“Qasid” satışını dayandırdı
Ölkənin aparıcı yayım firmalarından olan "Qasid” müflis olub. Qəzetlərin bu şəbəkə vasitəsi ilə pərakəndə satışı dayandırılıb. Artıq şirkət yayım üçün qəzet götürmür. Buna səbəb isə onun redaksiyalara satılan qəzet nüsxələrinə görə pul ödəyə bilməməsidir. Məlumdur ki, firmanın bir sıra qəzetlərə xeyli məbləğdə borcu var.
Ən böyük borcu isə "Azadlıq” qəzetinədir. "Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, "Qasid”in redaksiyaya borcu 70 min manatı keçib: "Borcu almaq üçün qəzetin kollektivi dəfələrlə "Qasid”in ofisi qarşısında aksiya keçirərək, firmanın deputat olan rəhbəri Mirkazım Kazımovdan pulunu tələb edib. Buna rəğmən heç bir müsbət nəticə əldə olunmayıb. Kollektiv etiraz aksiyalarını davam etdirmək niyyətindədir. Redaksiyamız çox ağır maliyyə böhranı içindədir. Qəzetimizin maddi vəziyyəti çox pisdir. "Qasid”in bizə olan borcu kollektivi və redaksiyanı xilas edə biləcək qədər böyük bir məbləğdir. Amma borcumuzu ala bilmirik”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sözügedən yayım firması ilə müqavilələrinin çoxdan başa çatdığını söyləyib: "5 il öncə aramızda problem yaşandı. Ona görə də müqaviləni dayandırıb, digər şirkətlərlə işləməyə üstünlük verdik. Hazırda bizə borcu yoxdur”.
Bununla yanaşı, E.Mirzəbəyli hesab edir ki, hansısa yayım firmasının bağlanması yaxşı hal deyil və bu, qəzetlərin işinə mənfi təsir göstərir: "Birdən-birə şirkət fəaliyyətini dayandıra bilməz. Auditin yoxlamasından sonra konkret qərar verilməlidir. Belə bir məsələ varsa, onun qəzetlərə olan borcları barəsində qanun çərçivəsində müəyyən araşdırma aparılmalıdır”.
Baş redaktorun qənaətincə, ölkəmizdə dövlətin dəstək verdiyi bir yayım şirkətinin meydana çıxması yaxşı olardı: "Yayım təkcə köşklər vasitəsilə həyata keçirilməli deyil. Bir çox ölkələrdə olduğu kimi ayrı-ayrı istirahət mərkəzlərində yayımla məşğul olan şirkətlər yaradılmalıdır”.
"Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də şirkətin onlara borclu olduğunu bildirib: "Borcun qaytarılması yəqin ki, problem olacaq. Amma mətbuat yayım firmasının vasitəsilə olan abunələrimiz davam edir”.
"525-ci qəzet”in yayım işi ilə məşğul olan İlqar Tağıyev də şəbəkənin onlara borcu olduğunu vurğulayıb: "Metroda satışın dayandırılması, "Qasid”in bağlanması və s. kimi hallar qəzetlərin yayımına mənfi təsir göstərir. Bununla belə etiraf edək ki, abunələr qalır”. Borcların qaytarılmasına gəlincə, İ.Tağıyev qeyd edib ki, bu haqda şirkətin rəhbərliyi ilə danışıblar: "Onu qaytarmaqdan imtina etmirlər. Sadəcə buna imkanları çatmır. Özləri də deyir ki, borcları bağlamaq istəyirlər. Amma bunu necə edəcəkləri bilinmir”.
Firma rəhbərliyi ilə əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də, səylərimiz uğursuz oldu. Zəngimizə və ya sorğumuza cavab verən tapılmadı.
Ayyət Əhməd