Bu hələ son deyil... Ukraynada tökülən qanları dayandırmaq mümkün olmayacaq





Rusiya ilə Ukrayna arasındakı gərginlik səngimək bilmir. Belə ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov qeyd edib ki, NATO Ukraynada yaranmış vəziyyətdən Rusiya sərhədlərinə yaxınlaşmaq üçün istifadə edir. Nazirlik rəsmisi qeyd edib ki, o, alyans tərəfindən Rusiya sərhədlərində nə qədər təlim keçirildiyini və Rusiya sərhədləri boyunca nə qədər hərbi uçuş həyata keçirildiyini yoxlatdırıb:

"Deyə bilərəm ki, NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir. Altı qərargahın yaradılması barədə (məsələn, Baltikyanı ölkələrdə) son qərar yalnız bir şeyi göstərir: əvvəlki bütün vədlər unudulub, NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir”. A.Antonovun sözlərinə görə, sözügedən təşkilat simurq kimi dirçəlməyə imkan tapıb: "Hər kəs Sovet İttifaqının dağılmasından (təəssüf ki) sonra düşünürdü və arzulayırdı ki, növbəti düşmən kim olacaq. Artıq gözəl bir imkan var - Rusiyanı düşmənə çevirmək”. Bu arada bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç də sensasion bəyanatla çıxış edib. O bildirib ki, ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdəki təlimləri Ukraynadakı münaqişənin nizamlanması üçün ağır nəticələrə gətirib çıxara bilər: "Bu çox böyük təxribatdır”.

Ukrayna böhranına dair son gəlişmələri şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə deyib ki, tərəflər arasındakı vəziyyət son dərəcə soyuqlaşıb. Ekspertin sözlərinə görə, Kreml separatçılara dəstəyini dayandırmır: "Ortada fakt var. Rusiya vətəndaşları sərhəddi keçib, separatçılara qoşulurlar. Onlara köməklik göstərirlər. Ukrayna ordusuna qarşı vuruşurlar. Moskvanın addımı Ukraynanın ərazisinə qarşı bir qəsddir. Amerika da bunu bağışlamır. Ona görə də durum ağırlaşır. Ola bilsin ki, Moskvada inam vardı ki, Minsk-2 sazişindən sonra ona qarşı sanksiyalar zəifləyəcək, dayandırılacaq. Lakin əksini müşahidə edirik. Kremlə təzyiqlər getdikcə, sərtləşir. Bu da müəyyən mənada Moskvada qıcıq doğurur. Zənnimcə, şimal qonşumuza qarşı təzyiqlər davam edəcək. Sanksiyaların dayanması üçün Ukrayanın ərazi bütövlüyü təmin olunmalıdır. Moskva isə ayrı şərtlər irəli sürür. Başqa bir ölkənin daxili işlərinə müdaxilə edir. Düşünürəm ki, yaxın müddətdə münasibətlərin normallaşması gözlənilmir”.

Bununla yanaşı, ekspert hesab edir ki, hadisələr III dünya müharibəsinə səbəb olmayacaq: "Buna rəğmən bir faktı da qeyd etmək lazımdır ki, artıq soyuq müharibə başlayıb. Sovetlər dövründə Amerika ilə Rusiya arasında soyuq müharibə yaşandı. Dünya ölkələri öz aralarında bölündülər. İndi də oxşar mərhələyə qədəm qoyulub. Bir tərəfdə Avropa Birliyi, Amerika və digər tərəfdə

Rusiya və ona rəğbəti olan dövlətlər. Bu mərhələ qonşu dövlətlərə müsbət heç nə vəd etmir”. E.Şahinoğlunun qənaətincə, Moskva indi başqa bir siyasətə əl atıb: "Avropa Birliyi daxilində parçalanma meyillərini artırmağa çalışır. Bəzi Avropa dövlətləri ilə yaxınlaşır. Rusiya prezidenti Macarıstana səfərlər edir. Yunanıstan liderini Moskvaya dəvət edir. Hətta ötən günlərdə İtaliyanın baş naziri Moskvaya səfərə gəlmişdi. Rusiyadan enerji asılılığı olan dövlətlərdir. Bu asılılıq onları Kremllə yaxınlaşmağa vadar edir. Amma yekun qərarlar Brüsseldə veriləcək. Bütün hallarda baş verənlərin ən böyük acısını Kiyev yaşayacaq”.

Ayyət Əhməd