Borçalıdan gələn var: “Sərhəddəki məmurlar Heydər Əliyevin sözlərini unutmasınlar”

Əlibala Əsgərov: “Orda vəziyyətimiz günü-gündən ağırlaşır, Azərbaycandan kömək istəyirik”
"Qoca qadının sərhəddən keçirmək istədiyi iki hindquşunun birini onun əlindən almaqla dövlət varlanmaz"


Bakıda səfərdə olan "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov Gürcüstandakı soydaşlarımızın problemləri ilə bağlı "Şərq”in suallarını cavablandırıb. Səfərin məqsədləri haqqında ətraflı məlumat verən qurum sədri bildirib ki, bu gün Gürcüstan və Azərbaycan arasında sıx əlaqələrin olmasına baxmayaraq, qonşu ölkədə yaşayan azərbaycanlıların hüquqları əhəmiyyətli dərəcədə pozulur.

Təşkilat sədri soydaşlarımızın haqq səsini doğma ölkəmizdə aidiyyəti qurumların diqqətinə çatdırmaq üçün Bakıya səfər etdiyini vurğulayıb. Ə.Əsgərov bu istiqamətdə bir sıra məsul şəxslərlə görüşlər keçirdiklərini də qeyd edib.

- Gürcüstanda yaşayan soydaşlarımızın əsas problemləri hansılardır?

- Gürcüstanda əksər dövlətlərə xas olan işsizlik, təhsil və s. ümumi sosial problemlər var. Ancaq elə problemlər var ki, onlar sadəcə azərbaycanlılara aiddir. Məsələn, soydaşlarımızın rəsmi dövlət dili olan gürcü dilini yaxşı mənimsəməməsi paralel olaraq kadr siyasətində də müəyyən boşluqların meydana gəlməsinə səbəb olur. Bu həmçinin, ümumtəhsil ocaqlarında, orta məktəblərdə də qlobal problemlər yaradır. Məsələ burasındadır ki, yaranan problemlər təkcə Gürcüstanın müvafiq orqanları tərəfindən həll oluna bilmir. Mütləq Azərbaycan dövlətinin bu məsələyə müdaxiləsi və köməyi lazımdır. Çünki Azərbaycan və Gürcüstan arasında təhsil sistemində ayrı-ayrı tədris proqramları mövcud olduğuna görə, ciddi çətinliklərlə üzləşirik. Gürcüstanın təhsil qanununa əsasən ümumtəhsil dili gürcü dilidir. Amma orada bizim de-fakto 120-dən artıq məktəbimiz var. Təəssüflər olsun ki, Azərbaycandilli məktəbləri saxlamaq üçün kadr bazamız yoxdur. Artıq məktəblərimizdə gürcüləşmə gedir. Bir çox məktəblərdə müəllimlərin yarıdan çoxu gürcülərdir. Uşaqlarımız bilmirlər ki, öz doğma dillərində oxusunlar, yoxsa gürcü dilində.

- Mövcud problemlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət edirsinizmi?

- "Təhsil haqqında” qanun qüvvəyə minəndən sonra "Qeyrət” Xalq Hərəkatı olaraq nazirlik səviyyəsində bir neçə görüşlərimiz olub. Görüşlərdə öz etirazlarımızı dilə gətirmişik. Amma açıq deyim ki, məsələ indiyə qədər həllini tapmayıb. Əksinə, gündən-günə azərbaycandilli məktəblərin sayı azalmaqdadır.

- Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımızın tədrisi ilə maraqlanırmı?

- Hər il Azərbaycan Təhsil Nazirliyindən Gürcüstana xüsusi məktub gedir. Amma məktublara çox gec cavab verilir. Azərbaycana gələndə bunu dəqiqləşdirdim. Bakıda 40 min manatlıq kitabın bükülmüş hazır vəziyyətdə qaldığını gördüm. Gürcüstan tərəfi ehtiyacımız olduğu halda dərsliklərin sifarişini vermir. Əksinə, çalışır ki, tədris vəsaitləri müxtəlif bəhanələrlə Gürcüstana çatmasın. Çünki onlar dərslikləri özləri hazırlamaq istəyir.

- Gürcüstanda yaşayan azərbaycanlılar ən çox gömrük məntəqələrindən şikayət edirlər. Soydaşlarımızın Azərbaycanın sərhəd məntəqələrində üzləşdikləri problemlər nələrdir?

- Bizim bölgə aqrar zonadır. Amma kənd təsərrüfatı mallarını emal edən heç bir zavodumuz, fabrikimiz yoxdur. Hətta yetişdirdiyimiz meyvələrin saxlanması üçün soyuducular da tapmırıq. İnsanların əkib-becərdiyi məhsulların demək olar ki, hamısı yerindəcə çürüyür, məhv olub gedir.
Niyə? Ona görə ki, Rusiya bazarı üzümüzə bağlıdır. Rusiyaya getmək qəti mümkün deyil. Təbii olaraq Ermənistana da gedə bilmirik. Azərbaycana isə Gürcüstandan gətirilən kənd təsərrüfatı məhsullarını buraxmırlar. Buraxanda da elə yüksək rüsum tələb edirlər ki, bizim onu verməyə gücümüz çatmır. Əlbəttə, bu rüsumlar qeyri-qanunidir, yəni rüşvətdir. Məsələn, hazırda gömrükdə kartofun bir tonuna 250 dollardan yuxarı qiymət qoyurlar. Hansı ki, aldığımız rəsmi məlumata görə, bir ton kartof üçün dövlət rüsumu 30 manatdır. Görün, özümüzünkülər bizi necə aldadır? Mən 30 manatın əvəzinə 250 dollar pul verməliyəm ki, Azərbaycana kartof gətirim. Bunun üçün də bizə heç bir rəsmi sənəd vermirlər. İnanın, Azərbaycana məhsul gətirənlər on günlərlə, hətta aylarla "Qırmızı Körpü” adlanan gömrük məntəqəsində qalmalı olurlar. Bunlar azmış kimi son günlər yeni bir problem də ortaya çıxıb. Azərbaycanın "avro-5” deyilən standartlara keçməsi səbəbi ilə istehsal tarixi 2006-cı ildən aşağı olan avtomaşınlar ölkəyə buraxılmır. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunmalıdır, bizlərə yox. Əgər mən şəxsi maşınımla Qazaxa yas yerinə gəlirəmsə, 6000-7000 dollar depozit qoymalı, sonra gəlib yas yerinə dəyməliyəm. Qayıdanda da deməliyəm ki, hə, pulumu verin, mən getdim. Belə qanun heç harda yoxdur. Mən iki günlüyə gəlirəm, turist kimi gəlirəm. Niyə problem yaradırlar? Orada bizə deyirlər ki, 3 minə yaxın adam Gürcüstandan maşın gətirib, söküb hissə-hissə satıb və s. Yaxşı, elə olubsa, onda mən də sizdən soruşuram ki, həmin 3 min adam gömrüyü maşınla keçdikləri halda maşınsız necə geri qayıdıblar? Deməli, sizə rüşvət veriblər, siz də onları buraxmısız. Gömrükdə rüşvət alan işçiləri cəzalandırmaq lazımdır, bizi yox. Bir həftə bundan qabaq Şəkiyə getməli oldum. Qapımda maşınım ola-ola Şəkiyə çatana kimi 3-4 marşrut dəyişmək məcburiyyətində qaldım. Səbəb də o idi ki, maşınımın ili köhnədir.

- Zaman-zaman "Soydaşlar haqqında” qanun Azərbaycan Parlamentində müzakirə olunur. Bəzi millət vəkilləri hesab edirlər ki, əcnəbilərdən fərqli olaraq Gürcüstanda yaşayan azərbaycanlılara xüsusi imtiyazlar verilməlidir. Necə düşünürsüz, qanunla müəyyən olunmuş güzəştlərin verilməsi soydaşlarımızın problemlərini nisbətən aradan qaldıracaqmı?

- Gürcüstan dövləti Avropa Şurası ilə əməkdaşlıq protokolu imzaladıqdan sonra 8 gündə "Soydaşlar haqqında” qanun hazırladı və qəbul etdi. Dünyanın harasında yaşamağından asılı olmayaraq, əgər gürcüdürsə, Gürcüstana müddətsiz girə, burda yaşaya, ürəyi istədiyi vaxt da ölkədən çıxıb gedə bilər. Yəni onlar üçün heç bir qadağa yoxdur. Gürcüstan hökuməti öz xalqı üçün belə bir qanun qəbul edib. Azərbaycanlılar isə Gürcüstanda 90 gün qala bilərlər. 90 gündən sonra ölkəni tərk etməlidirlər. Biz də Azərbaycandan belə bir qanun istəyirik. Mən mozambikli deyiləm. Möhtərəm Prezidentimiz şəxsən özü deyib ki, "dünyanın harasında yaşamasından asılı olmayaraq, 50 milyon azərbaycanlının Vətəni Azərbaycandır”. Mənim də Vətənim Gürcüstan deyil, Azərbaycandır, ailəmin yarısı buradadır. İndi Bakıdayam, 10 günüm tamam olmamış buranı tərk etməliyəm. Çünki qalsam, gərək qeydiyyatdan keçəm. Əks halda qanunu pozduğuma, yəni öz Vətənimdə bir gün artıq qaldığıma görə, 300-400 manat cərimə ödəməliyəm.

- Yəqin ki, Bakıya səfərin əsas məqsədi də elə bu problemləri müvafiq orqanların diqqətinə çatdırmaqdır..

- Bəli, məqsədim Bakıda deputat qrupu ilə görüşmək idi. Çox təəssüf ki, o deputatların bəziləri xaricdə olduğu üçün görüş alınmadı. Qüdrət Həsənquliyevlə də görüş baş tutmadı. Hələki buradayam, ola bilər daha bir neçə görüşlərimiz olsun. Bilirsiz, biz imtiyaz, xüsusi güzəşt istəmirik. Sadəcə bir qanunun qəbul olunması bizim üçün kifayətdir.

- Azərbaycanın millət vəkilləri qaldırdığınız problemlərə həssas yanaşırlarmı?

- Azərbaycanda bir qrup millət vəkilləri var ki, məsələn, Fazil Mustafa, Qənirə Paşayevə və s. kimi deputatlar bizi yaxşı qəbul edirlər və dərdimizi dinləyirlər. Hiss edirik ki, səmimi olaraq köməklik etmək istəyirlər. Düzdür, son zamanlar Q.Paşayevanın Gürcüstana gəliş-gedişləri azalıb. Onun Gürcüstandakı yeri görünür. Əlbəttə, problemlərin ciddi olduğunu anlayırıq. Ancaq istərdik ki, Milli Məclisdə bəzi məsələlər Gürcüstan - Azərbaycan dövlətlərinin strateji əlaqələri, layihələri üzərindən yox, bizim orada yaşayan yarım milyonluq soydaşımızın durumu nəzərə alınaraq müzakirə edilsin. İstəyirik ki, Türkiyə Şimali Kiprə hansı gözlə baxırsa, Azərbaycan da Borçalıya elə baxsın. Biz yavru Vətənik, sərhəddən kənarda qalan bir toplumuq. Bu toplum hər mənada Azərbaycan dövlətinin diqqətində olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev Gürcüstandakı azərbaycanlılar haqqında deyirdi ki, "siz yerli xalqsınız, xarici diaspora deyilsiniz. Sizin arxanızda Azərbaycan dövləti durur”. Biz bunu hiss etmək istəyirik. Bugünkü "çinovniklər” ulu öndərin sözlərini xatırlasınlar və unutmasınlar. Axı bizlər də xalqın bir parçasıyıq. İndi neyləyək ki, sərhəddin o tayında qalmışıq.

- Məqsəd sadəcə deputatlarla görüşdür, yoxsa başqa şəxslərlə də bir araya gəlməyi planlaşdırırsız?

- Bakıya səfərimin əsas məqsədi Gürcüstanda baş verən siyasi hadisələri, "Borçalı” Cəmiyyətinin ətrafında gedən prosesləri müəyyən şəxslərin diqqətinə çatdırmaq, o cümlədən gömrük məntəqələrində yaşanan neqativ hadisələr ətrafında araşdırma aparmaqdır. Bu istiqamətlərdə bəzi şəxslərlə görüşlərimiz olub. İmkan olsa, bir neçə görüş planımız da var. Elə məsələlər oldu ki, onların həlli ilə bağlı bizə söz verdilər. Ümid edirik, yaxşı olacaq. Mən sizə bir şeyi deyim, Gürcüstandakı soydaşlarımızın içində cənab İlham Əliyevin siyasətini dəstəkləməyən bir adam belə yoxdur. Xahiş edirəm, bəzi gömrük işçiləri rüşvətxor davranışları ilə azərbaycanlıları hökumətdən narazı salmasınlar. Qoca qadının sərhəddən keçirmək istədiyi iki hindquşunun birini onun əlindən almaqla dövlət varlanmaz. Belə şeylər eləmək lazım deyil.

- Gürcüstan Parlamentində təmsil olunan azərbaycanlı deputatların fəaliyyəti sizi qane edirmi?

- Gürcüstan məclisində azərbaycanlı yox, Azərbaycan soyadlı deputatlar var. Yəni gürcü məclisinin azərbaycandilli üzvləri var. Bu günə qədər Gürcüstanda 16 azərbaycanlı millət vəkili olub. 16 deputat bir parlament məktəbi deməkdir. Amma mən indiyə qədər yüksək tribunadan onların səsini eşitməmişəm. Onları xalq seçməyib, onlar azərbaycanlıların namizədi deyil. Həmin deputatlar xalqa yox, seçildikləri partiyalara xidmət edirlər.

- Saakaşvili dönəmi ilə indiki hakimiyyəti müqayisə etsək, hansı dövrdə soydaşlarımızın daha yaxşı yaşadığını demək olar?

- Heç vaxt durumumuz yaxşı olmayıb. Təzə hökumət zamanı da müsbətə doğru heç nə dəyişməyib. Əksinə, hər şey mənfiyə doğru gedib. Saakaşvilinin də, İvanişvilinin də hakimiyyətə gələndə verdiyi vədlərin hamısı elə vəd olaraq da qaldı. Sadəcə olaraq Saakaşvili dövründə qanunlar bir qədər sərt idi. Heç kəs özbaşınalıq edə bilmirdi. Amma indi hər şey pozulub. Məmurlar vəzifələrindən sui-istifadə edirlər, ayrıseçkilik salırlar. Yeganə müsbət cəhət səhiyyə sistemində yaradılan kartlardır. Yəni xəstələnən insan onun adına açılan kartdakı 5-6 min pul məbləğində müalicə oluna bilər. Təbii ki, azərbaycanlılara xəstələnməyi və kartdan istifadə etməyi arzulamıram.

- "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasının səbəbləri nədir?

- Zəlimxan Məmmədlinin fəaliyyətinin ən yüksək nöqtəsi "Elat” bayramıdır. Bundan başqa, "Borçalı” Birliyinin Gürcüstan ərazisində kütləvi tədbirləri olmayıb. Z.Məmmədli orada bir "Elat” ocağı yaratdı. Müstəqillik qazanılandan bu günə qədər Azərbaycanın heç bir qurumu Dmanisi bölgəsinə gəlməyib. İndiyə qədər Gürcüstanda heç bir mədəni tədbirimiz olmayıb. Amma Zəlimxan 6 ildir bayram keçirir. Təbii ki, bu tədbir Gürcüstan hökumətinə xoş getmirdi. Ona görə də belə problem yarandı. Yenə deyirəm, Zəlimxanın tək günahı "Elat”dır. Əlbəttə, bu qadağa "Elat”a son qoymayacaq və "Elat” bayramı davam edəcək.

- Ümumiyyətlə, Gürcüstandakı azərbaycanlıların ictimai fəallığı sizi qane edirmi?

- Birmənalı olaraq xeyr, etmir. Hazırda Gürcüstanda azərbaycanlıların 53 təşkilatı var. Bəlkə ondan da çoxdur. 53 təşkilatın içindən sadəcə bir-ikisi xalqın içindən gəlib. Təvazökarlıqdan uzaq olsa da, onlardan biri "Qeyrət” Xalq Hərəkatıdır. 1988-ci ildən üzü bu yana biz xalqın arasındayıq. Elə bir iş tutmamışıq ki, bizi qınasınlar. Geridə qalan təşkilatların hamısı müxtəlif siyasi qurumların, ayrı-ayrı adamların şəxsi maraqlarına xidmət edir. Ötən gün Azərbaycandan bir qrup şəxs Gürcüstana gələrək girovlarımızın azad edilməsi ilə bağlı erməni səfirliyinin qarşısında aksiya keçirmək istədiklərini dedilər. İnanın, Azərbaycandan maddi yardım alan həmin ictimai təşkilatların heç biri azərbaycançılıq naminə addım atmadı və aksiyaya dəstək vermədi.

- Bəs soydaşlarımızın siyasi fəallığı necədir?

- Gürcüstan qanunlarına görə azərbaycanlıların ayrıca siyasi təşkilat yaratmaq hüququ yoxdur. Azərbaycanlılar daha çox iqtidar partiyasına meyillidirlər. Amma son iki seçkidə müxalifət partiyalarında da yetərincə azərbaycanlılar təmsil olunmağa başlayıb. Artıq siyasiləşməyə doğru bir etap gedir. Lakin ümumi anlamda siyasi təşkilatlanma zəifdir.

İsmayıl