Bu adam "tarixə düşüdü" - Azərbaycanda heç kim bunu etməyib

"İnsanlar 3-4 aylıq körpəni abort etdirirsə, nə fərqi var, 40 günlük körpəni də sata bilir""Abort halları geniş yayıldıqca, insanlarda öz övladlarının qətli ilə bağlı qərar qəbul etmək formalaşır".
"Ölkədə xoşagəlməyən nə baş verirsə, hamısının səbəbi mənəvi sahədə olan çatışmazlıqlardır”.
Bunu "Sherg.az”a körpəsini 10 min manata satışa çıxaran ata haqqında danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
O vurğulayıb ki, maddi imkansızlıq övladın satılması üçün əsas deyil:
"Tarix boyu insanlar həmin şəxsdən belə kasıb olub. Amma heç kim övladını satmağı ağlına gətirməyib. Bu adam tutduğu əmələ görə "tarixə düşüdü". Övladına baxa bilməyən adam uzaq başı, onu bələyib, büküb məscidin, övladı olmayan insanların qapısına qoyurdular. Belə halın baş verməsi mənəvi sahədəki aşınmalarla bağlıdır.
Tez-tez abort məsələsi gündəmə gəlir. Çoxu nahaqdan hay-küy salır ki, ölkədə qızlar azalır, oğlanlar evlənməyə qız tapmayacaq. Bu, əslində gülünc yanaşmadır. Statistikada qorxulu məqam yoxdur. Çünki oğlanların uzağı 10 faiz qızlardan çox olması lazımdır.
Abort halları geniş yayıldıqca, insanlarda öz övladlarının qətli ilə bağlı qərar qəbul etmək formalaşır. İnsanlar 3-4 aylıq körpəni abort etdirirsə, nə fərqi var, 40 günlük körpəni də sata bilir. Üstəlik pul da qazanır. Mənəvi cəhətdən övlada qarşı etinasızlıq o səviyyəyə gəlirsə, nəticəsi belə olur. Bu hadisələr ayrı-ayrı epizodlardır.
Düşünürəm ki, mətbuat daha fərqli məqamlara diqqət etməli, ümumi yanaşmalıdır. Cəmiyyətdə mənəviyyatın üstünlüyünə çalışmaq lazımdır. Heç ağlımıza gəlməyən eybəcər hallarla tez-tez rastlaşa bilərik. Bütün bunlara gətirib çıxaran səbəbləri aradan qaldırmalıyıq”.
Qeyd edək ki, Azərbaycanda 40 günlük uşaq satışa çıxarılıb. Bu barədə qarabazar.az saytında məlumat yerləşdirilib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb.
Aysel Aslan