Borçalıların Xocalını anmaq üçün ziyarət yeri yoxdur

Təklif olunur ki, Gürcüstanda da bir abidə qoyulsun




Gürcüstanın "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov öz "facebook” səhifəsində çox maraqlı təkliflə çıxış edib. Xocalı soyqırımının tanıtımına dair müəyyən işlərin görülməli olduğunu söyləyən təşkilat rəhbəri qeyd edib ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə də sözügedən genosidi əks etdirən abidə ucaldılmalıdır:
"Orada 500 min Azərbaycan türkü yaşayır. Buna rəğmən Xocalını anmaq üçün onların bir ziyarət yeri yoxdur”.
Təklifi müsbət dəyərləndirən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli "Şərq”ə bildirib ki, Gürcüstan cəmiyyəti məlum faciənin fundamental bir əsasa söykəndiyinə inanmalıdır. Bunun üçün Azərbaycan siyasi hakimiyyəti həmin ölkə ilə diplomatik danışıqlarda məsələni gündəmə gətirib, abidənin ucaldılmasına müvəffəq ola bilər. Zənnimcə, bu, insanların ziyarət yerinə çevrilən bir abidənin olması, Xocalını tanıtmaq baxımından mühüm bir hadisə olar”.

Bu il qondarma erməni soyqırımının 100-cü ildönümü olduğunu söyləyən müsahibimiz diqqətə çatdırıb ki, bədnamlar bu illər ərzində saxta oyunlarını dünyaya sırımaq istəyiblər: "Onlar qondarma erməni soyqırımını dünya dövlətlərinin parlament və konqreslərində qaldırmaqdan yorulmurlar. İddialarının gerçək olduğunu saxtakarlıqla sübut etməyə çalışırlar. Amma Xocalı əsrin ən dəhşətli gerçək soyqırımıdır. Dinc əhaliyə qarşı törədilən ən amansız qətliamdır. Bu yalnız Azərbaycana və azərbaycanlıya deyil, bütün türk dünyası və insanlığa qarşı törədilmiş terrordur. Xocalı soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə türk dünyası birləşməlidir. Belə olacağı halda erməninin və onların himayədərlarının iç üzünü açıq şəkildə ortaya qoya biləcəyik. Onları tanıdacağıq. Bu baxımdan Xocalı genosidi və 20 Yanvar hadisəsi barədə yeni baxışlar formalaşmalıdır. Qaboyun səsini eşitmək istəmirəm. Çünki məyus oluram. Artıq 20 yanvar və Xocalıda intiqam havaları çalınmalıdır. İnsanlar səfərbər olunmalıdırlar. Qana qan deyilməlidir”.

Ayyət Əhməd