Bu insanlara “məhkəmə” qurmaq ən böyük cinayətdir
Dilqəm Əsgərov “məni güllələyin” mesajı ilə işgəncələrə məruz qaldığına diqqət yönəltmək istəyib
Ötən günlərdə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü vətəndaşlarımız, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma apelyasiya məhkəməsinin ilk prosesi baş tutub.
Düşmən ölkə mətbuatının yaydığı məlumata görə, "məhkəmə”də çıxışı zamanı D.Əsgərov ona qarşı irəli sürülmüş ittihamları, xüsusən 17 yaşlı Smbat Çakanyanı qətlə yetirməklə bağlı epizodu rədd edib. Həmvətənlimiz qeyd edib ki, yalnız doğma kəndini ziyarət etmək məqsədilə Qarabağa gedib. O, həmçinin kənddə çoxlu qadın və uşaq gördüyünü, lakin onlara toxunmadığını da əlavə edib. Apardığı videoçəkilişlərə gəlincə, həmyerlimiz sözügedən videoları casusluq məqsədilə çəkmədiyini vurğulayıb. D.Əsgərov həmin görünütülərin internetə də yerləşdirildiyini bildirib. D.Əsgərov özü ilə yanaşı, Ş.Quliyevin də günahsız olduğunu və onlara qarşı irəli sürülən ittihamların haqsız olduğunu söyləyib. Sonda soydaşımız günahsız olduğu üçün məhkəmənin onu ömürlük həbs cəzasına məhkum etməməsini istəyib: "Ya məni azad edin, ya da güllələyin!. Amma ömürlük həbs cəzası verməyin”.
Yada salaq ki, 2014-cü ilin yayında girov götürülən Azərbaycan vətəndaşları D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub. Onlarla birgə Qarabağa getmiş 3-cü soydaşımız Həsən Həsənov isə ermənilər tərəfindən qətlə yetirilib.
Girovumuzun çağırışını dəyərləndirən tanınmış hüquqşünas Qurban Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, onlara qarşı qurulan "məhkəmə”nin heç bir hüquqi əsası yoxdur. Ekpsertin sözlərinə görə, cinayətkar ölkənin saxta məhkəməsi heç nəyi adekvat və ədalətli həll edə bilməz: "Problemi güc, silah və top-tüfəng yoluna qoyacaq. Ermənilər özləri üçün qondarma məhkəmə qururlar. Separatçı ölkənin məhkəmə sistemi bərbad gündədir. Onlarda bu sistem şəxsi maraqlara xidmət göstərir. Ata-babasının qəbrini ziyarət etmək məqsədilə öz doğma yurduna gedən insanlara məhkəmə qururlar. Bu, ən böyük cinayətdir”.
Q.Məmmədov diqqətə çatdırır ki, girovumuz məlum mesajla amansız işgəncələrə məruz qaldıqlarını çatdırmaq istəyir: "Erməni quldurlarının əlində əsir olan adam necə olacaq? Onunla hansı formada rəftar olunduğunu təsəvvür etmək çətin deyil. Hamilə qadının qarnını yarıb, körpə uşağı süngüyə keçirən, ağsaqqal və ağbirçəklərimizin belinə qaynar samovar bağlayıb, diri-diri yandıran ermənidən rəhm gözləmək olarmı? Əlbəttə yox. Əslində D.Əsgərov bəyan edir ki, ağır işgəncələr verirlər, gəlin, bizi xilas edin. Hesab edirəm ki, buna mütləq dövlət səviyyəsində reaksiya verilməlidir”.
Məsələ barədə beynəlxalq təşkilatlara müraciətin effektindən danışan müsahibimiz söyləyib ki, heç bir beynəlxalq institut bizim problemimizlə maraqlanmayacaq: "Beynəlxalq qurumlar xristian klublarından başqa bir şey deyil. Onlar müsəlman ölkəsi olan Azərbaycanı heç zaman müdafiə etməyəcək. Problemlərimizi özümüz həll etməliyik. Dünya təsisatları hər şeyi çox gözəl bilirlər. Onlara nəyisə izah etməyə ehtiyac yoxdur. Beynəlxalq konvensiyalara əsasən həmin məsələni tənzimləmək aparıcı dünya təşkilatlarının borcudur. Buna rəğmən ölkəmizin başına gətirilənlərə dair həqiqətləri tanımırlar. Onlardan kömək gözləməyə dəyməz. Bircə yolumuz var. O da silaha sarılıb, düşmənə gücümüzü göstərmək və o quldurları yerlərinə oturtmaqdır. İmitasiya xarakterli bəyanatlar səsləndirməklə işimizi bitmiş saymalı deyilik. Real addımlar atılmalıdır ki, konkret nəticələr əldə edək”.
"Modern”.az saytının baş redaktoru Elşad Eyvazlı isə problemin həllini torpaqlarımızın işğaldan azad olunmasında görür: "Düşmən ölkə bu məsələ ətrafında şou yaratmaqda maraqlıdır. Əminəm ki, 10-15 gündən sonra girovlarımız azad olunacaqlar. Çünki bütün dünya ermənilərin üzərinə düşüb. Dilqəm və Şahbaz əzizlərimizdir. Allah onların köməyi olsun. Qısa bir zamanda ölkəmizə qayıtmalarını arzulayıram. Onlar hər məsələni gözlərinin önünə alıb, getmişdilər. Onlar əsl kişilərdir. Lakin bu məsələ ilə bağlı cəmiyyətdə çox ciddi problemlərimiz var”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib ki, azərbaycanlı girovlar üzərində keçirilən qondarma məhkəmənin heç bir hüquqi əsası yoxdur. Çünki həmin şəxslər ərazilərimizdə girov götürülüblər: "ATƏT-in Minsk Qrupu ölkələri tərəfindən girovların azad edilməsi barədə çağırış edilib. Biz bunu dəstəkləyirik. Ermənistan isə həmin sahədə destruktiv siyasət həyata keçirir. Bu da danışıqlar prosesinə xələl gətirir”.
Ayyət Əhməd