət etməyi bacarmayan, sükan arxasında siqaret çəkən, telefonla danışan sürücülərdir. Hətta onların içərisində sükan arxasında "WhatsApp”da yazışanları da qeyd etmək olar.
Nəzərə alsaq ki, günün müəyyən bir hissəsi - ən azı 2, 3, hətta 4 saatı ictimai nəqliyyatda keçir və o da olduqca narahatdır, bu narazılıq yerdən-göyə qədər haqlıdır. Artıq illərdir ki, bu problemlər mövcuddur və hələ də öz həllini tam şəkildə tapa bilməyib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Şərq”ə danışarkən bildirib ki, sürücülərlə bağlı problemlər onları da narahat edir. Çünki peşəkarlıq səviyyəsi çox aşağı olan, hətta sürücülük vəsiqəsi olmayanlar belə var. Bu cür problemləri həll etmək üçünsə zaman lazımdır: "Marşrut sistemində mövcud problemlərin üç əsas səbəbi var:
"1) kart sisteminin olmaması, nəğd ödəniş; 2) Sürücülərin peşəkarlıq səviyyəsi ilə bağlı olan problemlər; 3) daşıyıcıların işinə məsuliyyətsiz yanaşması. Problemlərin düzəlməsi qısa vaxt ərzində mümkün olmur. Üç ildi bu qurum - BNA yaranıb. Və bu cür problemlərin həlli ilə məşğuldur. İctimai nəqliyyat canlı orqanizmdir. Biz onu əməliyyat edirik, təzədən düzəldirik. Bunun üçün də müəyyən zamana ehtiyac var”.
Marşrut xətlərinin tez-tez dəyişməsi yolun uzanmasına səbəb olur. Bəzi marşrutlarda isə intervallar 15-30 dəqiqə təşkil edir. Bu da işə gecikən, evə tələsən insanlar üçün narahatlıq yaradır və narazılığa səbəb olur. Bundan əlavə, təmizlik məsələləri də qaneedici deyil.
Avtobuslara yazılır ki, hər gün dezinfeksiya olunur. Amma baxırsan, qalaq-qalaq tozun-torpağın içindədir. Bakı kimi küləkli bir şəhərdə təmizlik məsələləri daha çox diqqətdə saxlanılmalıdır. Qəsəbə marşrutlarında vəziyyət daha acınacaqlıdır. Sadalanan problemlərlə yanaşı, bəzi yerlərdə qəsəbədaxili marşrutlar saat 9-dan sonra işləmir. Bu da insanların həyat şəraitini çətinləşdirir.
Qışda isə bu cür yerlərdə ümumiyyətlə saat 8-dən sonra marşrut tapmaq müşkül məsələdir. Belə ərazilərdə yeni marşrut xətti yaradılmalı və avtobusların sayı çoxaldılmalıdır.
Mais Ağayev qeyd edib ki, avtobusların texniki baxımdan yararsız olması məlumdur. Hələ iş görülür. Prezidentin sərəncamı ilə avtobusların yenilənməsi üçün vəsait ayrılıb. Artıq alınıb, qarşıdakı aylarda gətiriləcək:
"Sadəcə, bu elə bir ağır prosesdir ki, bir ilə, iki ilə nəsə etmək mümkün deyil. Amma etiraf edək ki, bu sahədə müəyyən işlər görülüb. Düzdü, yetərsizdi. Bu gün vətəndaşlar narazılıqlarında haqlıdırlar. Biz hələ ətraf kənd və qəsəbələrdə sərnişindaşımanın keyfiyyətini qaldırmağa nail ola bilməmişik. Amma bu istiqamətdə ciddi işlər gedir.
Vətəndaşlara layiqli sərnişindaşıma xidmətlərinin göstərilməsi bizim üçün vacib məsələdir. Bu həmçinin cənab prezidentin bizim qarşımızda qoyduğu bir tapşırıqdır. Avtobuslar yenilənərək, görülən işlər çərçivəsində ətraf kənd və qəsəbələrdə də sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsinə nəhayət ki, nail olacağıq. Paytaxt ətrafı kənd və qəsəbələrdən Bakıya gələn yeganə nəqliyyat vasitəsi avtobuslardır. Bunun özü də böyük bir problemdir. Bu istiqamətdə də alternativ işlər görülür, dəmir yollarının bərpası və s. kimi...”.
Nəqliyyatda ödənişlərin yüksək olması da insanların narazılığına səbəb olan məsələlərdəndir. Vətəndaşlar bildirirlər ki, bir dayanacaqlıq yola da, beş dayanacaqlıq yola da eyni ödənişi etmək düzgün deyil. Ödənişlər məsafələr üzrə müəyyənləşdirilməlidir. Həmçinin bütün marşrut xətlərində, bütün avtobuslarda kart sisteminə keçid arzuolunandır. Vətəndaşları bu prosesin nə zaman bitəcəyi maraqlandırır.
"Kart sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı iş aparılır. Kart sistemi olan avtobuslardan şikayətlər yoxdur, şikayətlər əsasən plan üzrə hərəkət edən, nəğd ödəniş sistemi olan avtobuslardandır. Yaxın üç il ərzində nəqliyyatdakı bir çox problemlər öz həllini tapacaq. Bəzi problemlər isə tamamilə həll olunacaq” - deyə Mais Ağayev qeyd edib.
Avtobuslarda müdriyyətə müraciət etmək məqsədilə asılmış elan və nömrələrin etibarlı olmadığını qeyd edən sektor müdiri bildirib ki, BNA üçün vətəndaşların müraciəti hər zaman önəmli olub: "Müdriyyət işini düzgün və vaxtında qursaydı, bu cür problemlər az olardı. Kimi kimə şikayət edirik?
Ona görə də, buyurub agentliyə müraciət etsinlər ki, mövcud problemlər barədə tədbir görə bilək. İctimai nəqliyyatda hər hansı bir problem yaranarsa, ya sosial şəbəkədən, ya BNA-nın rəsmi internet səhifəsində vətəndaş müraciəti bölməsindən, ya da 141 çağrı mərkəzinə zəng edərək bizə müraciət edə bilərlər”.
Sevda Ulutau